"Orxan Fikrətoğlu da orada olanda ermənilərlə davamız düşdü" - FOTO

11 Aprel 2015 16:21
Modern.az saytının "Məşhur tələbə yoldaşım" rubrikasının budəfəki qonağı Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat Təbliği Bürosunun direktoru,  Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri, şair Nazim Əhmədlidir. O, yazıçı, ssenarist, rejissor, jurnalist Orxan Fikrətoğlu haqqında xatirələrini oxucularla bölüşür: 

"Gözəl illər idi..."

"Biz Maksim Qorki adına Ədəbiyyat İnstitunu bitirmişik. Mən Poeziya fakültəsinə daxil olmuşam, Orxan Fikrətoğlu isə publisistika, nəsr üzrə təhsil alırdı. Mən gündüz şöbəsində, Orxan isə qiyabi oxuyub. Onlar ildə iki dəfə gəlib bir ay seminar keçirdilər, sonra qayıdırdılar. Amma biz mütəmadi olaraq bütün ilboyu orada olurduq. Mən 1981-ci ildə ora daxil oldum. Ancaq 81-ci ildən əvvəl Bakı Dövlət Universitetinə 3-4 il imtahan verib qəbul ola bilməmişəm. Sonra hazırlaşdım, eşitdim ki, belə bir institut (Maksim Qorki adına Ədəbiyyat İnstitutu) var və sənədlərimi göndərdim. Orada şeir müsabiqəsi keçirilirdi. Allah qəni-qəni rəhmət etsin, Vladimir Kafarov şeirlərimi rus dilinə tərcümə etdi və o şeirləri həmin müsabiqəyə göndərdik. Şeirlərim müvəfəqiyyətlə müsabiqədən keçdi. Bundan sonra məni imtahana çağırdılar, getdim, orada rus dilində imtahan verdim və qəbul olundum. Bütün fakültələr üçün dünya üzrə 50 nəfər tələbə götürürdülər, o 50 nəfərdən biri də mən oldum.

Orxan Fikrətoğlugil ora gələndə 1 ay sessiya müddətində həmişə bir yerdə olardıq, vaxtımız bir keçərdi, dərsə də bir gedərdik.

Sovet İttifaqının vaxtları idi, Azərbaycan da Sovet İttifaqının bir tərkib hissəsi idi və Moskva SSR-nin paytaxtı olduğuna görə onda ayrı-seçkilik yox idi. Mən məşhur rus şairi Yeqor İsayevin seminarında idim. Amma Orxanın kimin seminarında olduğu xatirimdə deyil. O vaxtı mühit belə idi ki, dünyanın hər yanından gənc şairlər, yazıçılar, yəni qələm sahibləri gəlib Qorki adına Ədəbiyyat İnstitunda oxuyurdular və bu müddətdə (qiyabiçilər 6 il, gündüzlər 5 il oxuyurdular) onlar dünya ədəbiyyatı ilə tanış olurdular. Dünya ədəbiyyatının çağdaş nümayəndələri də orada oxuyurdu. Gözəl illər, gözəl təhsil ocağı idi. Həm də bu təhsil ocağının cəmi-cümlətanı təxminən 500-600 tələbəsi olurdu. O instituta ancaq yazıçıları qəbul edirdilər. Bizim fakültədə ermənilər, ruslar, başqa millətlər, hətta Kosta-Rikadan, Hindistandan, Polşadan - dünyanın başqa dövlətlərindən oxuyanlar var idi.  Ədəbiyyat İnstitutunun yataqxanası var idi, orada qalırdıq. Beynəlmiləl bir yataqxana idi. Yataqxananın birinci mərtəbəsində SSR Yazıçılar Birliyinin mehmanxanası var idi, gələn yazıçılar orada qalırdılar. Azərbaycandan gələn yazıçılar da gəlib həmin mehmanxanada qalanda bizlə görüşürdülər.

Hansı yazıçı Azərbaycandan Moskvaya gəlirdisə, onlar mütləq bizimlə görüşməli idilər. Bir dəfə mən orada İsa Hüseynovla (Muğanna) görüşdüm. Allah qəni-qəni ona rəhmət etsin, Muğannanı dəvət etdim, gecə səhərə qədər azərbaycanlı tələbələrlə söhbət etdik. Həmin görüşdə Orxan da iştirak edirdi.  Çox yüksək səviyyəli bir söhbət oldu, orada mənim danışıqlarımla onun danışıqları bir tutdu ki, mən o vaxtdan bəri həm də mifologiya ilə məşğulam".

"Orxan intellektual səviyyəsi, məzəli danışıqları ilə seçilirdi"

"Orxan o vaxtı çox gənc idi. Hələ ilk yazılarını yazırdı. Amma onun söhbətlərində, danışıqlarında çox maraqlı, çox məzəli məqamlar olurdu. Orxan dedikcə hazırcavab, intellektual səviyyəli bir gənc kimi yadımızda qalıb. Onun qardaşı əsgərlikdə idi. Bir dəfə də qardaşının yanına getdik. Atası Fikrət Sadığı da yaxşı tanıyıram. Mən institutu qurtaran kimi Azərbaycan Yazıçılar Birliyinə gəldim və onun atası ilə bir yerdə işləməli olduq. Yəni, Orxanla bizim münasibətlərimiz çox yaxın olub. Təsəvvür edin ki, mənim otağım bir ocaq kimi idi və bütün qiyabiçilər, əyani çöbədə oxuyanların hamısı ya mənim otağıma, ya Sabirin otağına (Sabir İslamov, Səfər Alışarlı, Umud Rəhimoğlu vardı) yığışardılar. Hamımız bir yerdə bütöv bir ailə üzvləri kimi idik. Bizim dostlarımızın içində çox çılğın şairlər də vardə, məsələn,Şaiq Vəli, o vəfat edib, Allah qəni-qəni rəhmət etsin. Yəni içi mən qarışıq çox yoldaşlar var idi ki, onlar indi Azərbaycanın tanınmış şairləridir. Söhbət ondan gedir ki, o vaxtı bizim xalqımıza, xalqımızın nümayəndələrinə qarşı çox isti münasibət var idi. Müəllimlər də çox sadə insanlar idi. Elə bil ki, Avropa sivilizasiyası görmüş insanlar kimi idilər. Çox demokratik idilər. Bir dəfə biz kartof yığımına getmişdik. Daha doğrusu, bazadan kartofu maşına yükləyirdik. Tələbəyik də, hamını aparıblar. Bir nəfər gəldi, mənə nəsə demək istəyəndə dedim,  "çevril, belinə meşok qoyum". Çevrildi, kisəni belinə qoydum, bir dəfə, iki dəfə, üç dəfə apardı. Sonra gəldi dedi ki, "sluşay, ya prepodavatel". Dedim, "nu i şto?" Sonra əlavə etdim ki, "izvini". Müəllimdi, kisəni çiyninə atmışam, aparıb. Yəni bu qədər demokratiya var idi.

Orxan intellektual səviyyəsi, məzəli danışıqları ilə seçilirdi. Zarafatcıl idi. Həm də onun cəmiyyət, insanlar haqqında fikirləri fərqli idi. O vaxtlar da fərqli idi, indi də onun düşüncə tərzi tamamilə başqadır və Orxan Fikrətoğlu o vaxtdan nəzərimdə gələcəyin intellektual bir söz sahibi kimi qalıb. Mənim o fikirlərim də doğruldu.

Tələbəlik illərində əlaqəmiz ancaq o bir ay ərzində olub və təsəvvür edin, o bir ay demək olar ki, bir ili əhatə edirdi. Çünki hər saat, hər dəqiqə bir yerdə idik. Dost idik. İllah da axşamlar yemək zamanı (mən gündüz işində olduğum üçün gözəl yeməklər bişirərdim) hər kəs başıma yığışardı. Hətta azərbaycanlı tələbələr mənə "bizim mənəvi atamız" deyirdilər. Onlar gündüz oxuyurdular, axşamlar bir yerə yığışırdıq. Orada ermənilər var idi. Bir dəfə Orxan Fikrətoğlu da orada olanda rəhmətlik Şaiq Vəlinin erməni ilə davası düşmüşdü. Biz hamımız bir olduq, ermənilərlə qarşı-qarşıya gəldik və onlar məğlub oldular. Düzdür, dalaşmadıq, amma məğlub oldular. Sovetin vaxtı olsa da, müəyyən məsələlərdə erməni məkri üzə çıxırdı. 

Bir dəfə axşam bizdə məclisə yığışıb çörək yeyirdik. Çörəyimiz yox idi, gecə də çörək almaq bir az çətin idi. 10 nəfərə bir parça çörək var idi. Bir nəfər azərbaycanlı oğlan var idi, bu oğlan çörəyi götürdü, qaçdı. Sonra biz etiraz etdik. Orxan dedi ki, "əşşi, daha indi qaçıb, qaçıb da, eybi yox, gəlin, bu axşam da pəhriz edək". Yəni bax, elə zarafatlarımız olurdu".

"Orxan Fikrətoğlu danışdığı kimi yaşayır"

"Mən yaşda Orxandan böyüyəm. Amma onda hər kəs tay-tuş kimiydi. Hərdən yığışardıq, bir-birimizə yazılarımızı oxuyardıq və həmin o yazılar oxunanda da görünürdü ki, Orxanın yazı tərzi tamamilə başqadı. Orxan indi də təbii ki, qələm adamı kimi çox tanınmış bir insandır. Demək istəyirəm, Orxan gənclik illərində də fərqli bir insan olub, indi də fərqlidir. Çalışqan, zəhmətkeş bir insandır.

Bu gün də Orxanla görüşürməyə davam edirik. Düzdür, indi hər kəsin işi çoxdur. Ola bilər ildə bir dəfə, iki ildən bir görüşürük. Hərdənbir tədbirdəmi, hardasamı görüşürük və həmişə də o illəri xatırlayırıq.

Bir jurnalist kimi Orxan Fikrətoğlunu yüksək qiymətləndirirəm. Çünki onun yazı, danışıq tərzi tamamilə fərqlidir. Orxan həm də ssenaristdir. Yaxşı filmləri var. Yəni Orxan Fikrətoğlu danışdığı kimi yaşayır, danışdığı kimi yazır. O, həmişə təşbeh, mübaliğə, müəyyən qığılcımlarla, ironiya ilə danışır, yəni onun cəmiyyətə, insanlara, hadisələrə qarşı olan ironiyası var. Və ciddi ironiyası var. Həm jurnalist, publisist, həm də yazıçı kimi həqiqəti deməyi, cəmiyyətdə sözünü deməyi bacarır. Orxan Fikrətoğlu elə tələbəlik illərində də bizim yadımızda o cür qalıb.

Orxan səmimi, dostunun dar günündə yanında olan bir insandır. Ona çox güvənirəm. Çünki mən götürüb ona zəng etsəm ki, Orxan, biz görüşək, o saat gələr, görüşərik. İstiqanlı bir insandır. Amma təəssüf, cəmiyyət elədir ki, indi hərənin başı qarışıb, tez-tez görüşmək olmur. Dostlarımız çoxdur, hamıyla tez-tez görüşmək olmur, amma hərdən telefonla əlaqə saxlayırıq. Heç olmasa ayda bir dəfə bir-birimizdən xəbərdar oluruq.

Orxan Fikrətoğluna arzum budur ki, indiki səviyyəsindən daha da yüksək səviyyələrə qalxsın, daha da məşhurlaşsın, nəinki Azərbaycanda, başqa ölkələrdə də onu tanısınlar, çoxlu kitabları çıxsın. Orxana ailə səadəti arzulayıram. Balalarının gələcəkdə yaxşı mövqe tutmağını, özünün yaxşı mövqe tutmağını və ən əsası ona can sağlığı arzu edirəm".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.