YARAT Müasir İncəsənət Məkanı "Müasir?" ("Contemporary?") adlı rəqs performansını təqdim edir - FOTO

6 Aprel 2015 15:00

YARAT Müasir İncəsənət Məkanı "Müasir?" ("Contemporary?") adlı rəqs performansını təqdim edir

Xoreoqrafiya və ifa: Mantas Stabačinskas, Agnė Ramanauskaitė və Paulius Tamolé

Rəqs performansı: 14 aprel 2015-ci il, Azərbaycan Dövlət Rus Dram Teatrı, saat 19:00

Rəqs məşğələsi: 15 aprel 2015-ci il, Azərbaycan Dövlət Rus Dram Teatrı, saat 16:00



 

"Müasir?" ("Contemporary?"), Mantas Stabačinskas, Agnė RamanauskaitėPaulius Tamolé. Litva, 2013

YARAT və Litvanın "Arts Printing House" Mərkəzi böyük məmnunluq hissi ilə birlikdə "Müasir?" ("Contemporary?") adlı performansı təqdim edirlər. Artıq "Qızıl Səhnə Xaçı" ilə təltif olunmuş (2013) bu rəqs tamaşası aprelin 14-də Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş etdiriləcək. Arprelin 15-də isə performans ifaçılarından biri olan Agnė Ramanauskaitė tərəfindən rəqs məşğələsi də keçiriləcək.

İlk tamaşası "Arts Printing House" Mərkəzində 2013-cü ildə baş tutmuş bu 60-dəqiqəlik əsər Litvanın müasir rəqs mənzərəsini hədəfə alaraq, rəqs, xoreoqrafiya və səhnələşdirmə prosesinin içindən həmin mövzuya nəzər salır. Yumor və fiziki hərəkətlər vasitəsilə"Contemporary?" performansı tamaşaçılar qarşısında müəyyən suallar qoyur: bu günün müasir rəqsi nədir? səhnələşdirməsi necə olmalıdır? Bir də, özünə qarşı istehza ilə səslənərək: rəqsi anlamaq tamaşaçının nəyinə lazımdır?

Əsəri düşünüb, ona quruluş verib ifa edənlər: 16 il ərzində 30-dan artıq səhnə obrazı yaratmış adlı-sanlı Litva rəqqası və xoreoqrafı Mantas Stabačinskas; litvalı rəqqasə, aktrisa və pedaqoq, Litva Teatr və Musiqi Akademiyasının məzunu Agnė Ramanauskaitė; bir də litvalı rəqqas və aktyor, 2010-cu ilin "Ən yaxşı gənc aktyor" teatr mükafatının nominantı Paulius Tamolé. "Contemporary?" performansı artıq beynəlxalq miqyasda da təqdim olunmuşdu, o cümlədən Almaniya və Estoniya kimi ölkələrdə nümayiş etdirilmişdi.

Performansdan əlavə, Agnė Ramanauskaitė martın 15-də Azərbaycan Dövlət Rus Dram Teatrında rəqs məşğələsi də keçirməlidir. Bu məşğələ tələbələrin təbii və biixtiyar hərəkət hissini gücləndirməlidir, onların "rəqs lüğəti"ni zənginləşdirmək üçün onlara müasir rəqs texnikalarını öyrətməlidir.

Tədbir barədə məlumat

Adı: "Müasir?" ("Contemporary?")
Yeri: Azərbaycan Dövlət Rus Dram Teatrı
Tarixləri: 14-15 aprel 2015-ci il

14 aprel - biletləri Rus Dram Teatrdan əldə edə bilərsiniz

15 aprel - peşəkar rəqqaslar və aktyorlar üçün nəzərdə tutulmuş, iştirak öncədən təsdiq olunmalıdır, [email protected]


İştirakçıları: Mantas Stabačinskas, Agnė RamanauskaitėPaulius Tamolé
Vebsayt: www.yarat.az
Twitter: @yaratartspace Facebook: facebook.com/Yarat.Art
Instagram: @yaratcontemporaryartspace


YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın paytaxtı Bakıda yerləşən qeyri-kommersiya təşkilatıdır, Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilmişdir. YARAT Azərbaycanda müasir incəsənətin dəstəklənməsi və geniş ictimaiyyət tərəfindən dərk olunması məqsədi ilə fəaliyyət göstərir, Azərbaycan incəsənətinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ olunması ilə məşğuldur.

YARAT (azərbaycanca "yaratmaq" sözünün mənasında) tərəfindən indiyə qədər, əksəriyyəti Bakıda təşkil olunaraq, 120-dən artıq layihə həyata keçirilib. YARAT-ın fəaliyyətində əsas mahiyyət kəsb edən tədris-təlim işi art-rezident səfərlərindən, müsabiqələrdən, mühazirə və praktiki məşğələlərdən ibarətdir. 2014-cü ildə yay məktəbi təşkil olunmuşdu, eləcə də yeni bir binası istifadəyə verilmişdi. Həmin binada rəssam emalatxanaları və "art-rezident" proqramı üçün mənzillər yerləşir. Təşkilatın ARTIM proqramı (azərbaycanca "artmaq" sözünün mənasında) incəsənətə meyl göstərən gəncləri dəstəkləyir, onların işlərini kuratorların diqqətinə çəkib sərgiləndirməyə imkan yaradır.
 

2015-ci ilin mart ayında YARAT Müasir İncəsənət Mərkəzi də açılır. Bu mərkəz YARAT-ın ilk daimi sərgiləmə yeri olacaq. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni mərkəz (sahəsi 2000 m2) müasir incəsənətə və incəsənətin tədrisinə xidmət edən regional miqyaslı bir qovşaq kimi istifadə olunacaq. Burada müəyyən müddət üçün gətirilən müvəqqəti sərgilərlə yanaşı, YARAT-a məxsus daimi kolleksiyanın əsərlərini təqdim edən sərgilər də nümayiş etdiriləcək. Daimi kolleksiya Qafqaz, Orta Asiya və qonşu ölkələri təmsil edən görkəmli sənətkarların, eləcə də Azərbaycanla səsləşən əsərlər yaratmış dünya şöhrətli rəssamların işlərindən ibarətdir.
 

2012-ci ildə YARAT tərəfindən YAY Qalereyası təsis edilmişdir. Bu ictimai əsaslı müəssisədə əsərlərin satışından əldə edilən qazanc müəlliflə YARAT arasında bölüşdürülür. Bunlardan əlavə, YARAT Bakıda, açıq havada düzənlənən iki Pablik-Art Festivalı keçirib, şəhərin muzeyləri ilə birlikdə sərgilər hazırlayıb. Beynəlxalq layihələrdən isə, 55-ci Venesiya Biennalesinin müstəqil tədbirlər proqramına qatıldığını qeyd etmək lazımdır. 2015-ci ildə YARAT 56-cı Venesiya Biennalesinin müstəqil tədbirlər proqramında iştirak edəcək.


Böyütmək üçün şəkillərə klikləyin.