Bakıya məcburi eniş edən təyyarədən xəbər var
11 Aprel 2015 11:48
Dünən Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edən "British Airways" şirkətinin Bakıdan Londona uçmalı olan sərnişinlərindən 36 nəfəri "Lufthansa" şirkətinin təyyarəsi ilə Londona yola salınıb.
Bunu APA-ya"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib.
Onun sözlərinə görə, bu sərnişinlərdən 20 nəfəri hava limanının yaxınlığında yerləşən mehmanxanada yerləşdiriblər: "Qalan sərnişinlər Bakı şəhərinin müxtəlif yerlərindədir".
O bildirib ki, təyyarədə olan texniki nasazlığı aradan qaldırmaq üçün Londondan ehtiyat hissəsi gətirilməlidir: "Təyyarə xırda təmirdən sonra bu gün axşam saatlarında yenidən Londona yola salınacaq".
Qeyd edək ki, dünən axşam saatlarında "British Airways" şirkətinin Bakıdan Londona uçan təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib. Aprelin 10-da Bakıdan Londona uçan "British Airways" şirkətinə məxsus "Aerobus-321" tipli təyyarə 21:19-da havaya qalxıb. Uçuşdan 11 dəqiqə sonra gəmi kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun dispetçer xidməti ilə əlaqə saxlayaraq təyyarənin iki mühərrikindən birində yanğın baş verdiyini bildirib və Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edəcəyi barədə xəbər verib. Təyyarənin göyərtəsində olan 92 sərnişin və heyət üzvlərindən heç kəs xəsarət almayıb.
Milli.Az