"Professor bilir ki, tələbə hansı məbləğdə pul ödəyir..." - FOTO

11 Aprel 2015 17:09

Orxan Ağazadə: "İngilislər bizdən fərqli olaraq aza qane olurlar"

İngiltərədə insanların təfəkkürü, düşüncə tərzi, daha çox maddiyyatı deyil, mənəviyyatı düşünməsi onu təəccübləndirib. Deyir ki, orada insanlar aza qane olurlar. Bizdəki kimi 2-3-mərtəbəli evə ehtiyac görmürlər. Müsahibimiz dövlət xətti ilə London Film Məktəbində magistratura pilləsində təhsil alan Orxan Ağazadədir. Onunla təhsili və Londonda gördüklərindən danışdıq...

- Orta məktəbi bitirib təhsilimi Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində davam etdirdim. Universiteti bitirdikdən sonra hərbi xidmətimi çəkib bir-iki il əsasən televiziyada, sənədli film sahəsində çalışdım. Sonra pul qazanmağı bir kənara qoyub ingilis dili ilə məşğul olmağa başladım. Məqsədim magistratura təhsilimi xaricdə almaq idi. Qəbul üçün Avropa ölkələri və Amerikadakı bir neçə universitetə müraciət etdim. London Film Məktəbindən müsbət cavab alandan sonra sənədlərimi xaricdə təhsil üzrə dövlət proqramına verib qəbul oldum.

- Nəyə görə jurnalistikanı bitirdiyiniz halda, rejissor olmaq istədiniz?

- Atam rejissor olduğu üçün evdə hər zaman kino haqqında söhbət gedirdi. Mənim də bu sənətə böyük marağım var idi. Amma atam rejissor olmağıma razı deyildi. Həmişə zarafatla "bilsəm ki, rejissor olacaqsan, səni beşikdə boğardım" deyirdi. Mən də ixtisas seçimi zamanı kino sferasına daha yaxın olan jurnalistika ixtisasını seçdim. Jurnalistikada əsas olan faktdır, sənin fikrin kiməsə maraqlı deyil. Amma mən yazı yazanda öz fikirlərimi də əlavə edirdim. Müəllimlər bunun jurnalistika olmadığını deyirdilər. Buna görə də özümü jurnalistikada görə bilmirdim. İşə telekanallardan birində senarist-redaktor kimi başladım, daha sonra sənədli film çəkdim.

- İlk dəfə Londona gedəndə sizi nə təəccübləndirdi?

- İnsanların təfəkkürü, düşüncə tərzi, daha çox maddiyyatı deyil, mənəviyyatı düşünməsi məni təəccübləndirdi. Yəni, insanlar aza qane olurlar. Bizdə isə tamam başqa cürdür. İstəyirik ki, evimiz 2-3-mərtəbəli olsun. Belə şeylərə çox pul xərcləyirik, nəinki mənəvi istirahətimizə. Londonda kiməsə yaxınlaşıb nəsə soruşsan, mütləq sənə kömək etməyə çalışacaq. Bir dəfə gecə saat birdə qaradərili kişidən gedəcəyim marşrutun dayanacağını soruşdum. Məni başa saldı. Yolu keçəndən sonra məni arxadan çağırdı, fiziki qüsurlu olmasına baxmayaraq, özü də mənə görə yolun digər səmtinə keçib gedəcəyim yeri bir daha başa saldı. Ümumiyyətlə, London çoxmillətli şəhərdir və hər kəs bir-birinə əlindən gələn köməkliyi edir.

- Gənclərimiz arasında hansı fərqlər hiss etdiniz?

- Burada ilk növbədə kiməsə geyimə görə pis baxmırlar, hərə istədiyi tərzdə geyinib küçəyə çıxa bilir. Bizdə isə əksinə, gənclər həm öz, həm də başqalarının geyimlərinə çox diqqət yetirirlər. Bundan başqa, tələbələr 5 gün oxuyur, işçilər 5 gün işləyir və 5-ci gündən evə yox, hamısı harasa istirahətə yollanırlar. Bizdə isə yığışıb harasa getmək qərarı müzakirə olunanda hərə bir yana getməyi məsləhət görür. Nəticədə heç yerə getmirlər. Gedəndə də stolun üstündə barmaq qoymağa yer olmur. O qədər yeyirsən ki, sonra tərpənə bilmirsən. Bu da olur bizim istirahətimiz. Amma burada balaca bir stolun ətrafına 15 nəfər yığılır, hərənin qarşısında bir parç pivə, ya da bir stəkan şirə olur. Beləcə, çox rahat istirahət alınır. Bazar günü axşam da hamı evlərinə dağılıb 1-ci gün işə hazırlaşır. Yaxud tələbələrdən kimsə istirahət günü qrup uşaqlarını evlərinə dəvət edir. Hərə gedəndə özüylə içki, cipsi, şirə və s. aparır. Orada bizdəki kimi qoyun-filan kəsmək, dəmdəstgah açmaq yoxdur. Bir stəkan şirə içib, çips yeyib, şənlənə bilirlər.

- Orxan, təhsillərimiz arasında hansı fərq var?

- Burada diktə edən tələbədir. Professor bilir ki, tələbə hansı məbləğdə pul ödəyir və bunun müqabilində ona istədiyi təhsil verilməlidir. Burada tələbə hansısa professordan xoşu gəlmirsə, onu dəyişə bilərlər. Bundan başqa, bizim təhsil aldığımız universitetdə nəzəriyyədən daha çox təcrübəyə yer verilir. Rejissorluq fakültəsində oxuyan tələbənin çəkilişdə iştirakı məcburidir.
Burada modul sistemi tətbiq edilib, yəni təhsil internet vasitəsi ilə idarə olunur. Mən bu sistem vasitəsi ilə modula girib hər hansı bir dərsi yükləyə bilərəm. Müəllimin istinad etdiyi kitabların, filmlərin hamısı orada var. Dərsə getməsəm belə, evdə bu modul vasitəsilə dərsə hazırlaşa bilərəm.

- Dərslərdə daha çox təcrübəyə önəm verildiyini deyirsiniz. Film çəkilişləri zamanı ictimai yerlərdə sizə şərait yaradılırmı?

- Çəkilişdən əvvəl ssenari dəqiqləşdirilir və eyni qrupda olan uşaqlarla razılaşdırılır. Daha sonra risk faktorlarına nəzər salınır. Məsələn, əgər ssenaridə qəhrəman çaydanı qaynamağa qoyub, qaynadıqdan sonra onun qapağını götürürsə, yaxud çaydanı başqa yerə qoyursa, bu risk faktoru sayılır. Çünki qaynar suda aktyorun əli yana bilər və onun əlinin yanmaması üçün əvvəlcədən tədbir görülməlidir. Bu, ilk baxışdan formal görünsə də, zəruridir. Çünki ortada insan faktoru, onun zədə almaması durur.

Başqa bir misal çəkim. Bizim filmimizdə qızla-oğlanın yolda siqaret çəkmə səhnəsi var idi. Müəllimlərimiz məsləhət gördü ki, məktəbdən od söndürən alət aparmalısınız. Çünki siqaret yanğın sala bilər, yanımızda bunu söndürmək üçün alət olmasa, bu, məktəbimiz üçün çox böyük bir problem yaradar. Qeyd edim ki, 1990-cı illərdə çəkiliş zamanı hansısa stadionda yanğın nəticəsində çoxlu itki olduğuna görə risk faktorlarına xüsusi fikir verilir.

Əgər çəkiliş küçədədirsə, yerli icra orqanından həm onlayn formada, həm də şifahi zəng etməklə icazə almalısan. Müraciət formasını doldurmaq 25 funtdur (37.5 dollar). Yerli orqandan da çəkiliş olacaq ərazidə yaşayanlara bu barədə əvvəlcədən məlumat verilir ki, kimsə çəkilişi görəndə çaş-baş qalmasın.

Film çəkilişində ştativdən istifadə etmək üçün ərazidən asılı olaraq yerli hakimiyyət orqanına təxminən 125 funt (187.5 dollar) civarında pul köçürməlisən. Amma biz tələbə olduğumuza görə çəkiliş apardığımız ərazinin rəhbərliyi ilə razılaşdırıb, pul ödəmədik. Ştativ istifadə edirsinizsə, bu o deməkdir ki, siz hər hansısa bir ərazini zəbt edirsiniz. Amma kamera ilə çiyninizin üzərində çəkirsinizsə, pul ödəməyə ehtiyac yoxdur.

Əgər film çəkirsinizsə və polis gəlib həmin yerdə çəkiliş aparmağın qadağan olunduğunu deyirsə, başqa söhbət ola bilməz, mütləq getməlisiniz. Film çəkilişi zamanı küçədə odlu silahdan istifadə etmək, ümumiyyətlə, qadağandır. Əgər evdə hansısa kriminal səhnə çəkilirsə, bu barədə bütün qonşular xəbərdar edilməlidir. Lazım gəlsə, onlara oxuduğunuz təhsil müəssisəsinin möhürü ilə rəsmi formada məktub da gətirirsiniz. Çünki qonşu kriminal çəkilişlərin olduğu səhnəni görüb real saya bilər. Bu zaman polisə xəbər verər. Buna görə də siz əvvəlcədən qonşuları, ətrafdakıları xəbərdar etməlisiniz ki, filan vaxtdan filan vaxta kimi çəkiliş gedəcək və çəkilişdə filan səhnələr var. Dediklərim bütün kinoindustriyalar üçün keçərlidir.

- Film çəkilişləri üçün oxuduğunuz təhsil müəssisəsi pul ayırırmı?

- Birinci semestrdə məktəbdən hər bir kino çəkilişi üçün 160 funt (240 dollar) ayrıldı. Amma sonrakı semestrlərdə məbləğ artır, çünki sonra filmlərin müddəti də artır. Verilən pula yemək, nəqliyyat, çəkiliş üçün lazım olan digər xərclər daxildir.

Əslində 160 funt bir filmin çəkilməsi üçün azdır. 3 dəqiqəlik səssiz, ağ-qara film çəkirik. Əlavə xərcimiz çıxsa, bunu özümüz qarşılamalıyıq. Bir dəfə bizdə iki filmdən 50-60 funt artıq qaldı. İtaliyadan olan qrup yoldaşımızın əmisinin restoranında bunu qeyd etdik.

- Aktyorları haradan tapırsınız? Onlara da qonorar verilir?

- Aktyor seçimi ən zövqverici işdir. Londonda çoxlu aktyor kursları, eyni zamanda məktəbi qurtarıb işə düzələ bilməyənlər var. Onlar böyük məmnuniyyətlə bizim çəkdiyimiz filmlərdə iştirak edirlər. Aktyorların xüsusi səhifəsi var. Orada elan verirsən, kim çəkilişə maraqlıdırsa, sənə yazır. Sonra aktyorlarla görüşür və filmə uyğun olanı çəkiliş üçün qəbul edirsən. Onlara qonorar verilmir, sadəcə, uzaqdan gələn varsa, gedişhaqqını ödəməyi təklif edirsən. Elə aktyor var ki, yolpulunu özü qarşılamaq istəyir. Bir də çəkiliş zamanı aktyorlardan kimin pəhriz saxladığı, kimin vegetarian olduğu və s. detallar öyrənilərək nahar sifariş verilir.

- Orxan, bir az da Londondakı yaşayışdan danışaq. Pulunuz ən çox nəyə çıxır?

- London çox bahalı şəhərdir. Ən çox xərc isə nəqliyyata çıxır. Nəqliyyat burada ideal çalışır. Avtobuslar 24 saat işləyir. Elektriklə işləyən avtobuslar da var. Ən bahalı nəqliyyat növü metrodur. Nəqliyyat kartında tələbələr üçün 15 faizə yaxın endirim olur. Mən nəqliyyat kartıma aylıq 86 funt (129 dollar) xərcləyirəm. Metroda məsafə artdıqca gedişhaqqı da artır. Şəhərin nəqliyyat sferası 6 zonaya bölünüb. Avtobus üçün 1 günlük bilet 5 funtdur (7.5 dollar), 1 aylıq 70-80 funtdur (105-120 dollar) və sən 1-ci zonadan 6-cı zonaya kimi istənilən yerə gedə bilərsən, amma metroda bu, fərqlidir. Metro gedişi zonalara görə fərqlənir. Deyək ki, ən azı 2 funtdan (3 dollar) başlayır və məsafəyə görə dəyişir.

- Yemək necə, çoxmu bahadır?

- Bəli, bahadır. Yeməkləri özüm bişirməyə çalışıram. Bir qazan şorba bişirib bir həftə yeyirəm. Ən çox bişirdiyim və tez başa gələn yemək makarondur. Bazarlığı yanımızdakı marketin halal məhsullar bölməsindən edirəm. Amma İngiltərədə aldığım ət, toyuq, Azərbaycandakının dadını vermir. Arada türklərin restoranına gedib ağız dadımı dəyişirəm.

- Kirayədə qalırsınız, yəqin. Kirayə haqları necədir?

- Adətən universitetlərin yataqxanaları baha olur. Buna görə də şəhərdə ikimərtəbəli şəxsi evdə kirayədə qalıram. Burada məndən başqa, iki cütlük və ayrı-ayrılıqda iki nəfər də yaşayır. 7 nəfərik, hərəmizə bir otaq düşür. Mən bir otaq üçün 500 funt (750 dollar) kirayə haqqı ödəyirəm. Deyə bilmərəm ki, qaldığım yer çox gözəldir. Amma tələbə üçün lazım olan minumum şərtlər ödənilir.

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.