"McDonald’s"la rəqabət aparmaq üçün prezidentdən kömək istədilər
9 Aprel 2015 12:13
Məşhur kinorejissor Nikita Mixalkov və həmkarı Andrey Konçalovski Qərbin "McDonald's" və digər məşhur brendləri ilə rəqabət aparmaq üçün yeni "fast food" tipli restoran şəbəkəsi qurmağa hazırlaşırlar.
Trend-in "Kommersant"a istinadən verdiyi məlumata görə, bu ideyanı Rusiya prezidenti Vladimir Putin də dəstəkləyib. Bildirilir ki, qardaşlar yeni restoran şəbəkəsinin fəaliyyəti üçün V.Putindən 971,8 milyon rubl (təxminən 19 milyon ABŞ dolları) həcmində dəstək göstərməyi xahiş ediblər.
Konçalovski və Mixalkovun martın 16-da Putinə məktub yazdıqları qeyd olunur. Məktubda rejissorlar "Eдим дома!" ("Evdə yeyirik!") brendi altında restoran şəbəkəsinin yaradılmasına maliyyə dəstəyi istəyirlər. Onların planına görə, yeni restoranlar şəbəkəsi Moskva və Kaluqada 41 kafe və 91 kulinariya obyektindən ibarət olacaq.
Qəzet bildirir ki, bu brend Konçalovskinin həyat yoldaşı, tanınmış aktrisa və teleaparıcı Yuliya Vısotskayaya məxsusdur.
Putinin bu layihəni bəyəndiyi və reallaşdırmaq üçün baş nazirin müavini Arkadi Dvorkoviçə göndərdiyi deyilir. Bu gün bir neçə nazirliyin nümayəndələrinin, eləcə də Moskva və Kaluqa vilayətlərinin təmsilçilərinin iştirakı ilə yeni ideyanın müzakirə olacağı gözlənilir.
Milli.Az