I Avropa Oyunları regionun bəzi dairələrinin yuxusunu ərşə çəkib
İyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının vaxtı yaxınlaşdıqca belə bir mühüm tədbirin Azərbaycanda keçirilməsini həzm edə bilməyən qüvvələr "fəallıqlar"ını bir qədər də artıraraq gecəli-gündüzlü ölkəmiz əleyhinə qarayaxma kampaniyası aparırlar. Ənənəvi siyasi məhbus şousundan başlayaraq itlərin "müdafiəsi"nə qədər uzun bir yol keçən anti-Azərbaycan qüvvələr ermənilər kimi uydurduqları yalana öz ətraflarından başqa bir kimsəni inandıra bilmədikləri təqdirdə diqqəti Azərbaycanın daxilinə, daxili auditoriyaya hesablanmış təxribarçı hərəkətlərə yönəltdilər. İddia olundu ki, guya Azərbaycan hakimiyyəti I Avropa Oyunlarına külli miqdarda vəsait sərf edir, xarici ölkələrdən, hətta Ermənistandan gələn idmançıların bütün xərclərini rəsmi Bakı qarşılayır. Belə bir uydurma xəbəri yaymaqda isə məqsəd məlum idi. Hər şeyi qara görən radikal qüvvələr vasitəsilə Azərbaycan cəmiyyətini hakimiyyət əleyhinə qaldırmaq, nəticə etibarilə ölkədə siyasi sabitliyi pozaraq I Avropa Oyunlarının keçirilməsinə mane olmaq. Lakin göründüyü kimi, Azərbaycanı sevməyən qüvvələrin bu istəkləri də baş tutmadı. Hətta loru dildə desək, bu dəfə çanaq öz başlarında çatladı. Almaniyada bir bank binasının inşasına sərf edilən vəsaitin həddən artıq çox olduğuna etiraz edən almanlar küçələrə çıxaraq iğtişaşlar törətdi, ictimai iaşə obyektlərini, avtomobilləri yandırdı. Bu zaman insan hüquqlarından ağız dolusu danışan avropalılar bank qalmaqalı ilə bağlı küçələrə çıxmış narazı kütləyə nəinki bir açıqlama verdi, əksinə öz haqq səsini tələb edən sadə insanlar polis zorakılığına məruz qaldı. Almaniyadan fərqli olaraq isə Azərbaycan tərəfi, I Avropa Oyunlarının Təşkilat Komitəsi yarışlara sərf ediləcək vəsaiti, eləcə də oradan gələn gəlirlərin miqdarını cəmiyyətə açıqladı. Bu isə anti-Azərbaycan qüvvələrin ölkəmizdə kütləvi iğtişaşlar yaratmaq cəhdlərini iflasa uğratdı. Düzdür, müəyyən radikal siyasi dairələr Avropanın anti-Azərbaycan dairələrindən aldığı tapşırıqlar əsasında bir neçə aksiya keçirsə də, lakin gözlənilən effekt özünü göstərmədi. Səbəb isə məlum idi.