Azərbaycan hotellərində hansı ölkələrin vətəndaşları daha çox qalır?
14 Aprel 2015 17:04
Azərbaycan mehmanxanalarında gecələyən Bolqarıstan, Estoniya, Finlandiya, Çexiya, Yaponiya, Belçika, Polşa, Türkiyə, Moldova, Çin, Almaniya və Rumıniya vətəndaşlarının sayı artıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən il mehmanxanalarda keçirilən gecələmələrin sayı 2013-cü illə müqayisədə 0,8 faiz artaraq 1687,5 min adam-gecə təşkil edib. Gecələmələrin 47,6 faizi xarici ölkə vətəndaşlarının payına düşür. Ümumi gecələmələrin 64,1 faizi Bakı şəhərində, qalanı isə digər rayonlarda (şəhərlərdə) qeydə alınıb.
Hesabat dövründə mehmanxana və mehmanxana tipli müəssisələrdə 392,8 min nəfər xarici ölkə vətəndaşı gecələyib. Onların əsas hissəsini Böyük Britaniya, Rusiya, Türkiyə, ABŞ, Almaniya, İran, İtaliya, Ukrayna, Fransa, Gürcüstan, Çin və Qazaxıstan vətəndaşları təşkil edib. Mehmanxanalarda gecələyən əcnəbilərin 73,2 faizi ölkəmizə turizm məqsədilə səfər edib. 2013-cü illə müqayisədə bu müəssisələrin xidmətlərindən istifadə edən Bolqarıstan, Estoniya, Finlandiya, Çexiya, Yaponiya, Belçika, Polşa, Türkiyə, Moldova, Çin, Almaniya və Rumıniya vətəndaşlarının sayında daha çox artım müşahidə olunub.
Ötən il mehmanxana və mehmanxana tipli müəssisələrdə müvəqqəti yerləşmə xidmətindən istifadə edənlərin əsas hissəsi (81,9 faizi) turizm məqsədilə səfər edənlər olub. Turistlərin 43,1 faizi istirahət və əyləncə, 37,5 faizi işgüzar, qalanları isə digər turizm məqsədilə ölkəmizə səfər edib. İstirahət və əyləncə məqsədilə Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası, Xaçmaz, Quba, Şəki, Şamaxı, Masallı, Qəbələ, Mingəçevir, Abşeron, İsmayıllı, Qusar, Lənkəran və Qax rayon və şəhərlərinə səfər edən turistlərin sayı digər şəhər və rayonlara səyahət edənlərin sayından daha çox olub. Turizm məqsədilə səfər edən ölkə vətəndaşlarının 34,7 faizini Bakı şəhərinin sakinləri təşkil edib.
Milli.Az