"Azərbaycanın potensial imkanları regionda ən yüksəkdir"

16 Aprel 2015 13:08

Bərpa olunan enerji mənbələri üzrə Azərbaycanın potensial imkanları regionda ən yüksəkdir

Trend-in məlumatına görə, bunu Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) sədr müavini Cəmil Məlikov Bakıda keçirilən CISOLAR-2015 beynəlxalq konfrans və sərgisində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycanda potensial günəş enerjisinin gücü 5000 meqavattı, külək enerjisinin potensialı isə 4500 meqavattı keçir.

"Ölkədə bioenerji potensialı 1500 meqavatt, geotermal enerji potensialı isə 1800 meqavatdır", - deyə C.Məlikov qeyd edib.

ABEMDA-nın sədr müavinin sözlərinə görə, 2014-cü ildə Azərbaycanda bərpa olunan enerji sahəsinə qoyulan investisiya 63,6 milyon ABŞ dolları təşkil edib: "Bundan 34,9 milyon manat günəş enerjisinin inkişafına, 28,7 milyon manat külək enerjisinin inkişafına yönəldilib. 2000-ci ildən bu günə kimi bərpa olunan enerji sahəsinə ümumilikdə 800 milyon manata yaxın vəsait yatırılıb".

Milli.Az