Bakıda yaşayış binasının yanması ilə bağlı yeni TƏFƏRRÜATLAR - REPORTAJ - FOTO
12 Aprel 2015 17:10
Aprelin 10-da Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanında doqquzmərtəbəli yaşayış binasında baş verən güclü yanğında zərər çəkən vətəndaşların köçürülməsi davam edir.
Binanın fasadı və yanan mənzillər Bakı şəhəri İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən təmir olunur. Artıq əraziyə tikinti materialları gətirilib və işə başlanılıb. Evləri yanan 60 ailənin hər birinə 500 manat kirayə pulu verilib. Yanmayan evlərin sakinləri üçün isə binada yaşayış bərpa edilib.
Musavat.com-un müxbiri hadisədən iki gün sonra yanan binaya baş çəkib və aparılan işləri müşahidə edib.
Sakinlərlə söhbət zamanı yanğının səbəbləri ilə bağlı yeni ehtimallar üzə çıxıb. Sakinlərdən adının çəkilməsini istəməyən bir şəxs bildirib ki, həmin gün binanın həyətində çalışan fəhlələrlə iş verən arasında mübahisə yaranıb. Yanğın da bundan bir müddət sonra ortaya çıxıb. İndi sakinlər yanğının həmin hadisədən qaynaqlandığını deyirlər.
Yanğının güclənməsinə səbəb olan daha bir amil də binanın fasadının yenilənməsi üçün quraşdırılan konstruksiyanın dəmirdən deyil, taxtadan olması ilə bağlıdır. Şahidlər deyirlər ki, yanğın yerdə yandırılan zibillərdən başlayıb. Daha sonra binanın sol küncünə keçib. Binanın fasadı tezalışan üzlüklə örtüldüyündən yanğın bir neçə saniyə içərisində bütün binanı bürüyüb. Hadisə zamanı binanın təhlükəsizlik çıxışları da bağlı olub ki, bu da evakuasiya zamanı problemlər yaşadıb.
Tüstüdən zəhərlənənlərin səhhəti isə hələ də düzəlməyib. Onların arasında azyaşlı uşaq da var. Əmisi Vüqar Əhmədzadə Amil Əhmədzadə adlı uşağın vəziyyətinin ağır olduğunu bildirib.
Zərərçəkənlərin narazılığına səbəb olan daha bir məqam isə FHN-in müvafiq komissiyası tərəfindən dəyən ziyanın dəyərindən az qiymətləndirilməsi olub. Sakinlər qiymətləndirmənin obyektiv aparılmadığını bildirirlər: "800 manatlıq kondisioneri 400 manata qiymətləndiriblər və bu yolla dəyən ziyanın həcminin azaltmağa çalışırlar".
Kirayə evlərə köçürülməklə bağlı verilən kompensasiyaya gəlincə, sakinlər 500 manatın yetərli olmadığını deyirlər: "500 manat bizim həm əşyaları daşımağımıza, həm ev tapıb yerləşməyimizə kifayət etmir. Kirayə evlərin qiyməti çox yüksəkdir. Bu pulla boş evlərə köçə bilərik. Əşyalarımız, pullarımız da yanıb. Bir ay necə dolanacağıq?"
Qonşu binaların sakinləri də bizimlə söhbətində yaşadıqları binanın tez alışan "penoplas" örtüklə üzləndiyini və bu təhlükənin onları da gözlədiyindən narahat olduqlarını bildirdilər. Onlar tezliklə həmin örtüyün sökülməsini tələb edirlər.
Onu da bildirək ki, son 3 gündə nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Fövqəladə Hallar Nazirliyi alkopon tipli tezalışıan sintetik örtüklə üzlənən digər binaların taleyi ilə bağlı bəyənat verməyiblər. Yanan binanın sakinlərinin problemləri həll olunsa da, oxşar binaların sakinlərinin narahatlığına məhəl qoyulmur.
Müşahidələrimiz zamanı qonşu binaların bəzi sakinlərinin binalardakı fasad üzlüyünü qoparmasının şahidi olduq. Aidiyyatı qurumlardan reaksiya gəlmədiyini görən vətəndaşlar özləri alkopan örtükləri qoparmağa başlayıblar.
Aparılan təmir-bərpa işləri isə hələlik ilkin mərhələdədir. Binanın yanmış fasad örtüyü qoparılır, təmir üçün dəmir konstruksiya quraşdırılır, ərazinin tullantılardan təmizlənməsi istiqamətində iş aparılır. Ancaq hələlik yanğından ziyan çəkmiş mənzillərin təmirinə başlanılmayıb.
Qeyd edək ki, aprelin 10-da Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanındakı doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində binanın fasadı yanıb, 60 mənzil yanaraq yararsız hala düşüb. 107 mənzilin olduğu binada 408 nəfərin yaşadığı bildirilir.
Yanğında ölən olmasa da, bir neçə sakin tüstüdən zəhərlənib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib, binadakı sakinlərin hamısı təxliyə olunub, yanğın saat 22:00 radələrində söndürülüb.
Hadisənin səhəri gün binanın qarşısında polis və icra nümayəndələri ilə vətəndaşlar arasında gərginlik yaşanıb. Daha sonra vətəndaşlar kirayə haqları ödənilməklə iki ay müddətində müvəqqəti kirayə evlərdə yaşamağa və sonradan təmir olunmuş mənzillərinə köçürülməyə razı salınıblar. FHN-in müvafiq komissiyası dəymiş ziyanı müəyyənləşdirib və pulu, qızılı, dəyərli əşyaları yanan vətəndaşlara kompensasiya ödəniləcəyinə dair söz verilib. Son 3 gündə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları və polis qüvvələri əraziyə nəzarəti davam etdirirlər.
Böyütmək üçün şəkillərə klikləyin.
Milli.Az