Rəsmi qəzet telekanallardan yazdı: "Onsuz da xeyri yoxdur"

11 Aprel 2015 14:21

Bir daha bu və digər hallara rəvac verən bəzi televerilişlər barədə

Bəri başdan bilirik, bu yazdıqlarımızın heç bir xeyri, heç bir təsiri olmayacaq, dəyirman başımızı ağrıtmaqda davam edəcək və "çax-çax"ımız özümüzə qalacaq. Amma nə edək, vəziyyəti dəyişməyə nə əlimiz çatır, nə də səlahiyyətimiz! Əlimizin və səlahiyyətimizin çatdığı yazmaqdır ki, onu da edirik, hətta əhəmiyyətinə inanmasaq belə!

Heç şübhə yoxdur ki, Azərbaycan teletamaşaçılarının əksər hissəsi peyk antenlərini, kabel, internet televiziyalarını "icad" edənlərin dünyasını dəyişənlərinə oturub-durub rəhmət diləyir. Niyə də diləməsin?! Axı, məhz İKT-nin həmin yeni yayım texnologiyaları bizi ölkənin bütün mənalarda özəl olan telekanallarının "musiqi"li əttökən verilişlərinin əzab-əziyyətindən xilas edir. Ay başınıza dönək, efir vaxtını nə qədər zövqsüz və bayağı musiqi, səviyyəsiz və qeyri-peşəkar müğənnilərlə doldurmaq olar?! Sutkanın hansı saatında hansı özəl telekanala baxırsan eyni mövzu, eyni söz-söhbət, eyni sifət bir-birinə calanır. Sanki tamaşaçıların qəsdinə durub əsəbləri ilə oynayırlar. Oynamaq demişkən, xüsusən son vaxtlar telekanalların toy mahnıları repertuarlarına toy rəqsləri də əlavə edilib. Kim əl-qolunu yelləyə-yelləyə tullanıb düşməyi bacarırsa "müəllif verilişləri"nin qonağı olur, özü də yeri gəldi-gəlmədi. Beləcə hətta ilk baxışdan ciddi məsələnin müzakirəsinə həsr edilən verilişlərə də zəhlətökən "musiqi"li "naxış"lar vurulur. Və həmin "naxış"lar əksər vaxt o dərəcədə olur ki, kənardan baxanlar Azərbaycan əhalisinin yalnız oxuyub-oynadığını təsəvvür edirlər. Sanki bu ölkədə müzakirə olunası, ictimaiyyətin diqqətinə çatdırılası heç bir problem, əhalinin maarifləndirilməsinə, beynəlxalq vəziyyətdən tutmuş kənd təsərrüfatınacan müxtəlif sahələr üzrə bilgilər almasına ehtiyac yoxdur! Ehtiyac olan təkcə çal-çağırdır!

Əslində, özəl telekanallarda belə vəziyyətin hökm sürməsinin səbəbi məlumdur: müğənni-efir-toy üçbucağıdır telekanallarımızı bu abırsız günə salan. Yaradıcılıqlarını toya hesablayan, sənətlərinin "toy tutmaq"dan ibarət olduğunu zənn edən müğənni, rəqqas və "tamada"lar yaxşı bilirlər ki, çox efir çox toy deməkdir. Elə isə telekanalların "bağlı" qapılarını açmaq üçün niyə "minnətçi" düşməsinlər?! Bunu biz demirik, özləri etiraf edirlər. Bir də ki, tamaşaçılar üçün az qala "Bermud üçbucağı"na çevrilmiş həmin üçlüyün iş birliyini görmək üçün elə bir dərin müşahidə qabiliyyətinə malik olmağa ehtiyac yoxdur. Əks halda, məsələn, cavanlar arasında boşanma hallarının artmasına həsr edilən verilişdə 2-3 dəfə ərdə olmuş müğənninin nə işi var, özü də... ekspert qismində. Ümumiyyətlə, bizim "efir ekspert"lərinin əksəriyyəti bir qayda olaraq belələridir, yəni davranışları, həyat tərzləri, dünyagörüşləri, savadları və nəhayət, sənətləri ilə başqalarına nümunə ola bilməyəcək kəslər! İndi nə edək, belələri toy tutacaqlar deyə, efirdən hər gün, hər saat bizə toy tutmalıdırlar?! Hara baxır həmin telekanalların rəhbərləri, görəsən, öz verilişlərindəki bu üzdəniraq vəziyyəti görmürlər?! Əgər görmürlərsə, deməli, səviyyəli tamaşaçı kimi onlar da xarici telekanallara baxırlar. Yox, əgər görüb əncam çəkmirlərsə, bu, başqa mətləbdən xəbər verir... Və həmin ehtimal olunan mətləbin nəticəsidir ki, bu gün aparıcıların qonaqlarla birlikdə efirdə çıxarmadıqları oyunlar yoxdur. Diş ağartmaq, "şpaqat" açmaq, həmsöhbətinin üstünə çəmkirmək, sözünü kəsmək və s. artıq bizim telekanalların "müəllif verilişləri" üçün adi hallardır. Bu gün belə teleaparıcıların məqsədi ya qalmaqal yaratmaq, ya da göz yaşları axıtdırmaqdır. Onlardan da korluq çəkmirik, yaxşı iş deyil ki, gündüz çıraqla axtaraq. Didişə-didişə özlərinə layiq gündəmdə qalmaq, göz yaşı ilə reytinq qazanmaq istəyənlərin sayı kifayət qədərdir. Yeri gəlmişkən, bu yaxınlarda saytlardan oxuduq ki, ölkənin ən "gözüyaşlı" verilişi bir neçə dubla çəkilir. Səbəbi də ilk dubllarda axıdılan göz yaşlarının "həcm"inin aparıcını qane etməməsidir. Bu zamansa köməyə qəmli türk mahnıları gəlir. İnsafən, pis alınmır, ekranın o tayındakı tamaşaçılar arasında studiyadakılara qoşulub ağlayanların sayı kifayət qədər olur. Daha nə lazımdır, baxdıqca baxılır, ağladıqca ağladır...

Bu kinayəmiz heç də belə başa düşülməsin ki, biz telekanalların sosial məzmunlu verilişlər hazırlamasının əleyhinəyik. Birbaşa deyirik: nəinki əleyhinəyik, hətta bunun tərəfdarıyıq. Heç kim hansı səbəbdənsə uzun illər bir-birindən ayrı düşmüş doğmaların qovuşdurulmasına, hansısa xəstənin müalicə etdirilməsinə, küsülülərin barışdırılmasına, işsizlərin işlə təmin olunmasına pis baxmır. Bu cür sosial problemlərin ictimailəşdirilərək həll olunmasında pis baxdığımız, yəni qəbul etmədiyimiz belə verilişlərin peşəkarlıqla hazırlanmaması, daha doğrusu, keyfiyyətsiz şouya çevrilməsidir. Ümumiyyətlə, başqasının bəxtsiz taleyindən serial şoular (veriliş demək çətindir) düzəltmək, istər "Öz aramızda" olsun, istərsə də "Adam içində", yumşaq desək, yaramaz bir işdir. Bu nə jurnalist etikasına sığır, nə də insani münasibətlərə! Heç kim heç bir aparıcıya haqq verməyib ki, onun acı həyatı üzərində özünə şirin reytinq qursun, hətta sonda yaxşı nəyəsə ümid bəsləsə də... Yaxşılıq etmək istəyirsinizsə, bunun yolu var. Necə olur ki, "Toylar kralı"nı, "Nömrə 1"i, "Xalqın artisti"ni və daha hansı lazımsızları SMS-lə seçə bilirsiniz (göndərilən hər SMS müəyyən miqdarda puldur), amma hansısa xəstəyə maddi yardım lazım olanda İKT-nin bu texniki imkanı yada düşmür. Düşmürsə, Rusiyanın 1-ci kanalının internet saytına nəzər salın. Bu kanal uşağının müalicəsinə vəsaiti olmayan valideynlərə SMS-lə maddi dəstək verilməsini təşkil edir, şousuz-filansız, 1-2 dəqiqəlik ciddi bir süjetlə. Nəticəsi də göz qabağındadır, bir neçə günə yüz minlər toplanır.

Uşaqlardan söz düşmüşkən bir məqama da diqqət çəkmək istərdik. Adətən dünyanın əksər telekanallarında bəxtsiz uşaq talelərindən bəhs edilən verilişlərdə onların üzü göstərilmir. Çoxdan qəbul olunmuş bu qaydanın hamıya məlum nəcib bir səbəbi var - böyüklərin səhvinin qurbanı olan uşaqların öz ətrafı var və onlara bugünün acısı həmyaşıdları arasında problem yaşatmamalıdır.

Bəs, bizim telekanallarda neyləyirlər? Xəstə uşaqların həftənin 5 günü, günün 2 saatı ekrandan əskik olmaması və bu görüntülər sonunda qəmli musiqi və göz yaşları bir yana, yanında və ya qucağında uşaq kamera qarşısında süni, qeyri-səmimi üz cizgiləri ilə poza verən, bəzənsə hətta diz çökən aparıcı efirdə özünü tamaşaçıya xeyirxah qəhrəman kimi təqdim edir. Çünki verilişinin reytinqini bunda görür. Onu nə efir etikası maraqlandırır, nə də həmin reytinq üçün vasitə seçdiyi heç nədən xəbəri olmayan uşağı məzlum hala salması. Təki ürəklər parçalansın, gözlər yaş axıtsın.

Ümumiyyətlə, bu reytinq məsələsi kal armud kimi ilişib qalıb bizim telekanalların boğazında. Hansı səviyyəsiz verilişi "qaldırırsan", altından "yüksək reytinq" çıxır. Deyirsən, ay bala, efirdə ədəbdən, tərbiyədən kənar, hətta iki nəfərin öz arasında belə danışmağa utandığı mövzuları müzakirə etmək olmaz, cavab verirlər ki, tamaşaçılar bu cür verilişlərə daha çox baxırlar. Amma nə olsun, bu, efir ədəbsizliyinə və tərbiyəsizliyinə haqq verə bilməz axı... Biz də bilirik ki, verilişlərdə tamaşaçı marağı nəzərə alınmalıdır. Lakin bu da nəzərə alınmalıdır ki, həmin maraq birbaşa insan psixologiyası ilə bağlıdır və o, adətən məlum səbəblərdən ictimai müzakirəsi qəbul olunmayan mövzulara daha çox meyillidir. Bir də ki, tamaşaçıda maraq doğurmaq üçün ona nəyi təqdim etməklə yanaşı, necə təqdim etmək də əsasdır. Bu yerdə köhnə bir lətifəni xatırlatmaq yerinə düşərdi: "XIX əsrin iki klassik rus şairi xalqın onların hansını daha çox sevdiyi, tanıdığı, indiki terminlə desək, hansının daha çox reytinqi olduğu barədə mübahisə edir. Mübahisənin uzandığını görən şairlər qərara gəlirlər ki, axşam Nevski prospektinə çıxsınlar və adamlar kimə daha çox baxsa, bir-birinə hansını daha çox göstərsə, o da xalqın daha çox tanıdığı şairdir. Şairlərdən biri həmin gəzintiyə özünün o zaman üçün ən dəbdə olan kostyumunu, "kəpənək" qalstukunu, şlyapasını geyinərək, digəri isə... anadangəlmə lüt çıxır". Belə halda o vaxtkı Sankt-Peterburq elitasının gəzinti yeri olan Nevski prospektində adamların daha çox kimə baxdığını bilmək çətin deyil!

İndi budur, bizim özəl telekanallardakı əksər verilişlər də adamlar ona baxsın deyə gəzintiyə lüt çıxan rus şairinin günündədir. Vallah, hətta ən ciddi xəstəliyin müzakirəsinə həsr edilən verilişlərə toy müğənniləri çağrılmasaydı, ekspert, qonaq və digər adlarla efirə çıxan bir çoxlarının əsas məqsədləri açıq libaslarını, zövqsüz kirşanını tamaşaçının gözünə soxmaq olmasaydı, məlum təbəqənin tərbiyəsiz dəbdəbəli həyatı efirlərə yol tapmasaydı, telekanallar Azərbaycan məşhurları və tanınmışlarının yalnız istedadsız incəsənət adamlarından ibarət olduğunu bilməsəydi və s. bu qənaətə gəlməzdik. Doğrudanmı, xəstəliklərdən toy mahnılarının müşayiəti ilə danışmaq lazımdır, yaxud hamıya məlum marağın xatirinə yoldan ötən birini studiyada otuzduraraq tamaşaçıları onun "gül" sifətinə, "dərin məsləhət"inə qulaq asmağa məcbur etmək belə vacibdir?! Bəlkə adını "Qonaqlıq" qoyub müğənnilərin layiq olmayıb malik olduqları cah-calalı göstərmək yüz minlərlə qaçqın və məcburi köçkünün sosial sifarişidir, xəbərimiz yoxdur?! Yoxsa, bu xalqın alimləri, ziyalıları, müxtəlif sahələr üzrə mütəxəssisləri yoxdur, məşhurlarımızın, tanınmışlarımızın hamısı restoran və şadlıq saraylarında işləyənlərdir?! Deyəsən, bizdə heç möhkəm ailə, sədaqətli gənc, mehriban valideyn, qayğıkeş övlad da yoxdur! Hər halda özəl telekanallarımızın "sosial" verilişlərinə baxanda belə qənaətə gəlmək mümkündür.

Həmçinin mümkündür ki, həmin verilişlərin müəllifləri də bizə irad tutsunlar. Desinlər ki, nümunəvi ailəni, vətənpərvər gəncləri, elm adamlarını, sosial-iqtisadi uğurları, peşəkar musiqini və s.-ni təbliğ etmək üçün başqa telekanallar var, bizimsə vəzifəmiz cəmiyyətin bütün sahələrindəki nöqsanları göstərməkdir. Etiraz etmirik. Heç kim nöqsanların ört-basdır olunmasının tərəfdarı deyil və hətta dövlət səviyyəsində də bu tələb edilmir. Yəni etirazımız həmin nöqsanların, cəmiyyətin müxtəlif təbəqələri arasında hətta bu yaxınlaracan rastlaşmadığımız, eşitmədiyimiz halların baş verməsinin niyə yox, necə ictimailəşdirilməsinə, daha doğrusu, onun səviyyəsinədir.

Amma səviyyə haradan olsun ki?! Bir verilişin ki, baş "qəhrəman"ları aşbaz və toy müğənnisidir, ondan səviyyə gözləməyə dəyərmi? Şükürlər olsun, indi Azərbaycanda bütün sahələr üzrə müasir biliklərə malik savadlı mütəxəssislər, ekspertlər var. Olmayan onları görüb verilişlərə dəvət etmək istəyidir! Nəylərinə lazım, onlardansa müğənni sərfəlidir, həm verilişi "feyziyab" edir, həm də... Allah bərəkət versin.

Bu gün Azərbaycanda bütün ölkə ərazisində yayımlanan telekanalların sayının az olması faktdır. Ayrı-ayrı sahələr üzrə cəmi 2 telekanalımız ("Mədəniyyət" və "İdman Azərbaycan") var ki, onlar da sutka ərzində yayımlanmır. Xəbərlər, iqtisadi, uşaq, kino, elmi-kütləvi, ailə, əyləncə, musiqi və s. kanalları haqqında isə yalnız arzulaya bilərik. Sözsüz ki, bu kəmiyyət göstəricisi keyfiyyətə də təsir edir. Bu səbəbdən sadaladığımız və qeyd etmədiyimiz bütün sahələr arasında qeyri-peşəkarcasına vurnuxan mövcud telekanallarımız "Əli aşından da olur, Vəli aşından da". Nəticədə ölkənin efir məkanında əzabını çəkdiyimiz indiki vəziyyət hökm sürür. Bu nə qədər davam edəcək, deyə bilmərik. Əvəzində onu deyə bilərik ki, ekran qarşısında oturarkən nəyə və niyə baxdığınızın fərqinə varın.

Sonda bir məqamı etiraf edək. Ola bilsin, yazımızda telekanallarımızın bu gün tamaşaçıları qane etməyən bütün məsələlərə toxuna bilmədik. Amma inanın, bu bizlik deyil. Televiziya kanallarımızın verilişlərində forma və məzmunca o qədər çatışmazlıqlar, səviyyəli tamaşaçını qane etməyən cəhətlər var ki, onları yığıb-yığışdırmaq heç kimə asan görünməsin. Buna baxmayaraq, bir qismi haqqında fikirlərimizi bölüşməyə cəhd etdik, hətta, yazının əvvəlində qeyd etdiyimiz kimi, hansısa dəyişikliyə inanmasaq da!

"Azərbaycan"