Roma Papası toqquşmaya çağırış edir

16 Aprel 2015 20:15

Elman Nəsirov: "Erməni milyarder Kerkoryanın Vatikan Bankı ilə 25 milyardlıq sərgüzəştləri fonunda I Fransiskin Türkiyə əleyhinə fikir bildirməsi çox inandırıcıdır"

Roma Papası I Fransiskin uydurma erməni soyqırımını XX əsrin ilk soyqırımı adlandırması Türkiyənin sərt etirazı ilə qarşılanıb. Türkiyənin Vatikandakı səfiri məsləhətləşmələr üçün geri çağrılıb, Vatikanın Ankaradakı səfiri isə Türkiyə Xarici İşlər Nazirliyinə dəvət olunub. Bununla yanaşı, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, baş nazir Əhməd Davudoğlu və digər rəsmilər Papanın bəyanatına sərt cavab veriblər. Lakin Vatikan rəhbəri sözlərini geri götürməyib. Bəyanat verdikdən bir gün sonra Papa qeyd edib ki, kilsənin yolu açıq və azad danışmaqdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Vatikanda təşkil edilən dini mərasimdə 1915-ci il hadisələrini "soyqırımı" kimi təqdim edən Papaya: "Din adamı deyil, siyasət adamıdır"- deyə cavab verib. R.T.Ərdoğan Papanın bu şərhinə görə kədərləndiyini ifadə edib: "Ankaraya gələndə mən fərqli bir siyasətçi görmüşdüm". Eyni zamanda, bildirib ki, tarixi hadisələrin reallıqdankənar məzmunundan istifadə edərək Türkiyə üzərində qara kampaniya təşkil edilməsinə icazə verilməyəcək. O, Türkiyənin əsla kədərli hadisələr üzərindən siyasi güc əldə etmədiyini vurğulayıb.

Roma Papasının bəyanatı, belə bir ifadəni səsləndirməsinin səbəbi, bunun dinlərarası münasibətlərə, xristian dünyasına, Türkiyə və Azərbaycanla Vatikanın əlaqələrinə, eləcə də regiondakı proseslərə təsiri barədə "Kaspi"nin suallarını YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov cavablandırır.

- Elman müəllim, Roma Papası I Fransiskin uydurma erməni soyqırımını XX əsrin ilk soyqırımı kimi təqdim etməsi, bununla da ermənipərəst mövqe nümayiş etdirməsi gözlənilən idimi?

- Romadakı Müqəddəs Pyotr kilsəsində aprelin 12-də təşkil olunan mərasimdə Papanın I Dünya müharibəsi dövründə baş verən hadisələrdən söhbət açması və bu zaman "erməni soyqırımı"nı XX əsrin ilk soyqırımı kimi təqdim etməsi bir çox suallar doğurur. Roma Papasının prinsip etibarilə belə bir addım atmasına heç bir səbəb yox idi. Çünki I Fransisk Türkiyə səfəri zamanı etdiyi çıxışlarında qondarma soyqırımı barədə obyektiv münasibət sərgiləmişdi. Onun bu vaxta qədər ortaya qoyduğu mövqeləri nəzərdən keçirdikdə görərik ki, "soyqırımı" barədə heç bir ifadəsi olmayıb. Heç bir çıxışının sətiraltı mənasında da qondarma soyqırımına işarə olmayıb. Azərbaycan Prezidentinin Vatikana səfərində, orada keçirilən görüşlərdə Papanın çıxışında da elə bir hadisə müşahidə olunmayıb ki, sonradan Papanın belə bir addım atacağı proqnozlaşdırılsın. Ən nəhayət, Roma Papası çıxışlarının birində qeyd etmişdi ki, Ermənistandan qondarma soyqırımının yüzilliyi ilə bağlı tədbirə dəvət alsa da, bu mərasimə qatılmayacaq. Sadalanan hər üç fakt Roma Papasının "erməni soyqırımı" barədə fikir bildirəcəyini inkar edirdi. Lakin gözləntilərin əksinə olaraq, o, ermənipərəst mövqe nümayiş etdirdi. Burada maraqlı məqamlardan biri də Roma Papasının "erməni soyqırımı"nı XX əsrin ilk soyqırımı kimi təqdim etməsidir. Bu bəyanatdakı "ilk" sözünün də çox böyük mənası var. Bununla Papa bütün dünyaya mesaj verir ki, guya bu "ilk hadisə" olmasaydı, buna zamanında tutarlı cavab verilsəydi, digər hadisələr, qətliamlar baş verməzdi. Papanın dediyindən belə məntiqi nəticə çıxır ki, guya, "ilk soyqırımı" olmasaydı, Holokost da baş verməyəcəkdi. Təbii olaraq, belə yanaşma çox böyük təəssüf doğurur. Türkiyə prezidenti Ərdoğan haqlı olaraq Roma Papasının bu fikirlərini cəfəngiyyat adlandırır. İndiki məqamda Roma Papasının bir yolu var, o da mövqeyini dəyişməkdir. Bunun üçün o, fikirlərinin təhrif olunduğunu, düzgün tərcümə edilmədiyini söyləyə bilər və məsələ bununla da həllini tapar.

- Roma Papasının kənar təsir və ya təzyiq altında belə bir mövqe nümayiş etdirməsi mümkündürmü?

- Mənşəcə italyan olan, Argentina kardinalı olaraq 2013-cü ilin mart ayının 13-dən 14-ə keçən müddətdə Roma Papası seçilən Fransiskin belə bir mövqeyi təsadüfi sayılmamalıdır. Fikrimcə, Roma Papası belə bir bəyanatla çıxış edərkən daha böyük dairələrin təsiri altında olub. Tarixdən bizə məlumdur ki, Roma papalarının belə bir funksiyası var. 1982-ci il iyun ayının 7-də Vatikanda ABŞ prezidenti, irland katolikinin oğlu Ronald Reyqan ilə polyak II İohann Pavelin görüşü keçirilib. Bir saata qədər davam edən danışıqlarda Polşada sosializm sisteminə son qoyulması, ümumiyyətlə, Sovet İttifaqının dağıdılması, Cənubi və Şərqi Avropa ölkələrində iğtişaşlar və sair məsələlər müzakirə edilib. Bu müzakirələrin gedişində Papanın roluna xüsusi önəm verilib. Çünki Papa 1 milyard 500 milyonluq katolik dünyasının rəhbəridir. Onun səlahiyyət və funksiyalarından, təsirindən yararlanaraq, kütləyə, ictimai fikrə təsir etmək daha asandır. O da məlumdur ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi vaxtilə Vatikan Bankından istifadə etməklə bəhs etdiyimiz proseslərə start verib. Polşada sosialist rejiminə qarşı "Solidarnost" təşkilatının maliyyələşdirilməsi, Şərqi və Mərkəzi Avropa ölkələrində inqilabi hərəkatlara dəstək, sosializm rejiminin devrilməsi və sair proseslər məhz Vatikan Bankı vasitəsilə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə reallaşdı. Bununla da II İohann Pavel öz funksiyasını yerinə yetirmiş oldu. Əsl adı Xuanxe Marian olan Roma Papası I Fransisk isə XVI Benedikt istefaya gedəndən sonra hakimiyyətə gəlib. Xatırladım ki, XVI Benedikt ətrafındakı komandanın əxlaqsızlığına, xüsusən də homoseksualizm məsələlərinə görə istefa vermək məcburiyyətində qalıb. Bununla bütün dünyaya agah oldu ki, Papanın ərafında qeyri-ənənəvi cinsi orientasiyanın daşıyıcıları cəmləşiblər. Hakimiyyətə gətirilən I Fransiskin isə sağ təmayüllü baxışların daşıyıcısı olduğu bəllidir. Hələ keçən əsrin 60-70-ci illərində onun Argentinadakı xunta ilə əməkdaşlıq etdiyi, 70-ci illərdə iki liberal katolikin oğurlanması məsələsində ittiham olunduğu məlumdur. Onu da nəzərdən qaçırmaq olmaz ki, Venesuela prezidenti Uqo Çavesin ölümü, bununla da onun hakimiyyətinin başa çatması ilə I Fransiskin Vatikana rəhbərlik etməsi eyni dövrə təsadüf edir. Uqo Çavesdən başqa, Latın Amerikasının bir çox prezidentlərinin xərçəng xəstəliyindən dünyasını dəyişmələri də müəmma doğurmaqdadır. Bu dövlət başçılarının hamısı sol təmayüllü olublar. Lakin Vatikana rəhbərlik edən I Fransisk sağ təmayüllüdür. Bu baxımdan Latın Amerikası ölkələrində hakimiyyətə kimin gətirilməsi məsələsində I Fransiskin çox böyük rolu ola bilər. I Fransiski Vatikanda hakimiyyətə gətirən tərəflər Latın Amerikası ölkələrində də istədikləri qüvvələrin iqtidara gəlməsində maraqlı olublar. Siyasi prosesləri bu cür ardıcıllıqla təhlil edəndə aydın olur ki, I Fransisk də özündən əvvəlkilər kimi hakimiyyətdə olduğu müddətdə xüsusi siyasi funksiyanı yerinə yetirir. İstisna deyil ki, Roma Papasının Türkiyə əleyhinə yönələn fikir səsləndirməsi, "erməni soyqırımı"nı XX əsrin "ilk soyqırımı" kimi dəyərləndirməsi də bir qədər əvvəl söylədiyim faktorlardan qaynaqlanır.

- Siz suala cavabınızda Vatikan Bankının fəaliyyətinə, Sovet İttifaqının dağıdılması üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə birgə fəaliyyətinə toxundunuz. Roma Papasının indi də Türkiyə əleyhinə fikirlər səsləndirməsində Vatikan Bankının rolu müşahidə edilirmi?

- Vatikan Bankının fəaliyyəti burada xüsusi vurğulanmalıdır. Bu günlərdə məlum olub ki, ABŞ-da yaşayan 97 yaşlı erməni milyarder Kerkoryan Vatikan Bankı ilə əlaqəli 25 milyard dollar vəsait xərcləyib. Vatikan Bankı dünyada unikallığına görə fərqlənir. Bu bankda vergi yoxlamalarının aparılması, hüquq-mühafizə orqanlarının banka müdaxilə etməsi qeyri-mümkündür. Bankın əməkdaşlarının, eyni zamanda, həmin bankda vəsait saxlayan insanların kimliyi çox gizli saxlanılır. Bu bankdakı əməliyyat prosesləri elektron şəkildə deyil, klassik üslubda, əl ilə yazılma formasında həyata keçirilir. Vatikan Bankı xüsusi mülkiyyətdə olan bankdır və bu bankın rəhbəri Roma Papasının özüdür. Vatikan özü 2 min əhalidən ibarət kiçik şəhər dövlət olsa da, dünyanın 179 dövləti ilə diplomatik münasibətləri var. Bu göstəricilərə görə yalnız fövqəldövlət olan ABŞ-dan geri qalır. Bu baxımdan erməni milyarder Kerkoryanın Vatikan Bankı ilə 25 milyardlıq sərgüzəştləri fonunda Roma Papasının Türkiyə əleyhinə fikir bildirməsi də çox inandırıcıdır. Baş verən proseslərdə böyük güclərin, ABŞ-ın özünün də rol alması mümkündür.

- Sizcə, Roma Papasının açıqlaması dinlər arasında, eləcə də xristian dünyasında nifaqçılığa səbəb ola bilərmi?

- Roma Papasının əsl funksiyası mədəniyyətlərarası, dinlərarası barışıqdan ibarət olmalıdır. O, sülhə, əmin-amanlığa, harmoniyaya, qardaşlığa, birgəyaşayışa dəvət edən mövqe nümayiş etdirməlidir. Qondarma soyqırımı kimi məsələlərdə də onun mövqeyi elə olmalıdır ki, bu, Türkiyə və Ermənistan arasında məlum ziddiyyətlərin aradan qalxmasına xidmət etsin. Papa birtərəfli mövqe bildirməkdən daha çox haqqın, ədalətin bərqərar olmasına çalışmalıdır. Lakin təəssüf ki, biz tamamilə bunun əksinə olan faktın şahidinə çevrilmişik. Roma Papasının bəyanatı dini nöqteyi-nəzərdən iki tendensiyanın yaranmasına gətirib çıxaracaq. Birincisi, bu, xristian aləminin öz daxilində parçalanmaya gətirib çıxarır. Katolik dünyasının təmsilçisi heç zaman unutmalı deyil ki, pravoslav dünyası, fərqli dünyagörüşü daşıyıcıları da var. Pravoslav dünyası belə məsələlərdə tamamilə fərqli düşünə bilər. Digər tərəfdən, xristianlıqla yanaşı, müsəlman dünyası da var və Papanın bəyanatı müsəlman aləmində də adekvat reaksiya doğurur. Türkiyənin timsalında müsəlman dünyası düşünür ki, Roma Papası heç də mədəniyyətlərin, dinlərin dialoquna deyil, onların toqquşmasına çağırış edir. Bununla o, dünyada nüfuz sahibi olmadığını, böyük güclərin əlində alətə çevrildiyini ortaya qoyur.

- Yaşanan olay Azərbaycan-Vatikan münasibətlərinə necə təsir edir?

- Azərbaycan Vatikanla münasibətlərin inkişafında maraqlı olan ölkədir. Dövlət başçısı İlham Əliyevin bu yaxınlarda Vatikana səfəri, orada görüşlər keçirməsi deyilənlərə əyani sübutdur. Biz bu səfəri multikulturalizmi özünün həyat tərzinə çevirən Azərbaycanın rəhbərinin səfəri kimi dəyərləndiririk. Həm Prezident İlham Əliyevin, həm də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Vatikandakı görüşlərdə çıxışları zamanı Azərbaycanın mədəniyyətlərarası, dinlərarası dialoq məkanına çevrildiyi konkret faktlarla təsdiqləndi. Lakin Roma Papasının məlum bəyanatı ona gətirib çıxarır ki, Vatikan Ermənistanın mövqeyini müdafiə edir. Bu isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa əlaqəli məsələdir. Çox istərdik ki, Roma Papası Ermənistanın işğalçı ölkə olmasına diqqət ayırsın, bu məsələdə ədalətli mövqe ifadə etsin. Yaxud öz valideynlərinin məzarlarını ziyarət etmək üçün işğal altındakı Azərbaycan ərazilərinə gedən və Ermənistan xüsusi xidmət orqanlarının əlində girov saxlanılan Dilqəm Əhmədov və Şahbaz Quliyevin azad edilməsi barədə mövqe bildirsin. Əgər belə etsəydi, bu, proseslərə, münaqişənin həllinə öz müsbət təsirini göstərərdi. Ancaq Papa belə məsələlərdə susur, "erməni soyqırımı"na gəldikdə ermənipərəst mövqe nümayiş etdirir. Bu nöqteyi-nəzərdən, Roma Papasının bəyanatı Azərbaycan tərəfindən də mənfi qarşılanır, Vatikanla ölkəmiz arasındakı münasibətlərə xələl gətirir.

Milli.Az