"Germanwings" təyyarəsində bomba həyəcanı

13 Aprel 2015 10:25

Bomba olması barədə xəbərdarlıq təyyarənin yenidən hava limanına qayıtmasına səbəb olub

Uğursuzluqlar "Germanwings" aviaşirkətinin yaxasından əl çəkmir. Almaniyanın "Germanwings" aviaşirkətinə aid Köln - Milan reysi ilə hərəkət edən təyyarədə bomba həyəcanı yaşanıb.

Anspress-in məlumatına görə, havaya qalxdıqdan bir müddət sonra bomba olması barədə xəbərdarlıq təyyarənin yenidən hava limanına qayıtmasına səbəb olub.

Bildirilir ki, təyyarədə olan 126 sərnişin təxliyyə olunub və onların yola davam etməsi üçün başqa bir təyyarə hazırlanır.

Bomba xəbərdarlığı olunan "Airbus A320" təyarəsində isə axtarışlar davam edir.

Bundan əvvəl "Germanwings" aviaşirkətinə aid Köln - Venesiya reysi ilə hərəkət edən təyyarə yağ təzyiqinin azalması səbəbindən meydana gələn nasazlığa görə aprelin 6-da Stuttqart hava limanına məcburi eniş etmişdi.

Martın 24-də isə yenə bu şirkətə aid Barselona - Düsseldof reysi ilə uçan "Airbus A320" təyyarəsi Fransanın cənubunda qəzaya uğramış, 6 heyət üzvü və 144 sərnişin dünyasını dəyişmişdi. Qəzanın köməkçi pilot tərəfindən qəsdən törədildiyi bildirilmişdi.

Milli.Az