Hanı sənin şərəfin, Fəxrəddin?

16 Aprel 2015 16:51

Allah insana ən ağır cəza vermək istəyəndə onun ağlını əlindən alır.

İnsan bioloji fərd olsa da, ağılsız davranışı ilə özünə çox böyük zərbə vurmaqla yanaşı, bəzən birbaşa ölümünə də səbəb olur.

Ağlına güvənən, amma ağlı əlindən alındığının fərqinə varmayan fərd təhlükəlidir. Belə individ hər hansı idefiksin təsiri altına düşəndə, yaxud da belə ideyanın müəllifi olanda sapmış şüurundakı obrazlarla reallığı səhv salır, yalanları həqiqət sanır, həqiqətisə illüziya hesab edir.

Lerikin Bilabənd kəndində anadan olmuş Fəxrəddin Fərman oğlu Abbasov indi "Faxroddin Abboszadə"dir. Daha doğru, 57 yaşlı bu fərd təxminən 23 il əvvəl adını, soyadını və özünü dəyişib.

Azərbaycan dövlət müstəqilliyini əldə edən ilk gündən bəri ölkəmizi parçalamaq, "kiçik, amma qürurlu" separatçı bölgələrə ayırmaq istəyənlərin ssenarilərində "Talış məsələsi" həmişə xüsusi yer tutub.

Məqsəd Azərbaycandakı talışların haqq və hüquqlarının "kobud şəkildə pozulması"ndan, talışların "milli-mədəni identikliyin məhvinə yönəlmiş siyasət"dən, ümumiyyətlə, "talışlara qarşı təqiblər və repressiyalar"dan mümkün qədər çox danışaraq Azərbaycanın cənubunda separatçılıq ocağını alovlandırmaqdır.

1993-cü ildə qondarma "Talış-Muğan Respublikası"nın yaradılması da həmin planların tərkib hissələrindən biri idi.

F.Abboszadə həmin "qurumun" yaratdığını bəyan etdiyi "Milli Məclisin ilk spiker"i olmuşdu. Bir neçə günlük olsa da, hakimiyyətə yiyələndiyini sanan şəxs separatçılıq ideyalarını elə onların ünvanladığı talışlar rədd edəndən, TMR idefiksi puç olandan sonra Azərbaycandan qaçdı və Rusiyada yaşamağa başladı.

Yaşadı, amma Azərbaycanı yaşatmaq istəmədi.

1995-ci ildən bəri F.Abboszadə Azərbaycanı, hakimiyyəti, müxalifəti, siyasi partiyaları, medianı - az qala, azyaşlı azərbaycanlıları belə, ən müxtəlif "cinayətlər, repressiyalar, təqib"lərdə suçlayıb.

Suçlamaları da mütəhərrikdir. Yəni siyasətçi kimi stasionarlığı sevmədiyini vurğulayan Abboszadə sürəkli səfərlərdədir və həmin səfərlərin də tam əksəriyyəti ya Yerevana, ya da Xənkəndinədir.

Yerevanda "Azərbaycanda talışların məzlum vəziyyəti"nə həsr olunmuş "beynəlxalq" tədbirlərə qatılan, orada çıxışlar edən və "beynəlxalq" statusun Rusiya, Ermənistan və İrandan gəlmiş başabəla talışşünaslarla təmin olunduğu belə oturumlarda böhtanları sıralayan Abboszadə Xankəndidəki terrorçu rejimə yarınmağı da unutmur.

Xankəndidə "Azad Talışıstan" radiostansiyasının yaradılması, daha sonra "azad talış gənclərinin hərbi hazırlıq məktəbi" adlanan kursun qurulması məhz F.Abboszadənin aldığı sifarişləri vaxtında yerinə yetirmək istəyidir.

F.Abboszadə indi yenə "aktivləşib" və onun belə fəaliyyət intensivliyi psixiatrların "bahar gərginləşməsi sindromu" adlandırdıqları məqamla bağlı deyil.

Ermənilərin qondarma "erməni soyqırımı"nın 100-cü ildönümünü qeyd etməyə hazırlaşdıqları bir dönəmdə Abboszadə Yerevandan aldığı "101-ci ildönüm olmaya bilər" xəbərdardığına əsasən davranır.

Onun strategiyası olmasa da, taktikası bəsitdir: Türkiyə, xüsusilə də Azərbaycana mümkün qədər çox zərbə vurmağa çalışmaq, böhtanlarla yalanları sıralamaq, mümkün qədər geniş miqyasda kampaniyaya nail olmaq.

F.Abboszadəyə bu işdə Rusiyanın Sankt-Peterburq şəhərindəki "Rosbalt" informasiya agentliyinin əməkdaşı, özünü "politoloq, Qafqazın çağdaş problemləri üzrə ekspert" qismində təqdim edən 39 yaşlı Yana Aleksandrovna Amelina yardım edir.

Daha doğrusu, bu iki şəxs son üç ildə duet formasında çalışırlar və hədəfləri də təbii, Azərbaycandır.

2014-cü ilin noyabrından bəri "Qafqaz Geosiyası Klubu"nun eksperti sayılan Yana Amelinanın son 4 ayda dərc etdirdiyi məqalələrin istisnasız olaraq hamısı "talış məsələsi" ilə bağlıdır.

Ermənistandakı hakimiyyətin sifarişi ilə Rusiyanın mass-mediasında Azərbaycanı "vuran", amma məqalə və yazılarında məntiqdən əsər görünməyən kliniki idiotlardan fərqli olaraq, Yana Amelina yetərincə hiyləgər adamdır.

O, "talış məsələsi"ndən Rusiyadakı bəlli mərkəzlərin məqsədlərinin reallaşdırılması ilə yanaşı, Ermənistanın hədəflərinin təminatı üçün istifadə etməyə can atır.

Amma Yana Amelinanın da intellektual səviyyəsi yüksək deyil. Əks təqdirdə o, "analitik araşdırma"larında sürəkli olaraq talışların İran və Rusiyadan asılı olduqlarını, eyni zamanda bu dövlətlərin tərkibində olmağa can atdıqlarını yazmazdı.

"Talış məsələsi"nin yalnız "Azad Talışıstan"ın yaradılması ilə həll edilə biləcəyini vurğulayan F.Abboszadə kimi, Yana Amelina da, deyəsən, müstəqilliklə hansısa dövlətin tərkibində olmağın fərqlərini sonadək dərk etmirlər.

Bəlkə də, dərk edirlər - alınan sifarişlər fərqli variasiyalarda düşüncənin izharına imkan və icazə vermir.

Özünü talış separatizminin ideoloqlarından biri sayan F.Abboszadə kavkazoved.info, voskanapat.info və bəzən də "Nezavisimaya Qazeta"dakı məqalələriylə "rəsmi Bakının talışlara qarşı təqibləri"ndən tutmuş, "Azərbaycanda yürüdülən anti-İslam siyasəti"ndən bəhs edir, özünün həm də filosof və şair olduğunu xatırlatmağı da unutmur.

Belədirsə, Fəxrəddin Abboszadəyə Moskvada növbəti "talış konfrans"larından birində qəflətən yerindən qalxan rus jurnalistin "Sənin şərəfin hanı, Fəxrəddin?!" söyləməsini xatırlatmaq yerinə düşərdi.

Yana Amelina və F.Abboszadənin normal şüurlu, ağıllı insanlar olduqlarını düşünmək istərdik. Amma...

"Azərbaycan İranla sərhədində ABŞ-ın göstərişi ilə iki radiolokasiya stansiyası yerləşdirib. Həmin stansiyalarda amerikalılar çalışırlar və İranı izləyirlər", - deyən bu ikili İran rəhbərliyinə aşkar mesaj verərək sözügedən "RLS"ləri bombalamağa çağırıblar.

Mifik RLS-lərin sakinlərinin əksəriyyəti talışlar olan bölgədə yerləşdiyi iddia olunduğunu nəzərə alsaq, bombardmanların potensial hədəfi də elə talışlardı.

Lakin İran rəhbərliyi şizofrenik açıqlamalara çoxdan fikir vermir.

Fəxrəddin Abboszadə, bəlkə də, hələ bunu anlamadığından Rusiya, İranla yanaşı, ABŞ-a üz tutur, "şikayət"lərini davam etdirir.

Zavallı nə etsin: sifarişlər yerinə yetirilməlidir. Yoxsa Yerevandakı sifarişçiləri çox sinirlənə bilərlər.

Orxan Hun

Milli.Az