Bakı avtobuslarının ölüm dayanacağı - VİDEO

9 Aprel 2015 12:52

Bakıda sərnişin avtobusu sürücülərinin özbaşınalıqları davam edir

Anspress-in "Qaynar xətti"nə gələn şikayətlərdə bildirilir ki, qanunla qadağan olunmasına baxmayaraq, avtobus sürücüləri içərisi adamla dolu olan maşınla yanacaqdoldurma məntəqələrinə girirlər. Sürücülər sərnişin dolu avtobusla yanacaq doldururlar. Hətta çox vaxt sürücü sərnişinlərə yanacaqdoldurma məntəqəsinə girməsi barədə xəbərdarlıq da etmir.

Qeyd edək ki, bu mövzu dəfələrlə qabardılıb. Ancaq problem yenə də öz həllini tapmayıb.

Ekspertlər də yanacaqdoldurma məntəqələrində sərnişinlərin həyatının təhlükəyə atılması ilə bağlı hər kəsin məsuliyyət daşıdığını düşünürlər. Nəqliyyatçıların hüquqi problemlərinə yardım ictimai birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov saytın fikirlərini bölüşərkən bildirdi ki, burada birbaşa məsuliyyət yol polisinin üzərinə düşür: "Sərnişin avtobusunda istər 1 nəfər olsun, istər 5 nəfər olsun, istərsə avtobus sərnişinlərlə dolu olsun, yanacaqdoldurma məntəqəsinə daxil olursa, bu qanun pozuntusudur. Həm də ciddi qanun pozuntusu. Belə hal aşkar edilərsə, yol polisi və Nəqliyyat Nazirliyi həmin sürücünü böyük məbləğdə cərimə etməli, hətta onu sürücülük hüququndan məhrum etməlidir. Elə ağır cəzalar tətbiq edilməlidir ki, sürücü bir daha sərnişinlə birlikdə yanacaqdoldurma məntəqəsinə girməyə cəsarət etməsin. Burada xətti icarəyə götürən sahibkarlar da məsuliyyətə cəlb olunmalıdır".

Ekspert bu problemin daha da qabardılaraq ictimailəşdirilməsinin tərəfdarıdır. Onun fikrincə, bununla həm sərnişinlər, həm yanacaqdoldurma məntəqəsinin işçiləri, həm də yaxınlıqda olan vətəndaşlar mübarizə aparmalıdır: "Çünki qəza baş verən zaman hər kəs zərər görəcək. Sərnişinlər, sürücü, yanacaqdoldurma məntəqəsinin əməkdaşları və ətrafda olan şəxslər xəsarət alacaqlar. Əslində bu il ərzində 40-a yaxın hadisə çox ciddi siqnaldır. Burada insan həyatından, bizim öz həyatımızdan söhbət gedir".

Ekspertin fikrincə, problemin yaranmasında əsas məsuliyyətlərdən biri də elə yanacaqdoldurma məntəqələrinin işçilərinin üzərinə düşür. Çünki hansısa bədbəxt hadisə baş verərsə, bu zaman yanacaqdoldurma məntəqəsinin rəhbərliyi başda olmaqla, bütün işçilər məsuliyyət daşıyırlar.

"Bu səbəbdən də, yaxşı olar ki, yanacaqdoldurma məntəqələrinə tapşırılsın ki, sərnişinlə birgə yanacaqdoldurma məntəqəsinə girən avtobuslara heç bir xidmət göstərilməsin", - deyə Məzahir Rüstəmov bildirib.

Qeyd edək ki, əslində belə sürücülərin hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov da vurğulayıb. Qurum rəsmisi həmçinin onu əlavə edib ki, belə hadisələrlə mübarizə aparılmasına baxmayaraq hələ də özbaşınalıq edən sürücülər var.

Şöbə rəisi sürücülərə bir daha müraciət edərək bildirib ki, daha diqqətli olsunlar: "Onlar ən azı düşünməlidirlər ki, daşıdıqları sərnişinlərin sayından asılı olmayaraq hansısa bədbəxt hadisə baş verəcəksə, neçə ailədə göz yaşları axacaq".

Yol polisi problemlə bağlı yanacaqdoldurma məntəqəsinə qadağa qoyulması təklifini bəyənib.

Nəqliyyat Nazirliyi Mətbuat katibliyinin müdiri Namiq Həsənov açıqlamasında verilən təklifin yaxşı olduğunu qeyd edib. Nazirlik rəsmisinin sözlərinə görə, avtobusların sərnişinlərlə birlikdə yanacaqdoldurma məntəqəsinə girmələri barədə onlara da arabir şikayət daxil olur.

"Bununla əsasən sahibkarla mübarizə aparmalıdır. Burada avtobus xətlərini işlədən sahibkarlar birbaşa məsuliyyət daşıyır. Bir neçə sərnişin avtobusunun sürücüsü ciddi şəkildə cəzalandırılıb. Sahibkarlara xəbərdarlıq edilib. Görünür, bu tədbirlər kifayət etmir. Əslində bununla vətəndaşların özləri də mübarizə aparmalıdırlar. Burada yanacaqdoldurma məntəqələrinin rəhbərliyi də böyük məsuliyyət daşıyır. Onlar xüsusi tapşırıqlar verməlidir və bu sahəyə güclü nəzarət olmalıdır. Biz də bu sahədə nəzarəti gücləndirmişik. Belə faktlar aşkarlanarsa, qanun pozanlar ciddi şəkildə cəzalandırılacaqlar", - deyə N.Həsənov vurğulayıb.

Qeyd edək ki, sərnişin avtobuslarının bu və digər özbaşınalıqları ilə qarşılaşan vətəndaşlar Nəqliyyat Nazirliyinin "qaynar xətti"nə müraciət edə bilərlər. Bundan başqa, bu tipli hadisələrlə qarşılaşan oxucularımız, baş verən hadisəni video və foto şəklində qeydə alaraq, bizimlə əlaqə yarada bilərlər. Ümid edirik ki, həyatımızı və sağlamlığımızı təhlükə altına salan bu problemin həllində hamımız iştirak edəcəyik. Çünki baş verə biləcək hansısa bədbəxt hadisədə, ola bilsin, biz özümüz, yaxud da yaxınlarımız olsun.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото