TQDK-nın etdiyi yenilik abituriyentlərə nə qazandıracaq?
12 Aprel 2015 18:57
1996-1997-ci tədris ilindən başlayaraq TQDK hər il qəbul imtahanları ərəfəsində paytaxt və bölgələrdə ali məktəblərə hazırlaşan abituriyentlər üçün sınaq imtahanları keçirir. Ötən illərdə olduğu kimi, TQDK bu il də ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanları təşkil edib. Kəpəz TV (Region TV) xəbər verir ki, bu gün artıq ilin 2-ci sınaq imtahanı baş tutub. Onu da xatırladaq ki, TQDK daha bir yenilik edərək mövcud ixtisas qruplarının sayını 5-dək artırıb.
Bu ilin ilk sınaq imtahanı respublikanın 29 şəhər və rayonunda ümumilikdə 61 binada təşkil olunub. İkinci sınaq imtahanları isə respublikanın 32 şəhər və rayonunda ümumilikdə 64 binada həyata keçirilib. Buna uyğun olaraq imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin sayında da artım olub. Belə ki, birinci sınaq imtahanında 48 343 abituriyent qeydiyyatdan keçmişdisə, bu imtahanda bu say 48 376 olub.
Nəsimi Məmmədov - TQDK-nın Gəncə Regional bölməsinin müdiri: "Onu qeyd edə bilərəm ki, imtahan proseslərində toplanan ballar heç bir hüquqi əsasa malik deyil. Ancaq imtahan prosesləri bütünlüklə TQDK-nın ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanları ilə eyni profildə həyata keçirilir. Abituriyentlər sınaq imtahanlarına şəxsiyyəti təsdiq edən sənədi və buraxılış vərəqəsini gətirməlidir. Əks halda onlar imtahana buraxılmayacaq".
Sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər. Sınaq imtahanları Azərbaycan və rus bölmələri üzrə ayrı-ayrılıqda aparılır. I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə abituriyentlərin bilikləri qiymətləndirilir. Abituriyentlərin sınaq imtahanlarındakı nəticələri onların seçdikləri ixtisas qrupları üzrə bilik və bacarıqlarının üzə çıxarılmasında və gələcək ixtisas qruplarının seçilməsində böyük rol oynayır.
Elnur Nağızadə - TQDK-nın mətbuat katibi: "TQDK tərəfindən həm qəbul imtahanlarında, həm də sınaq imtahanlarında təqdim olunan suallar eyni test banklarından seçilir. Bu banklar formalaşdırılarkən qəbul imtahanları proqramları əsas götürülür. Qəbul imtahanları proqramları hər il müzakirə olunur ekspert şuraları tərəfindən və TQDK-nın nəznində fəaliyyət göstərən ekspert şuralarının verdiyi rəyə əsasən proqramlar təsdiq olunur. Qəbul imtahanları proqramlarından biz danışdıq. Qəbul imtahanları proqramları, təbii ki, orta ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına və dərs vəsaitlərinə tamami ilə uyğundur".
Növbəti sınaq imtahanları aprelin 19-u və mayın 3-də təşkil olunacaq. Qeyd edək ki, 2007-2008-ci illərdən TQDK abituriyentlər üçün "pretest layihəsi" çərçivəsində internet vasitəsilə virtual sınaq imtahanlarının keçirilməsinə də başlayıb.
TQDK daha bir yenilik həyata keçirir. Bu ildən ixtisas qruplarının sayı 4-dən 5-ə artırılıb.
Qurumun Kollegiyasının 14.01.2015-ci il tarixli qərarlarına əsasən, V ixtisas qrupuna III və IV qruplarda olan və xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir. V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.
Elnur Nağızadə: "V qrupu seçənlər üçün əlavə bir geniş imkan da yaradılıb ki, onlar başqa bir ixtisas qrupunu da seçə bilərlər. Yəni I, II, III və ya IV ixtisas qruplarından birini seçirlər, eyni zamanda V ixtisas qrupunu seçirlər. Hər ikisində öz biliyini yoxlayır. Hansı qrup üzrə daha yaxşı nəticə göstəribsə, həmin ixtisas qrupu üzrə də ixtisas seçimi edə bilər. Təbii ki, o bir ixtisasa daxil olur, amma hər halda bu imkanların genişləndirilməsi deməkdir".
Əgər bu ilki məzun V ixtisas qrupuna qəbul olmaq istəyirsə, bu halda o, ərizə forması dolduraraq və buraxılış imtahanının nəticəsi əsasında müsabiqədə iştirak hüququ qazana bilər. Lakin...
Elnur Nağızadə: "Abituriyentlər elə düşünə bilərlər ki, onlar buraxılış imtahanının nəticəsində attestat alırlarsa, bu artıq onların V qrup üzrə ali təhsil müəssisəsinə qəbul olması deməkdir. Xeyr. V qrupda ayrı-ayrı ixtisaslar üzrə müsabiqə şərtləri artıq elan olunub. "Abituriyent" jurnalının II sayı, 26-cı səhifədə bununla tanış olsunlar. İdman ixtisasları var, musiqi ixtisasları var, rejissorluq, aktyorluq və digər - hər bir ixtisasın müsabiqə şərti müəyyən olunub".
Xatırladaq ki, qəbul imtahanı əvvəlki illərin məzunları üçün II və III qruplar üzrə 17 may, I və IV qruplar üzrə 24 may, cari ilin məzunları üçün I və IV qruplar üzrə 14 iyul, II və III qruplar üzrə 25 iyulda olacaq.
Milli.Az