from.ae-dən telefon alıbsınız? Ehtiyatlı olun... - FOTO

9 Aprel 2015 11:04
Bakıda telefon alıb irəli düşmək istəyən müştəri ziyana düşüb. İnternet vasitəsilə telefon alan Nurlan adlı oxucu Milli.Az-a yazır ki, ötən il oktyabrın 14-də SAZZ-ın Nərimanov ofisindən From.ae adlı saytdan HTC One M8 mobil telefonu sifariş verib. Bir illik zəmanət pulunu da əlavə ödəyib. İki gün sonra istədiyi telefonu əldə edib. Mobil telefonu cəmi bir ay işlətdikdən sonra problemlər yaranıb. Gah telefon sönüb-yanıb, gah da fəaliyyəti dayanıb. Zəmanət talonunu götürüb saytın müqavilə bağladığı servisə, 28 May küçəsində yerləşən Hİ-TECH servisə yaxınlaşıb. Ancaq servisdə telefonu bir ay saxladıqdan sonra problemi aradan qaldırdığını deyiblər. Lakin telefonda yenə eyni problem yaranıb.

"Servis əməkdaşı isə mənə təcili telefonu sat deyə məsləhətlər verir, halbuki telefon işləmir. 2-3 ay servisə get-gəl düşdü. Dedilər, telefon brakdır. Saytın buradakı rəhbəri, özünü Azad deyə təqdim edən şəxslə əlaqə saxladım. O isə "servis düzəltməlidir" deyə təkid etdi. Servis isə "from.ae-dən telefonu dəyişdirin" deyə cavab verir", - şikayətçi yazır.

Şikayətçi məktubunda internet üzərindən edilən sifarişlərə də kölgə salacaq iddialar irəli sürüb: "Problemi yaşamış adam kimi vətəndaşlara müraciət edib bildirmək istəyirəm ki, aldanmayın. Ölkəyə internet üzərindən gətirilən telefonlar sadəcə fırıldaqların tələsidir. İndi şirkətin Bakı ofisini məhkəməyə verməyə hazırlaşıram. 448 manatımı tələb edəcəm".

Saytın məsul şəxsi Azad bəy Milli.Az-a açıqlamasında bildirdi ki, burada problem alıcının özündədir. Onun sözlərinə görə, telefonu əlindən salaraq xarab edib: "Özü də bilir. Sonra xarab olan detalı ödənişlə təmir ediblər, zavod qüsuru ilə olubsa, servis hesabına təmir edilib. Həmin telefonun platası xarab olub və heç harada satılmlır. Plata bərabərdir yeni telefona".

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəklə klikləyin.