Azərbaycan və Almaniya QHT rəhbərləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər - FOTO

9 Aprel 2015 11:37
Azərbaycanda səfərdə olan "Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu"nun sədri Matias Dornfelt ilə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Emil Hüseynli arasında görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə qonağı salamlayan "Düşüncə" İB-nin sədri E.Hüseynli deyib ki, Azərbaycan və Almaniyanın vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın inkişafına ehtiyac var: "Çünki Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vətəndaş cəmiyyətləri böyük rol oynaya bilər. Hesab edirəm ki, bizim təşkilatlar bu istiqamətdə birgə layihələr həyata keçirə bilər".

Öz növbəsində M.Dornfelt bu görüşün baş tutumasından məmnun olduğunu bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat hazırda yaxşı idarəçilik, e-hökumət, şəffaflıq və korrupsiyaya qarşı mübarizə məsələləri ilə bağlı fəaliyyət göstərir: "Bu baxımdan bizim təşkilat "ASAN"la sıx əməkdaşlıq edir. "ASAN"ın nümayəndələri Almaniyaya səfər edəcəklər. Onlar Almaniyada dövlət idarəçiliyi ilə tanış olacaqlar və eyni zamanda Azərbaycanın ən yaxşı təcrübəsi olan "ASAN"ın alman cəmiyyətinə təqdimatı olacaq.

Görüşdə həmçinin Dağlıq Qarabağ həqiqətlərinin, Azərbaycanda tolerantlıq mühitinin alman, eyni zamanda dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə fəaliyyətin vacibliyi vurğulanıb və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Müzakirələrdə "Düşüncə" İB-nin sədrinin müavini Elçin Mehdiyev də iştirak edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.