Psixoloq: "İndinin 17 yaşlıları qat-qat ağır və içinə bir az "romantika" qatılmış cinayətlər edəcəklər"

11 Aprel 2015 17:33
Yaz fəslinin girməsi ilə insanlarımızda psixoloji gərginlik, depressiya əlamətləri çoxalıb. Xüsusən də son günlər intiharlar, vəhşicəsinə törədilən qətllər, təcavüz hekayələrinin.... sayında artım hiss olunur. Azərbaycan insanının düşdüyü psixoloji durumu tanınmış psixiatr, ekspert Orxan Fərəcli ilə müzakirə etdik.

- Yaz fəsli girəndən insanlarda müşahidə olunan fiziki yorğunluqla yanaşı, bir ruh düşgünlüyü, mənəvi pozuntular, depressiya da müşahidə olunur. Bunun səbəbləri nələrdir?

- Bunun səbəbi mövsüm depressiyalarıdır. Qeyd etdiyimiz hal əslində təkcə yaz girəndə yox, həm də payız fəslinin başlanğıcında rast gəlinir.

Sadəcə payız və yaz depressiyasının fərqi ondadır ki, payız zamanı insanda daha çox yorulma, zövq almamaq, istəksizlik halları müşahidə olunsa da, yaz depressiyası zamanı əsəbilik, tez qıcıqlanma, aqressivlik, işə getməkdən imtina kimi əlamətlər qeyd olunur. Amma bunlara mövsüm depressiyası demək üçün ən azı 2 il eyni hallar bir insanda təkrarlanmalıdır ki, bu diaqnozu təsdiqləyə bilək. Və digər vacib məqamlardan biri də yaz depressiyası əlamətləri 2 həftədən çox davam edirsə,  müalicə almağa başlayın. Çünki bəzi hallarda qalıcı ola bilər.

Buna səbəb kimi günəş şüalarının təsirindən orqanizmdə yaranan melotonin hormunu miqdarında olan dəyişiklikdir ki, bu hormon insanın əhval-ruhiyyəsini tənzimləyir. Digər hormon isə "xoşbəxtlik hormonu" adlandırılıan serotonin maddəsidir ki, mövsüm depressiyalarında bu hormonun rolu mövcuddur.

- Necə qorunmaq olar bu hallardan? Daha dəqiq desək, nə kömək edə bilər?

- Qorunma yollarının başlıcası gecə yuxusuna diqqət etməkdir. Vaxtında yatıb, vaxtında oyanmaq lazımdır. Günümüzlə uzlaşan ideal yuxu saatı axşam 11-də yatıb, səhər 7-də oyanmaqdır. Açıq havada çox gəzmək, bacardıqca günəş şüaları altında olmaq və yüngül idman sizin yaxanızı bu problemdən qurtara bilər. Bəzən dost-tanışların tövsiyə etdiyi isə spirtli və enerjili içkilərdir. Onlar düşünürlər ki, bu problemdən çıxışa fayda verir. Amma tam tərsi, problem daha da ciddiləşir. Əvvəllər ciddi depressiyası olanlar, özlərinə qapalı xarakter tipində olanlar,  B12 vitamin çatışmazlığı yaşayan insanlar fəsil dəyişikliyini daha çox orqanizmlərində hiss edirlər.

- Son günlər ər-arvad arası münaqişələrin sayında kəskin artım müşahidə olunur. Kriminal xronikada arvadını vəhşicəsinə öldürən kişilərlə bağlı hər gün bir xəbər yer alır. Cəmiyyətdəki aqressiyanın artmasının səbəbləri nədir?

- Bu cinayətlərin sayında çox ciddi artim önümüzdəki 7-10 il ərzində olacaq. İndi 17 yaşında yeniyetmə olan kriminal həyata meylli olub, cibində "beşbarmaq" gəzdirən, "vorovskoy" söhbət edən gənclər, əmin olun ki, indi eşitdiyimiz cinayətlərdən qat-qat ağır və içinə bir az "romantika" qatılmış cinayətlər edəcəklər. Buna 2 səbəb var. Orta yaş qruplu insanlar üçün səbəb təhsilin olmamasıdır. Cinayətlərin böyük əksəriyyəti təhsili olmayan insanlar tərəfindən törədilir. Yeniyetmə yaş qrupu üçün isə səbəb kriminal həyat tərzinin çox təbliğidir. Əslində bu yeniyetmələrin də ciddi təhsil problem var və dolayısı ilə belə bir qüsurlu və qapalı bir dairə yaranır.

- Kredit borcuna görə intihar edən, manatın devalvasiyasından sonra psixoloji gərginlik keçirən insanlar da çoxalıb. Bu gərginlik hansı mərhələyə qədər davam edə bilər?

- İntihar etmək, intihara cəhd bütün hallarda psixiatrik problem kimi qiymətləndirilməlidir. Mən bəzən dərslərimdə tələbələrimə zarafatla deyirəm ki, "intihar edərkən ölsən cəhənnəmə gedirsən, ölməyib sağ qalsan, dəlixanaya". Səbəb nə olur olsun, ən kiçik sui-qəsd cəhdində belə mütləq həmin şəxs psixiatrik müayinədən keçməlidir. Manatın ucuzlaşması, kredit borcu stress faktoru olduğu üçün depressiv insanları, əvvəlcə intihar planlayan insanları yenidən bu davranışa sövq edə bilər.

- İnsanlarımızın son zamanlar ümid yeri kimi milli telekanalların qapısında az qala çadır qurması adi hala çevrilib. Niyə ümidlərin istiqaməti bu qədər dəyişib?

-  Yəqin, razılaşarsız ki, kütləvi informasiya vasitələri içərisində ən çox kütləyə nüfuz edən məhz televiziyalardır. İndi televiziyalarda dəb olan "sosial analitik" verilişlər bütün inkişaf etməkdə olan ölkələrin keçdiyi həyat yolunun parçasıdır. Yəni hər bir ölkənin inkişafının mədəni xəttində nə vaxtsa "itəni tapan, küsəni barışdıran, xəstəni sağaldan"  tipli verilişlər olur və onlar bu periodu keçirlər. Ümumi intellektual səviyyənin aşağı olduğu yerlərdə tv-lərə illüziyalar, insanların bədbəxtlikləri üzərində qurulan şoular diqqəti daha çox cəlb edir və inam formalaşdırır.

Hər kəsin iş tapacağına, xəstənin sağalacağına inamı ilə müraciət edən vətəndaşlar əmin olsun ki, o verilişlərdən sonra daha çox problemlə üzləşirlər.

Milli.Az