"Ümumrespublika yaşıllaşdırma marafonu" çərçivəsində Binəqədi rayonunda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

13 Aprel 2015 19:44

Aprelin 11-də Binəqədi rayonunda IDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Ümumrespublika yaşıllaşdırma" marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
 

Milli.Az bildirir ki, Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov, IDEA İctimai Birliyinin Layihələr departamentinin əməkdaşı Nigar Qarayeva, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayonun icra strukturlarının rəhbərləri, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 

Rayonun Biləcəri qəsəbəsində yerləşən Stend atıcılığı mərkəzinin yaxınlığında gerçəkləşən tədbir açıq elan edildikdən sonra "Ümumrespublika yaşıllaşdırma" marafonu layihəsi barədə tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Daha sonra dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi, yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyi bildirilib.
 

Tədbirdə çıxış edən E.Səfərov tədbirin əhəmiyyətindən danışıb, IDEA İctimai Birliyinin nümayəndəsi N.Qarayeva Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihənin yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə olduğunu vurğulayıb.
 

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərov ulu öndər Heydər Əliyevin təbiəti qorumaq, onun qayğısına qalmaq kimi missiyasını ilə öz şəxsi nümunəsində hər bir həmvətənimiz üçün örnək olduğunu diqqətə çatdıraraq, bu missiyanın möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla icra edildiyini diqqətə çatdırıb. RİH başçısı vurğuladı ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən yaşıllaşdırma aksiyaları vizual görünüşlə yanaşı, ekoloji mühitin qorunması, insanlar arasında təbiətə qayğı hissinin güclənməsi üçün ciddi əhəmiyyətə malikdir.
 

Ağacəkmə aksiyasının məhz bu məkanda keçirilməsinin təsadüfi olmadığını deyən, Bakı-2015 I Avropa Oyunları çərçivəsində stend atıcılığı və dağ velosipedi yarışlarının bu əraziyə yaxın məkanlarda keçiriləcəyindən və bu mötəbər idman oyunları ərəfəsində belə aksiyaların əhəmiyyətindən danışan X.İsgəndərov Prezident İlham Əliyevin təşəbbüsü və yaratdığı imkanlar sayəsində baş tutacaq Bakı-2015 I Avropa Oyunlarının ölkə həqiqətlərinin təbliği baxımından bəlkə də bir diplomat ordusunun görəcəyi işə bərabər olduğunu xüsusi vurğulayıb.
 

Tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı-2015 ilk Avropa Oyunları ərəfəsində elan etdiyi "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində keçirilən "Təmiz Binəqədi - təmiz ideya" yazı müsabiqəsinə təqdim olunan məqalə müəlliflərinin mükafatlandırılması mərasimi ilə davam edib. Mərasim zamanı təltif olunan KİV nümayəndələrinə həm də simvolik olaraq Bakı-2015 ilk Avropa Oyunlarına bilet təqdim edilib. Həmçinin, tədbir zamanı Avropa Oyunları Əməliyyat Komitəsinin direktoru E.Səfərova Binəqədi Rayon İcra Hakimiyyətinin hədiyyəsi təqdim olunub.
 

Sonra ağacəkmə aksiyasına start verilib, aksiya zamanı ümumilikdə 2000 ədəd şam ağacı əkilib, onlara qulluq göstərilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.