Gəncəyə 5 milyon manat ayrıldı
9 Aprel 2015 19:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması və yol infrastrukturunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Milli.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması və yol infrastrukturunun yenidən qurulması, o cümlədən Zazalı-"İmamzadə" kompleksi-Gəncə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".
Milli.Az