Bəzi müştərilər gecə 12-dən sonra gül almaq istəyirlər - VİDEO

11 Aprel 2015 09:55

Bakıda 24 saat fəaliyyət göstərən gül mağazaları var

Gül mağazalarına gündüzlər olduğu kimi gecələr də tələbat var.

ANS TV-nin məlumatına görə, güllər, hər bir şad və xüsusi günlərdə yada düşən ilk hədiyyə sayılır. Əlbəttə, xanımlar üçün ən cazibədar və gözəl hədiyyələr içərisində güllərin rolu böyükdür. Fərqi yoxdur, tək halda, yaxud da buket formasında. Bir tərəfdən də çiçəklər romantik insanlar və romantik anlar üçün ən əvəzedilməz rola malikdir.

Fəsildən, gündən, aydan aslı olmayaraq onlara tələbat hər zaman var. Paytaxt Bakının elə bir guşəsi yoxdur ki, orada gül mağazasına rast gəlməyəsən. Bu obyektlərin əksəriyyəti tələbata uyğun olaraq gündüz saatlarında işləsə də, elə satış nöqtələri var ki, onlar 24 saat iş rejimində işləyirlər.

Gül mağazasının satıcısı Polad Rzayev 10 ildən artıqdır bu işlə məşğul olduğunu deyir.

"Bu işlə məşğul olmaq üçün gərək bütün gül növlərinin xüsusiyyətlərini biləsən. Ən əsası isə işinin peşəkarı olasan, həm də xəyal gücün böyük olmalıdır. O ki qaldı gecə işləməyə, bu həm məsuliyyət, həm də səliqə-səhman tələb edir. Gecə elə işlər var ki, gündüz o işləri görə bilmirik. Məhz gecələr güllərin suyunu dəyişirik. Gündüz müştərilər gəlib-getdiyinə görə bu işləri görə bilmirik. Ad günü, toy - bu kimi tədbirlər gündüzlər olduğuna görə müştəri çox olur".

Əsasən Hollandiya və Ekvadorda yetişdirilən gül növlərini aldıqlarını deyən satıcı ölkədə becərilən sortların satışını da həyata keçirdiklərini bildirdi. Uzun illərə söykənən bu peşə həvəsi onu artıq peşəkar etdiyini deyir. Son bir neçə ilini gecə güllərlə keçirən müsahibim bu vaxt ərzində maraqlı və gülməli hallarla rastlaşdığını da deyir:

"Səhər saatlarında bir oğlan gəlib buket aldı. Sonra axşam xanımı ilə mağazaya gələrək eyni buketi istədi. Xanımı da dedi ki, səhər kimə gül almısan ki? Dava elədilər, çıxdılar. Gül də almadılar".

Ən çox qızılgül növlərinə tələbatın olduğunu deyən müsahibim mövsümü çiçəklərin çox satıldığını bildirdi. Bunun səbəbi isə həm tez hazırlanıb ərsəyə gəlməsi, həm də istənilən məbləğdə gül çeşidinin olmasıdır.

Odur ki, həm əzizləriniz üçün, həm də cibinizə uyğun hədiyyə güldür.

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

фото