Milli.Az müğənni Əli Mirəliyevin apasport.az saytına müsahibəsini təqdim edir.
- Sabah futbol üzrə Azərbaycan çempionatında "Böyük oyun" adlandırılan "Xəzər Lənkəran" - "Neftçi" matçı keçiriləcək. Ölkə futboluna maraq göstərirsinizmi?
- "Qarabağ" oynasa, hə. Amma "Neftçi", "Xəzər Lənkəran" oynayanda yox.
- Səbəbi nə ilə izah edərdiniz? Axı ən tarixi klubumuz elə "Neftçi"di...
- Düzdü, amma "Neftçi" o statusu itirib. "Qarabağ" "Neftçi"ni də, "Xəzər Lənkəran"ı da keçib. "Neftçi" bu gün özünü təsdiq etməlidi. Bu klubun ilk adı "Neftyanik", yəni "Neftçilər" olub. Komanda artıq neçə illərdi o adı "batırıb". Bizim Şövkət Ələkbərova, Gülağa Məmmədov kimi müğənnilərimiz olub, elə deyil? Mən o yolu davam etdirirəm. Digər müğənnilərimiz isə efirə toy mahnıları ilə gəliblər. Onlar Gülağanın da, Şövkətin də üstündən xətt çəkiblər, gediblər başqa xalqların musiqisini oxumağa. "Neftçi" də elə vəziyyətdədi. Öz oyununu tapa bilmir. "Neftçi" adını bərpa etməlidi. Təkcə maliyyə ayırmaqla futbol olmur. Futbolu onu ürəkdən sevən, bu işi pul üçün seçməyənlər oynamalıdı. Bizim futbolçular pula görə oynayırlar. Ona görə də, bu gündəyik.
- "Neftçi"yə bundan sonra tanınmış yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək. Onun gəlişindən sonra müsbətə doğru dəyişiklik ola bilərmi?
- Heç vaxt. Çünki Çingiz yazıçıdı, futbol isə ayrı şeydi. Futbolda onu bilənlər, uşaq futbolundan xəbəri olanlar, yəni peşəkarlar işləməlidi. Çingiz yazıçıdı, Bakıda böyüyüb, çox gözəl. Mən də Bakıda böyümüşəm. Amma Çingizdən fərqli, mənim futbol anlayışım var.
- Sözlərinizdən belə çıxır ki, Çingiz Abdullayev futbolu bilmir...
- Onun futbol oynadığını eşitməmişəm. Amma mən oynamışam, bu gün də oynayıram. Klub rəhbərinin futboldan anlayışı olmalıdı. Bilməlidi ki, hansı futbolçu insayd mövqeyində, hansı müdafiədə çıxış edir. Elə-belə klub prezidenti qoymaq olmaz. Məsələn, mənə dedilər ki, şairsən, gəl klub prezidenti ol. Belə şey olar? Adama deyərlər ki, nə olsun şairsən, get şeirini yaz. Musiqi hara, yazıçılıq hara, futbol hara?
- Tədricən bütün klublarımızın idarəolunması işi ictimailəşəcək. Yəni "Neftçi"də olduğu kimi, digərlərində də Müşahidə Şurası yaradılması gözlənilir. Sizə hansısa kluba rəhbərlik etmək təklifi gəlsə, razılaşmarsız?
- Qurban sənə, demirəm ki, məni gətirsinlər. Sadəcə, fikrimi insanların anlamasını istəyirəm. Hörmətli adamı gətirib dükana "zafmaq" qoymaq olar? Axı o, dükan işini, iqtisadiyyatı, alveri, qiyməti bilmir. Bizdə dəbdi ki, filankəs tanınmış adamdı, "Neftçi"ni verin ona. Və yaxud xaricdən biri gəlibsə, milli komandanı o çalışdırmalıdı. Bu düzgün deyil, ay qurban sizə. Ona görə də bizdə futbol yoxdu. Halbuki, özümüzün çox böyük bazamız, yetirmələrimiz, ağsaqqallarımız, oyunu bilənlərimiz var. Elələrindən istifadə etmək lazımdı. Maraqlı insanlar var, onlardan da biri mən. İstifadə edin də, nə qədər ki, ölməmişəm.
- Yeri gəlmişkən, aktyor Bəhram Bağırzadə də bundan sonra "Neftçi"də çalışacaq...
- Bəhram Bağırzadəyə olar. Çünki o, futbolu, həqiqətən də, sevir. Bəhramın "Neftçi"də yeri var, mən onu qəbul edirəm.
- Sizin məntiqinizlə yanaşsaq, Bəhram Bağırzadənin də "Neftçi"də çalışması düzgün deyil. Onunla Çingiz Abdullayev arasında nə böyük fərq var? Axı Bağırzadənin də işi futbol deyil, aktyorluqdu...
- Bəhram "Kubinka"da, futbolla böyüyüb. Mən stadionlarda onun futbola sevgisinin şahidi olmuşam. Milli komandaya görə özünü "dağıdırdı". Mən Əli Mirəliyev öz gözlərimlə Bəhramı stadionlarda görmüşəm, amma Çingizi yox.
- Bayaq "Qarabağ"ı bəyəndiyinizi qeyd etdiniz. Nə vaxtsa bu komandanın oyununu stadiondan izləmisiniz?
- Sözün açığı, axır vaxtlar stadiona getmirəm. "Qarabağ"ın oyununa efirdən baxıram. Stadiona niyə getmirəm? Çünki "sınmışam". Futboldan elə bil ki, küsmüşəm. Mən "Barselona"ya, Messiyə baxıram. "Atletiko"nun da oyununu izləyirəm. Düzdü, orda ulduz futbolçular yoxdu. Amma görün, Dieqo Simeone necə komanda yaradıb? Bu, çox böyük şeydi.
- Millidə, "Qarabağ"da çıxış edən futbolçulardan kimləri tanıyırsız?
- Tanıyıram, amma adları yadımda qalmır. Çünki onlarla çox maraqlanmıram. "Qarabağ"ın oyununu bəyənirəm. (Bir qədər düşünür). Rəşad Sadıqov, Qara Qarayev... Hamısının adlarını saya bilməsəm də, mənim futboldan anlayışım var, avam deyiləm.
- O vaxtkı futbolla indiki futbolumuzu müqayisə etsək, nə kimi dəyişikliklər var?
- Fiziki gücümüz çatmır. Bizimkilər cəmi 20 dəqiqə oynaya bilirlər. Çünki üzərlərində işləmirlər. O vaxt bizə daş bağlayıb, ağaclığın içində qaçırdırdılar. Ya da suyun, palçığın içində qaçırdıq. "Atletiko"da oynayan türk, Arda Turan fiziki cəhətdən dözmür. Niyə? Çünki zəifdi. Yorulduğu üçün hər dəfə onu dəyişirlər. Ya axırda buraxırlar meydana, ya da əvəzləyirlər. Arda əsl gücünü meydanda qoysa, cəmi 20-25 dəqiqə oynaya bilər. Sonra dayanır, çünki çatdırmır. Bizdə də uşaqlar birinci hissədə gözəl oynayırlar, fasilədən sonra isə rəqib bizi yorur və qapımıza qolları "zıplayırlar". Bizim futbolda fizika yoxdu. Bizimkilər ancaq pul verirlər ki, qol vur. Halbuki, qol anına qədər sən gərək fiziki cəhətdən hazır olasan, mübarizəyə girəsən, kombinasiya qurasan. Messi geriyə çəkilir, amma yenə də 30-dan çox qol vurub. Bütün oyunu özü qurmaqla yanaşı, qollarına ara vermir. Gücü var ki, bütün bunları edə bilir.
- İndiki oyunçulardan şou-biznesə maraq göstərənlər az deyil. Seriala çəkilən, hətta meyxana deyən futbolçularımız da var...
- Onlardan futbolçu olmayacaq. Futbol hara, meyxana hara? Getsin, işi ilə məşğul olsun. Adam bir sənətin sahibi olar. Portuqaliyalı Ronaldo da özünü gic-gic şeylərlə reklam edir. Gah şəkil çəkdirir, gah saç düzümü ilə diqqət çəkmək istəyir. Heç Messi elə şeylər edər? Messi başını meymun gününə qoyar? Futbolçu odu. Ronaldo arvad kimi gündə bir "priçoska" eliyir, guya futbolçudu? Futbolçu Messidi, Xavidi, İnyestadı, Busketsdi.
- Nəyə görə bizdə elə futbolçular yetişmir?
- Futbolu uşaqlıqdan sevmək lazımdı. Sən buna hazır deyilsənsə, oynaya bilmərsən. Buna görə də, bizdə belə futbolçular yetişmir. Mənim oğlum Taleh Mirəliyev futbolla yatıb-dururdu. Fuad Musayev onu "sındırdı". Azərbaycan futboluna ən böyük ziyanı Fuad vurub. Mən olan şeyi deyirəm. Nazim Süleymanov o vaxt Fuadın əlindən Azərbaycandan qaçmışdı. Çünki gözəl futbolçu idi, Fuad isə onu incidirdi. Belə şeylər çox olub və hamısından xəbərim var. Mən futbolu o qədər sevirəm ki, oğlum o vaxt oynayanda "Şəfa" stadionunun ağartma, bərpa işlərini özüm eləmişəm. Sonra oğlum həm çənəsindən, həm də ayağından ciddi zədə aldı. Onda nə Fuad Musayev, nə də başqası gəlib mənə kömək elədi. Demədilər ki, bir oğlunuz var, o da şikəst oldu, heç olmasa sizə kömək edək. Haqsızlıq elədilər. Fuad Musayev böyük vəzifələrdə işlədikdən sonra bu sahəyə gəldi və futbolu pis günə qoydu. Buna görə də, yazıçıya hansısa vəzifə verə bilərlər, amma o, futbolu idarə edə bilməz.
Milli.Az