Bıçaqlanan şair: "İstədim qarnına bıçaq soxam..." - FOTO

10 Aprel 2015 09:51
Milli.Az kulis.lent.az-a istinadən bu günlərdə başına gələn bıçaqlanma hadisəsinə görə medianın diqqətini çəkən şair-jurnalist Mübariz Məsimoğlu ilə müsahibəni təqdim edir.

- Başınıza gələn məlum hadisədən başlayaq... Necə oldu?

- Bir şairfason tanışım var - Hürriyyət adlı... Uzun müddət salam-kalamımız olub, qohumlarını-yaxınlarını tanıyıram, övladlarının toyunda olmuşam. Bu içən adamdır. Dəfələrlə içib, onun-bunun qarasına sarsaq-sarsaq danışdığı üçün onunla münasibəti kəsmək qərarına gəldim. Dedim, Hürriyyət, bu gündən sonra mən olan məclisdə oturma, mən də sən olan yerdə oturmayacam, bizimki tutmur. Başladı ortaq dost-tanışlarımızı üstümə salmağa ki, bəs, Mübariz məni niyə öz stoluna qoymur. Yumşalmadım. Hadisə olan gün bir-iki qələm dostumla "Qara Qarayev"ə gedirdik. "Nərimanov" metrosu yaxınlığında təsadüfən, hər halda mən təsadüf hesab etdim, bununla rastlaşdıq. Yenə içmişdi. Özünü təpdi maşınımıza. Yenə başladı boş-boş danışmağa. Yolun bir yarısında maşını saxladıb, dedim, düş, get, mən səninlə oturmaq istəmirəm. Mədəni şəkildə düşürtdüm, özüm qayıdıb maşına oturmaq istəyəndə, gözləmədiyim halda sol tərəfimdən bıçaq vurdu mənə...

- Axı yazmışdılar ki, hadisə hansısa şadlıq evində baş verib.

- Yox, sadəcə, biz maşını təsadüfən şadlıq evinin yaxınlığında saxlamışıq.

- Yəni, siz içkili olmamısız...

- Yox, mən dostlarla "Qara Qarayev"ə məclisə gedirdik. Bıçaq dərin getsə də, özümü itirmədim, qolunu burub əlindən aldım bıçağı. Amma bu yaxalaşmada daha beş yerdən bıçaq dəydi mənə, yüngül xəsarətlər yetirdi. Əlim də (göstərir) orada yaralandı... Bıçağı aldım, hətta qaytarıb öz qarnına soxmaq istədim, amma eləmədim. Çənəsinə yaxşı bir yumruq vurub özümdən araladım. Bu vaxt maşını sürən dostum (Cavanşir adlı şəxs - red.) düşüb gəldi, Hürriyyəti tutub uzaqlaşdırarkən üstündəki ikinci bıçaqla onu da vurdu. Dostumun yarası lap ağır idi, ona görə tez yaxınlıqdakı poliklinikaya qaçdıq.

- Mətbuatın yazdığına görə, reanimasiyaya düşmüsünüz...

- Reanimasiyaya dostum Cavanşir düşdü. Mən, elə də ağır deyildim. Bıçaq qarın boşluğuna işləsə də, heç bir orqana zəfər yetirməmişdi.

- Hürriyyəti tanıyıram. Fiziki baxımdan onun sizi vurması ağlagəlməzdir.

- Elə ona görə bıçağa əl atıb də (gülür). Əvvəldən bilsəm, bıçağı var, vurmağa qoymazdım. Gözləmirdim.

- Yadımdadır, siz onu səsli-küylü, dava-şavalı içki məclislərində həmişə müdafiə edir, qahmar çıxırdınız. Belə deyək, yazığınız gəlirdi.

- Həmişə belə olur də... Mirşahin Ağayev də ANS-də deyir, şairlər bıçaqlaşıb. Olmaz axı, belə danışmaq. Adam bilmədiyi sözü deməz.

- Şikayətçi də olmadınız...

- Olmadım. Cavanşiri də şikayət eləməyə qoymadım. O səviyyəyə enmədim. Əslində, mətbuatdan da gizlədəcəkdim, ancaq özüm vəkilliklə məşğul olduğumdan istəmədim tərcümeyi-halımda qaranlıq nəsə qalsın. Ona görə, olanı dedim, amma şikayətçi olmadım. Şikayətçi olmasam da, onu bağışlamıram. Namərdliyi bağışlamaq olmaz.

- Həbsdə deyil...

- Deyil. İstəmədim tutulsun. Ailəsini, qohumlarını tanıyıram. Yaxşı insanlardı. Özü problemli adamdı.

- Sizcə, sizi öldürmək istəyirdi?

- Bilmirəm. Bəlkə də, qorxudan elə eləyirdi, elə bilirdi mən ona nəsə edəcəm.

- Mən şahidi olmuşam, ədəbi mühitdə bir çox adamlara demisiniz ki, mən olan stolda oturma. Sizcə, bu, bir az kriminal aləmin jesti deyilmi? Bir yazı adamı belə davranmaqda nə dərəcədə haqlıdır?

- Mən əvvəlcə mədəni şəkildə elan edirəm ki, sənnən oturmuram. Adam tərslik edəndə, qovuram stolumdan. Bilirsən, bu, əxlaq məsələsidir. Başqa cür bacarmıram. Bir adam alçaq, şərəfsiz hərəkətlərə yol verirsə, mən onunla necə bir süfrədə oturub çörək yeyim? Mənim də etiraz üsulum budur: uzaq ol məndən! Başqa neyləyim ki?

- Üz verməsəniz, gəlməz...

- Konkret bu hadisədən söhbət gedirsə, bəli, günah özümdədir. Görünür kiminlə oturub-durmaq lazım olduğunu bilmirəm.

- Mətbuat sizdən yazdı. Bir az ironiya edən, bir az lağa qoyan, bir az da başa düşməyən oldu... Narazı deyilsiz?

- Yox. Hərə öz səviyyəsinə görə... Bəzi yanlış məlumatlar getsə də, ümumən mətbuatımızın operativliyi xoşuma gəldi. O ki, qaldı istehza edənlərə, Mirşahin müəllim də daxil olmaqla hamısına üzümü tutub deyirəm: mənim yerimə olsanız, bağışlamağa gücünüz çatardımı? Özü də həmin anda, yaralı-yaralı, qabağınızda aciz vəziyyətə düşən adama heç nə eləmədən buraxa bilərdinizmi? Düşünsünlər, onda məni anlayacaqlar.

- İki daşın arasında Azərbaycan Yazıçılar Birliyi də bəyanat verdi ki, Mübariz Məsimoğlu üzvümüz deyil...

- Düz deyirlər. 2007-ci ildən AYB-nin üzvü deyiləm. Ərizə verib çıxmışam.

- Səbəb?

- AYB dərgilərində tənqidi yazılarla çıxış edirdim. Yaşlılardan yazdım, cavanlara keçəndə yazılar çap olunmadı. Bu cür çoxlu ədalətsizliklər gördüm. O ərəfədə Bakı Yazarlar Təşkilatını yaradırdıq, daxili nizamnaməyə görə, başqa təşkilatın üzvü olmamalı idik.

- Bəs niyə yarada bilmədiniz?

- Anar Rzayevin yaxın bir qohumu nazirlikdə yüksək post tuturdu. Ona görə alternativ fikirli ədəbi qurumları qeydiyyatdan keçirməyə imkan vermirdi.

- Anar müəllim heç vaxt belə iş görməz.

- Görməz, həəə (gülür)...

- Sizcə, niyə qoymurdu ki?

- O, ədəbiyyatı həmişə öz nəzarətində saxlamağa çalışır. Dövlət qurumlarında da bunun marağında olan şəxslər var. Anar özü kimi düşünməyənlərə düşmən kimi baxır.

- Bəs niyə adamlar siz deyən bu həqiqətlərə inanmır?

- İnanırlar. Çoxu bilir. Görünür kimlərəsə belə sərfəlidir.

- Bakı Yazarlar Təşkilatında xeyli tanınmış imza vardı...

- Hə. Səfər Alışarlı, Arif İbrahimov, Aydın Uluxanlı, Şaiq Vəli və s.

- Arif İbrahimov haralardadır?

- Gürcüstanda. O, Ədəbiyyat Fondunun rəhbəri idi və AYB-nin maliyyə pozuntuları ilə bağlı bir neçə məhkəməni udmuşdu. Amma nəticə olmadı. Əksinə, Anar Ədəbiyyat Fondunu dağıtdı. İndi quruca adı və yazı-pozuya aidiyyatı olmayan bir rəhbəri var. Arif isə burda həyata keçirə bilmədiklərini Tiflisdə edir. Gürcüstan Yazıçılar Birliyinin fəxri üzvüdür. Onu AYB-dən xaric elədilər. Fərqli düşüncəsinə görə. Halbuki fond rəhbəri olaraq çox yaxşı işlər görmüşdü və görürdü.

- Bir vəkil kimi nə deyirsiz bu işlərə?

- AYB bir aparat olaraq dövlət tərəfindən ona həvalə olunan vəzifələri yerinə yetirə bilmir. Çünki zamanını başa vurub. Hər şey köhnədi orda. Adamlar da, sistem də, zövqlər də. Ümumiyyətlə, bu qurumun fəaliyyəti qanunlara uyğun deyil. Bu barədə yazmışam da. QHT-dirsə, büdcədən niyə maliyyələşir, dövlət komitəsidirsə, adı niyə üstündə deyil?

- Sizcə, Anar ətrafına niyə daha çox istedadsız, öz fikri olmayan yazarları toplayır?

- Onların arasında böyük görünmək üçün. Nağıl-dastanlarda görməmisən, 40 incəbelli qız hökmdar qızından çirkin olmalıdır ki, onun gözəlliyinə fon versin.

- Vəkillik işi necə gedir?

- Yaxşı. Mülki işlərdə vəkillik edirəm.

- Orda vəziyyət necədir?

- Başqa sahələrdə olduğu kimi.

- Şeir yazan hakimlər var?

- Var. Fərdi qaydada insaflı, ədalətli hakimlər çoxdur. Amma ümumi sistemdə problem var.

- Yaradıcılıqda nə var?

- Təzə şeir kitabımı çapa hazırlayıram. Həm də Facebookda özüm üçün maraqlı ədəbi mühit kəşf eləmişəm. İnanın, mənim dostlarım arasında elə istedadlı adamlar var ki, heç ədəbi qəzet və jurnallarda belələri yoxdur.

- Məsələn, kimlərdi?

- Rina İşıq, Faiq Hüseynbəyli, Esmira Məhiqızı, Aybəniz Əliyarlı, Şəhriyar del Gerani, Ömər Xəyyam və s. Bu adamlar mənə mənəvi güc verir. Burdakı azadlıq heç yerdə yoxdur.

- Son olaraq nə demək istərdiniz?

- İnsanları sevək... Çıxış yolu budur...

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.