Sarkisyanın Vatikan səfəri - xristianlıqda "beşinci kolon" konteksti

13 Aprel 2015 14:29
Müasir dövrümüzdə ermənilər bütün dünyaya özlərini məzlum xristianlar, yaşadıqları torpaqları Şərqdə xristianlığın son qalası, mifik dövlətlərini ilk xristian dövləti kimi təqdim etməyə çalışırlar. Xüsusən də, ermənilərin əsrlərdir himayələrində yaşadıqları türklərə qarşı I dünya müharibəsi zamanı xəyanətdən sonra bu miflər dünya səviyyəsində təbliğ olunur. Bu baxımdan Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın bu günlərdə Vatikan səfərinin arxasında da dünya ictimaiyyətini və xristian dünyasını aldatmağa yönəlmiş növbəti cəhd dayanır. Səfərin ermənilərin böyük faciə adlandırdıqları 24 aprel ərəfəsində həyata keçirilməsi də yalanlarla dolu bu siyasətin tərkib hissəsidir. Çox təəssüf ki, əsas missiyası dünyada sülh və barışıq tərəfdarı olan Papa da siyasi oyunlara qoşularaq, hadisələrə tarixi faktlara əsaslanan qiymət deyil, miflərə söykənin birtərəfli mövqe bildirdi. Lakin tarixi faktlar təsdiq edir ki, tarixən qriqoryan ermənilər hətta xristian dünyasında belə xəyanətkar və dönük hesab edilmişlər. Tarixin müxtəlif dövrlərində xristian dünyasının öz daxilində belə ermənilər ''beşinci kolon'' rolunu oynamışlar.

Xalkedon kilsə məclisindən başlayan yol

Kilsə və din ermənilərin həyatında nə qədər taleyüklü rol oynasa belə, tarix göstərmişdir ki, din ermənilər üçün hər zaman siyasi alət olmuşdur. Qriqoryan, katolik, protestant, yunan-pravoslav, monofizit, diofizit, yevangelist və digər dini əqidə daşıyan ermənilər dünyaya səpələnmişlər. Ermənilərin xristian dininin fərqli məzhəblərində təmsil olunması ilk növbədə onların müxtəlif himayədarların, ''böyük qardaş''larının yardımına söykənməyə hesablanmışdır. Maraqlıdır ki, bu gün ən böyük türk düşməni rolunda çıxış edən qriqoryan ermənilərə uzun əsrlər, səlcuq dövründən bəri Səlcuq, Qaraqoyunlu, Osmanlı kimi türk dövlətləri sahib çıxmışdır. Həmin dövrün xristian Avropa dövlətləri isə erməniləri etibarsız hesab etmişlər.

Osmanlı dövlətində erməni qriqoryan kilsəsi ilk günlərdən rəsmi fəaliyyət göstərirdi, sultanların himayəsində idi. Həmin dövrün tarixinə nəzər saldıqda isə aydın olur ki, türklərin ermənilərə hamilik etdikləri dövrlərdə erməniləri məhz qriqoryan olduqları üçün xristian dünyası kafir hesab edirdi. Yunan-pravoslav kilsəsi erməniləri kafir hesab etdiyi halda, Bizansdan fərqli olaraq Osmanlı sultanları ermənilərə şərait yaratmışlar. Fateh Sultan Mehmet İstanbulu fəth etdikdən sonra erməni kilsəsini Bursadan İstanbula köçürmüş və dini imtiyazlar vermişdir. Bunu erməni tarixçilərinin özləri də etiraf edir. XVII əsrdə osmanlı imperiyasına səyahət edən erməni səyyah Simeon Lexatsi yazırdı: ''Yunanlar ermənilərin həqiqi düşmənidir... Yunanların bütün hakimiyyəti boyunca bircə erməninin nəinki məskunlaşmaq, hətta ticarət üçün belə İstanbula daxil olmasına icazə verilmirdi. Ancaq türklər İstanbulu aldıqdan sonra bir çox vilayətlərdən erməniləri bura gətirdilər'' (Симеон Лехаци. Путевые заметки. Москва, 1965).

Bununla belə, hər kəsə yarınmaqda mahir olan ermənilər isə xristianlığın əsas məzhəblərində təmsil olunmaqla vəziyyətdən çıxış yolu axtarmışlar. Tarixin müxtəlif dövrlərində protestant ermənilər İngiltərə və ABŞ missionerlərinə sığınmışdırsa, katolik ermənilərin sahibi Fransa olmuşdur. Fransa katolik ermənilərdən Yaxın Şərqdə proseslərə təsir və müdaxilə etmək üçün hər zaman istifadə etmişdir. Anadoluda erməni protestant kilsəsi isə 1850-ci ildən Osmanlı dövləti tərəfindən fərqli din təmsilçisi kimi tanınmışdır.

Beləliklə, dini əqidə baxımından olduqca fərqli olan qriqoryan-katolik münasibətləri tarixi ziddiyyətlərdən keçmişdir. Məlumdur ki, erməni qriqoryan kilsəsi tarixən katolik kilsəsinin dini ehkamlarını erməni milli kimliyinə təhdid kimi qiymətləndirmişdir. Hələ Sasani-Bizans müharibələri dövründə ermənilər Sasani hökmdarlarına yarınmaq üçün Qərb xristianlığına qarşı olmuş və bunun müqabilində Sasanilərdən müxtəlif imtiyazlar ala bilmişdilər. 451-ci ildə Xalkedon kilsə məclisində monofizit yolu tutmuş erməni kilsəsi Qərbə və Romaya qarşı münasibətini müəyyənləşdirmiş oldu.

Ərəb xilafəti də ermənilərə qarşı Sasani siyasətini davam etdirirdi. Ermənilərin Bizansın ''beşinci kolon''una çevrilməməsi üçün ərəblər də onların monofizit dini əqidəsinin qorunmasında və Qərb (Bizans və Roma) xristianlığına qarşı istifadə olunması istiqamətində siyasət həyata keçirirdilər. Beləliklə, tarixin qeyd olunan dövrlərində qriqoryan ermənilər xristian dünyasına qarşı "beşinci kolon'' rolunda olmuşdur.

Kilikiya çarlığının 1375-ci ildə süqutu ilə uzun əsrlər mövcud olmayan erməni dövlətçiliyi dövlətin olmadığı dövrlərdə milli kimliyin qorunması üçün qriqoryan kilsəsinə ümid bəsləmişdir. Maraqlıdır ki, 1375-1918-ci illəri əhatə edən bu dövrdə ermənilər milli kimlikləri üçün ən böyük təhlükə olaraq müsəlman türkləri deyil, katolik kilsəsini hesab etmişlər. Kilikiyanın süqutundan sonra erməni kilsəsi məhz Roma kilsəsinin nüfuz dairəsinə düşməmək üçün sinod toplamış və 1441-ci ildə katolikosluğun daha şərqə - Eçmiədzinə köçürülməsinə qərar vermişdir. Dünyada yalnız ermənilərin təmsil olunduğu qriqoryanlıq xristianlığın deyil, erməniliyin bastionu olmuşdur və əsas təhlükə kimi də islam dinini deyil, katolik kilsəsini hesab etmişlər.

Katolik kilsəsi erməni siyasi riyakarlığının hədəfində

Bütün bu ziddiyyətlərin işığında Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın bu günlərdə Vatikana səfəri və Papadan xristianlıq təəssübü göstərmək istəməsini siyasi riyakarlıqda növbəti addım kimi qiymətləndirmək olar. Tarix Katolik kilsəsini özlərinin milli kimliklərinə qarşı ən böyük təhdid kimi qiymətləndirən ermənilərin öz maraqları üçün lazım olduqda Vatikana yalvarmalarına dəfələrlə şahidlik etmişdir.

Məlum olduğu kimi, ermənilərin katolikliyə ilk meyli səlib yürüşləri dövründə olmuşdur. Səlib yürüşləri zamanı ermənilər himayəsində yaşadıqları türklərə və ərəblərə xəyanət edərək, səlibçilərin tərəfində vuruşmuşlar. Səlibçilərin Yaxın Şərqdə Edessa, Antioxiya kimi şəhərləri almasında bu qala-şəhərlərdə yaşayan ermənilərin şəhəri təslim etməsi ilə bağlı onlarla faktlar var. Fikrimizcə, məhz bu dövrdən səlib yürüşlərinin əsas havadarlarından olan Vatikanla ermənilər arasında gizli sövdələşmələr olmuşdur və hazırda da Ermənistan bu missiyadan sui-istifadə edir.

Sonrakı mərhələdə də XVI-XVII əsrlərdə müəyyən qrup ermənilərin həm Avropada (Reç Pospolita), həm də Anadoluda katolikliyi qəbul etməsi siyasi səbəblərə əsaslanırdı. Bununla belə, Vatikanın katolik ermənilərə etimad göstərməsi üçün bir neçə əsr keçmişdir. Yalnız 1792-ci ildə Papa erməni katolik kilsəsini rəsmən Roma kilsəsinə bağlı bir kilsə təşkilatı kimi qəbul etmişdir. Fransa elçisinin təkidi ilə 1831-ci ildə Sultan II Mahmud (1808-1839) da erməni katoliklərini bir camaat olaraq qəbul etdi. Bununla da Osmanlı ərazilərində yaşayan erməni katoliklər Vatikan və Fransanın təsir alətinə çevrildilər.

Ermənilər katolik dini iyerarxiyasında xüsusi yeri olan ayrıca monax ordeni ilə də təmsil olunurlar. Konstantinopol erməni patriarxından üz döndərən Mxitar (1676-1749) adlı erməni 1701-ci ildə burda monax ordeni yaratmış, sonradan isə Venesiyaya qaçaraq 1717-ci ildə ordenin Adriatik dənizində Müqəddəs Lazar adasında məskunlaşmasına icazə almışdır. Həmin dövr Osmanlı dövlətinin dənizdə əsas rəqiblərindən olan Venesiyanın himayəsinə sığınan mxitar monax ordeni Papanın da himayəsinə keçmişdir. Osmanlıya xəyanətinə görə Venesiyadan ada peşkəş alan mxitar monax odeni bu gün də fəaliyyətini davam etdirir və katolik dünyasında ermənilərin maraqlarını qoruyur.

Beləliklə, tarix boyunca erməni milli kimliyinin qoruyucusu olan qriqoryan kilsəsinin özünə ən böyük təhdid bildiyi katolik dünyasına münasibəti birmənalı olmamışdır. Bununla belə, daim dindən siyasi alət kimi istifadə edən ermənilər yeri gələndə dini əqidələrini siyasətdən aşağı tutmuş, şəxsi mənfəətləri üçün istənilən riyakarlığa hazır olmuşlar. Fikrimizcə, Serj Sarkisyanın Vatikana bu səfəri də qeyd olunan tarixi missiyada növbəti halqadır. Erməni siyasətində din sülh üçün deyil, ədavət üçün istifadə olunmaqda davam edir.

Newtimes.az