Bakıda yanan çoxmərtəbəli binadakı 60 ailəyə kirayə pulu ayrıldı

11 Aprel 2015 17:38
Binanın fasadı və yanan mənzillər Bakı Şəhəri İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən təmir olunacaq

Aprelin 10-da Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanında yanğın baş verən doqquzmərtəbəli yaşayış binasında mənzilləri olan 60 ailənin hər birinə bu gün 500 manat kirayə pulu verilib.
 
Bu barədə APA-ya Xətai Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib. RİH-dən verilən məlumata görə, hazırda yanın binanın fasadı sökülür. Fasad və yanğından zərər çəkmiş mənzillər Bakı şəhəri İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən təmir olunacaq.
 
Qeyd edək ki, aprelin 10-da Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanındakı 107 mənzilli doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində binanın fasadı, 2 mənzil və bir neçə eyvan yanıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin hadisə yerinə cəlb olunub, binadakı sakinlərin hamısı təxliyə olunub, yanğın söndürülüb.

Milli.Az