2 yaşlı qız öldü, amma yenidən dirilə bilər - FOTO

18 Aprel 2015 11:12

Tailand sakini, 2 yaşlı Materin Naovaratpong bu ilin yanvarında ölüb. Onun ölüm səbəbi isə beyin xərçəngi idi.
 

Milli.Az MotherBoard-a istinadən bildirir ki, Materinin valideynləri onu dondurublar. Materinin ata və anası ümid edirlər ki, krionika elmi sayəsində 2 yaşlı qızcığazı illər, qərinlər sonra yenidən həyata qaytarmaq mümkün olacaq.
 

Ötən ilin aprelində Tailandın paytaxtı Banqkokdakı hospitallardan birində aparılan müayinə zamanı Materində aqressiv formalı beyin xərçəngi aşkarlanmışdı.Testlər 2 yaşlı qızcığazın sol beyin yarımkürəsində 11 sm-lik şişin, ependimoblastomanın olduğunu göstərmişdi.

Aylarla davam edən intensiv müalicə və terapiyadan, habelə 12 cərrahiyyə əməliyyatı, 20 kimya terapiyası kursu, 20 şüa terapiyası kursundan sonra aydın oldu ki, Materinin müalicəsi mümkün deyil.
 

Materin bu ilin yanvarın 8-də vəfat etdi: valideynləri onun süni tənəffüs aparatından ayrılması ilə bağlı çox çətin, məşəqqətli qərar vermişdilər. Qızcığaz beyninin sol tərəfinin 80 faizini itirmişdi və bunun nəticəsində onun bədəninin sol tərəfi bütünlüklə iflic olmuşdu.
 

Qızcığazın həyatı uğrunda sonadək mübarizə aparmaq istəyən valideynlər Materinin vücudunun dondurulması qərarına gəlmişdilər.

Onlar ABŞ-ın Arizona ştatında yerləşən "Alcor" şirkətinə üz tutdular. "Alcor" krionika sahəsində dünyanın ən böyük və məşhur şirkətlərindən biridir.

"Alcor"da balaca Materinin beyni və vücudu ayrılıqda dondurulub.
 

Naovaratpong ailəsi ümid edir ki, günlərin birində təbabət səviyyəsi həddən artıq yüksələcək və dondurulmuş Materini yenidən həyata qaytarmaq mümkün olacaq.

Materinin "Alcor"dakı dondurulma kapsullarından birində saxlanılması üçün qızın valideynləri ildə 770 dollar ödəyəcəklər.
 

Qızın beyninin dondurulması 80 min dollar, vücudunun dondurulması isə 320 min dollara başa gəlib.
 

"Alcor"un krionik kapsullarında məşhur beysbolçu Ted Uilyams və onun oğlu Con Uilyamsın da vücudları dondurulmuş vəziyyətdə, kriokonservasiya durumunda saxlanılır.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.