"Biz ayrılıqdan qorxuruq"

7 Aprel 2015 19:16

Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinin müdiri, reanimatoloq-alqoloq Vüqar Abdulkərimov: "Ölüm qaçılmaz olduğu üçün ondan qorxmağa ehtiyac yoxdur"

Hər il aprel ayının 7-si Ümumdünya Sağlamlıq günü qeyd edilir. 2012-ci ildən başlayaraq bu gün "Sağlamlıq ömrü uzadır" devizi altında keçirilir və yaşlanma və sağlamlıq məsələlərinə həsr olunur. Burada başlıca diqqət ona yönəldilir ki, sağlamlıq yaşlı kişi və qadınların bütün həyatı boyunca dolğun və səmərəli həyat sürmələrinə yardım edir.

Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinin müdiri, reanimatoloq-alqoloq Vüqar Abdulkərimov "Kaspi"yə müsahibəsində tibb elmi inkişaf etdikcə tapılan xəstəliklərə qarşı önləmələr və müalicələrin də ola biləcəyini istisna etmədi.

Bir insanı ölümdən qurtaranda

- Haradasa oxumuşam ki, reanimatoloqlar ən böyük "günahkarlar"dır. Yəni onlar ölməkdə olan xəstəni xilas etməklə Tanrının iradəsini pozmuş olurlar. Bu, belədirmi?

- Elmi də bizə Tanrı göndərib. Pis niyyətlə etmədiyimiz hər cür elm düzgün sayılır. Bəlkə ağır xəstələri göndərməklə bizim biliyimizi, niyyətimizi imtahan da etmiş ola bilər. Ancaq biz bütün biliyimizi, bacarığımızı ortaya qoymuş olsaq belə, hər bir xəstənin həyatını xilas edə bilmirik. Hər şey bizim əlimizdə olsaydı, onda heç bir həkimin yaxın qohumu, əzizi dünyadan köçməz və ya xəstələnməzdi. Ümumiyyətlə, biz reanimatoloqların etdikləri Allahın işinə qarışmaq deyil, bu, insanlara etdiyimiz yaxşılıqlardır və peşə borcumuzdur. Həkimliyin müxtəlif sahələri var. Ancaq xəstələrin ən ağır vəziyyətdə və həyatını davam etdirə bilməyəcək qədər çətin vəziyyətdə olanlarına reanimatoloqlar baxır. Mən reanimatoloqun işini həmişə futbol komandasının qapıçısının əməyinə bənzədirəm. O biri həkimlər oyunçulardır, reanimatoloqlar isə qapıçılardır. Bizim işimiz qapını qorumaqdır. Reanimatoloqların etdiyi ən əhəmiyyətli iş həyati vacib funksiyaları təmin etməkdir. Əsas nəfəs, ürək və beyindir. Reanimatoloqların işi ciddi nizam-intizam, fədakarlıq tələb edən sahədir. Bu, ona görə fədakarlıq istəyir ki, hər dəfə etdiyin işin nəticəsini ala bilmirsən. Xəstənin yaxınlarına pis xəbər vermək o qədər asan deyil. Bu, bizim sahənin mənfi tərəfidir. Yaxşı tərəfi də odur ki, bir insanı həyata qaytarmaq bizə əvəzolunmaz duyğular yaşadır.

- Reanimasiya şöbəsinə hər gün nə qədər xəstə daxil olur?

- Xəstəxananın Reanimasiya şöbəsi 20 çarpayılıq şöbədir. 6 mütəxəssis-həkim, 3-4 nəfər ixtisaslaşmaqda olan və müqaviləli həkimlər çalışır. 24 tibb bacısı və digər personal. Müasir avadanlıqlarla təchiz olunmuş şöbəmiz kiçik bir xəstəxana kimidir. Reanimasiyaya düşən xəstələr həyati göstəriciləri pozulmuş xəstələrdir. Biz onlara "kritik xəstələr" deyirik. Xəstələr ümumi reanimasiyaya qəbul kriteriyalarına - müəyyən diaqnoz və göstəricilərə görə qəbul olunurlar. Bura tənəffüs sisteminə bağlı ciddi pnevmaniyalar, meningitlər, intubasiya edilməsi lazım olan xəstələr, kəskin beyin qan dövranının pozulması, tənəffüsə təsir edəcək epilepsiyalı və s. xəstələr daxil olur. Reanimasiyada hər orqana dəstək verəcək avadanlığımız mövcuddur - süni tənəffüs aparatı, keçici pace-makerler, böyrək və qaraciyər dəstək cihazları (CRRT, MARS). Avadanlıqlarımız dünya xəstəxanalarının texnoloji avadanlığı ilə yarışacaq səviyyədədir. İllik xəstə sayı 1200-1500 arasıdır.

- Çox vaxt xəstələr özlərində olan simptomları bilmədiklərindən hansı həkimə müraciət etmək sualı ilə üz-üzə qalırlar. Xəstələr öz həkimlərini necə tapmalıdırlar?

- Hər bir insanın tibbi biliyinin olması məcbur deyil. Lakin türkəçarələr yerinə mütəxəssislərə müraciət etmək vacibdir. Hansı həkimə gedəcəyiniz qəbul şöbələrində və ya təcili yardımda müəyyənləşdirilir. Burda böyük vəzifə tibb işçilərinin üzərinə düşür. Əgər tibb personalı öz işlərini peşəkar görərlərsə, hər hansı yanlışlıq və ya səhvlər olmaz.

Reanimatoloqların isə işi ona görə çətindir ki, bizim xəstələr şikayətlərini bildirə bilmirlər, onlar huşu başlarında olmayan xəstələrdir. Biz xəstələri baxış, müayinə, etdiyimiz laborator və görüntüləmə müayinələrlə üzə çıxarır, diaqnozunu qoyub müalicəsini aparırıq. Xəstə öz şikayətini deyəndə onda həkim üçün daha rahat olur.

Alqologiya adlı yeni sahə

- Hər bir ağrı siqnaldır. Onun xroniki və ya müvəqqəti olduğunu necə müəyyənləşdirirsiniz?

- Ümumiyyətlə, ağrı nəyinsə simptomu olmaqdan çıxıb. Ağrı hal-hazırda özü bir xəstəlikdir. Xroniki ağrılar üç aydan çox davam edən ağrılardır. Bu, özbaşına xəstəlikdir. Kəskin ağrılar nəyinsə göstəricisi ola bilər. Tibbdə ağrılarla məşğul olan Alqologiya adlı yeni bir sahə fəaliyyət göstərir. Bu sahə xroniki ağrıları xəstəlik olaraq qəbul edir və onun müalicəsi ilə məşğuldur.

- Ən dəhşətli ağrılar hansı xəstəliklərin əlaməti ola bilir?

- Ağrıların bir neçə ölçüsü var. Ağrı nisbi bir şey olduğu üçün hər kəsin ağrı anlayışı eyni deyil. Bunların ölçü vahidi xəstənin özündən soruşulur (məsələn, VAS). Burada ağrı 10 üzərindən dəyərləndirilir. Qadınlarda 10 ağrının son nöqtəsi doğum sancısıdır. Kişilərdə biz diş ağrısını nümunə götürürük (əlbəttə, diş ağrısı doğum ağrısının yanında yüngül ağrıdır). Nevralgiya ağrıları, sümüyə metastaz verən onkoloji ağrılar ən şiddətli ağrılar sayılır. Bəzən çox ciddi bir xəstəliyin qətiyyən ağrısı olmaya bilir və ya cüzi bir ağrısı olur. Müalicəyə ən çətin cavab verən ağrılar neyropotik ağrı qrupudur ki, burada ağrının əsas səbəbi sinirin yaddaşında qalan ağrılardır. Hər hansı bir ağrı sinirin özünün strukturunu poza bilir. Məsələn, şəkərli xəstənin ayaq ağrıları neyropotik ağrılardır. Xərçəng xəstəliyi də neyropotik ağrıya səbəb olur.

- Sadaladığınız ağrıların müalicəsi həmişə sonucda cərrahi müdaxilə tələb edir?

- Ağrıların cərrahi müdaxilə tələb edən növləri də var. Biz alqoloq olaraq cərrahi yox, qansız, narkozsuz müdaxilələr edirik. 1 mm-dən kiçik kateterlərlə ağrının mənbəyinə daxil olur, dərmanlarla və ya radiofrekans (RFT) ilə həmin ağrının mənbəyini yandırırıq. Bizim müdaxilələrimizin çoxu haradasa cərrahi müdaxilələrlə eyni nəticələr verir.

- Müdaxilələrdən sonra xəstəliklərin tam sağalmasına təminat verirsinizmi?

- Bizim şəxsi nəticələrimiz dünya standartları ilə eynidir. Bu, bir çox ağrılarda fərqlidir. Deyək ki, onkoloji ağrılarda sempatektomiya üsulu ilə nəticəmiz 50-60 faizdirsə, bel yırtıqlarında aldığımız nəticələr 70-80 faizdir. Ağrının, xəstəliyin növünə görə aldığımız nəticələr fərqlidir, ancaq heç birində 100 faiz olmur. Ümumiyyətlə, tibbdə "100 faizdir"- deyə bir anlam yoxdur.

- Bel, onurğa ağrılarından şikayətlənənlərin sayı get-gedə çoxalır. Bu xəstəliklərin səbəbi nə ilə bağlıdır?

- Bel xəstəliklərinin ən böyük səbəbi artıq çəki ilə bağlıdır. Həmçinin oturaq həyat tərzi rol oynayır. Biz günümüzün çoxunu oturaraq keçiririk. Cərrahlar günün çoxunu ayaq üstə keçirdikləri üçün boyunları ağrıyır. Bu xəstəliklərin qarşısını almağın ən yaxşı üsulu idmandır. Üzgüçülüklə məşğul olmaq gözəl effekt verir. Problemlə mübarizə aparmaq üçün müalicə seçildikdə bu, ilk növbədə fizioterapiyadır. Nəticə alınmırsa, alqologiya, yenə nəticə alınmırsa, cərrahi müdaxilədir. Ümumiyyətlə, fəqərə xəstəlikləri təkcə Azərbaycanda deyil, bütün dünyada geniş yayılıb. Müraciət edənlərin 50-55 faizi onurğa ilə bağlıdır.

- Bəs insanların müəyyən ağrılardan xilas olmaq üçün ağrıkəsicilərdən mütəmadi istifadəsi ilə bağlı məsləhətiniz nədir?

- Ağrıkəsicilərə bağlı ağrıların özü ayrıca bir bölümdür və müalicəsi çox çətindir. Ağrıkəsiciləri uzun müddət içmək özü də ağrılara səbəb ola bilir. Ona görə biz hər çıxışımızda: "Özbaşına ağrıkəsici almayın" - deyə bildiririk. Bəzi insanlar həddən artıq dərman düşkünüdür. Bəzi insanlar isə dərman versən də onu içmək istəmirlər. O həddi saxlamaq çox çətindir.

- Ümumiyyətlə, Alqologiya tibbdə yeni sahə olduğu üçün insanlar bu sahə ilə bağlı məlumatsızdırlar.

- Alqologiyanın tibbdə 35-40 yaşı var. Azərbaycanda ilk dəfə 6 il əvvəl Mərkəzi Klinik Xəstəxanada Ağrı Mərkəzini qurduq. Bu işdə müəllimim Prof. Dr. Nürəddin Lüləcinin əməyi çoxdur.
Xəstələr ilk başda bizim və digər klinikaların həkimləri tərəfindən bizə yönəldilirdi. Son dövrlərdə isə xəstələr özləri birbaşa bizə müraciət edirlər. Hal-hazırda ölkədə bu sahənin inkişafı sevindirici haldır. Nevralgiyası olan, onkoloji xəstələr, şəkər və ya damar xəstəliyinə bağlı ağrılar ilə xəstələr bölməmizdə müalicə olurlar.

Biz ayrılıqdan qorxuruq

- Ölüm hadisələri tibbdə çox olur. Belə gərgin iş şəraitində işləmək və bu cür hadisələrin şahidi olmaq çətindirmi? Beyin ölümü nədir?

- Ölüm hadisəsinə alışmaq anlayışı düzgün deyil. Sadəcə, biz reanimatoloq olaraq soyuqqanlılığımızı qorumaq məcburiyyətindəyik. Bu, bizim peşəkar xüsusiyyətimizdir. Əgər soyuqqanlı olmasaq, bu, işimizə təsir edər. Yoxsa hər xəstə dünyasını dəyişəndə həkimdən bir şey gedir. Bu, hadisəyə alışmaq deyil. Biri gözünün qabağında ölürsə, səs-küy etməklə xəstəyə daha da zərər vermiş olarsan. Ölüm tibbi olaraq həyati funksiyaların yerinə yetirilməməsi deməkdir. Beyin ölür, ancaq ürək işləyirsə, biz onu ölüm saymırıq. Sadəcə, buna "beyin ölümü" deyirik. Xəstənin digər orqanlarını isə mühafizə edə bilirik. Biz beyin ölümünün diaqnozunu nevroloji müayinə ilə təyin edirik. Beyin ölümünü təsdiqləmək üçün 3-4 həkim bir araya gəlməlidir. Xəstədə beyin ölümü diaqnozunu təsdiqləmək üçün bəzi görüntüləmə üsulları var. Xəstənin beyninin ölməsini ən dəqiq göstərən şey anjioqrafiyadır. Bundan əlavə, tomoqrafiya, yuxu arteriyalarının dopleroqrafiyası da bizə beyin ölümü haqqında məlumat verir. Beyni ölən xəstə faktiki yaşamayan xəstədir. Ancaq onun digər orqanlarının ömrünü uzatmaq olur. Bu, ümumilikdə geriyə dönüşü olmayan bir vəziyyətdir. Xaricdə bunu xəstələrin yaxınlarına başa salaraq onların böyrəyi və ya qaraciyərindən donor kimi istifadə etməyə icazə alırlar. İnşallah, zamanla Azərbaycanda da orqan bağışlamağı insanlar daha rahat qəbul edər və başqalarının həyatını xilas etmiş olarlar. Beyin ölümü əlbəttə, ölümün bir parçasıdır. Ancaq ölüm əsasən ürəyin dayanmasıdır. Bir xəstəyə tibbi olaraq "öldü" demək üçün ürəyi atmamalıdır.

- Biz niyə ölümdən qorxuruq?

- Normalda əlinin bir yerə dəyəndə yanacağını bildiyin halda qorxursan. Ölümdən qorxmaq fərqli şeydir. Ölüm qaçılmaz olduğu üçün ondan qorxmağa ehtiyac yoxdur. Məncə, biz ayrılıqdan qorxuruq. Biz yaxınlarımızdan, sevdiklərimizdən ayrılmaqdan qorxuruq.

- Elm hazırda "Ölümdən sonrakı həyat" üzərində baş sındırır. Sizcə, ölümdən sonra həyat varmı?

- Məncə, ölümdən sonra həyat var. Ölümdən sonra həyatın olmaması insanları daha da ümidsizliyə qapadar. İnsanlar daha da nəzarətsiz olarlar. Elm bunu isbatlaya bilməsə də, "o dünya" fikir və ya inanc olaraq var.

- Elə bir zaman olacaqmı, tibb elminin qarşısında "müalicəsi olmayan xəstəlik" sualı dayanmasın?

- Tibb elmi inkişaf etdikcə tapılan xəstəliklərə qarşı önləmələr və müalicələr ola bilər. Ancaq sonsuz bir şey ola bilməz. İnsanlar nədənsə ölməlidir. Biz həkimlər ancaq erkən ölməyin qarşısını ala və ya həyat keyfiyyətini artıra bilərik. Biz Allahın yazdığına qarşı çıxa bilmərik.

Milli.Az