- "Qəbələ" ardıcıl beş oyundur qalib gəlir. Bu uğurunuzun sirri nədədir?
- Tədricən öz oyunumuzu tapmağa başlamışıq. Ona görə də rəqiblərimiz üçün çətin olur. Roman Qriqorçuk bizdən hər oyunda maksimum çalışmağı tələb edir. Biz də onun tələb etdiyi kimi oynamağa çalışırıq.
- Amma siz daha çox oyunlara ehtiyat oyunçular skamyasında başlayırsınız. Niyə?
- Ayağımda və kürəyimdə ağrılar oldu. Həmin ağrılar səbəbindən 10 gün ümumiyyətlə məşq edə bilmədim. İndi isə əvvəlki formamı bərpa etməyə çalışıram.
- AZAL üzərində böyük hesablı qələbəyə nəyin sayəsində nail oldunuz?
- Qriqorçuk bizim hətta son saniyələrdə də hücum etməyimizi tələb edir. Hərdən məndə elə təəssürat yaranır ki, o, biz hətta 10:0 hesabıyla öndə olanda, sonuncu dəqiqə gedəndə də irəli getməyimizi istəyəcək. Yaxud da topu özümüzdə saxlamağımızı tapşıracaq. Biz bu üzdən heç bir oyunda arxayınlaşmırıq və qələbə qazanırıq.
- Amma son qələbədə psixoloji hazırlığın daha böyük rolunun olduğu hiss edilirdi...
- AZAL yaxşı komandadır. Onlar bunu cari mövsümdə bir neçə dəfə isbatlamışdılar. Elə biz də bu qələbəyə asanlıqla nail olmadıq.
- "Qəbələ"nin 4-cü yer uğrunda mübarizədə favorit olduğunu deyə bilərik?
- Zaman göstərəcək. Biz hələ "Simurq"la oynamalıyıq. Bu oyun bizim üçün çox vacibdir. Bu qarşılaşma çox şeyə aydınlıq gətirəcək.
- Siz AZAL üzərində darmadağını gözləyirdiniz?
- Düzünü desəm, yox. Amma biz ələ düşən şanslardan yaxşı yararlandıq.