Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "AITF-2015" XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olublar - YENİLƏNİB - FOTO
3 Aprel 2015 16:22
12:26
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 3-də Bakı Ekspo Mərkəzində "AITF-2015" XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər, "HOREX Caucasus-2015" IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar, həmçinin "CIBS-2015" II Xəzər Beynəlxalq kater və yaxtalar sərgiləri ilə tanış olublar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və xanımına XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi barədə məlumat verdi. Bildirildi ki, Beynəlxalq turizm və səyahətlər sərgisi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir, Dünya Turizm Təşkilatı, Azərbaycan Turizm Assosiasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstəklənir. Bu sərginin əhəmiyyəti, burada iştirak edən ölkə və şirkətlərin sayı ildən-ilə artmaqdadır. 2002-ci ildə sərgiyə 14 ölkə qatılmışdısa, bu il onların sayı 42-yə çatıb. Bu ölkələrdən gələn 371 şirkət sərgidə ümumilikdə 80-dək turizm istiqamətini təqdim edir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış oldular.
Qeyd edildi ki, əlverişli coğrafi mövqeyi, zəngin iqlimi, flora və faunası, qədim tarixi və mədəniyyəti olan Azərbaycan sürətli iqtisadi və sosial inkişafı ilə dünyanın diqqət mərkəzindədir. Bu gün ölkəmiz turizm mərkəzi kimi də bütün dünyada tanınır. Son illərdə Azərbaycanın turizm potensialını nümayiş etdirmək məqsədilə bir sıra mühüm tədbirlər keçirilir. Onların arasında Bakıda hər il keçirilən beynəlxalq turizm və səyahətlər sərgisinin xüsusi rolu var. Bu sərgi ümumilikdə Cənubi Qafqaz regionunun turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri hesab edilir. Məhz buna görə də getdikcə sərgiyə maraq artır. Odur ki, turizm və səyahətlər sərgisi müxtəlif turizm imkanları ilə bol olan məkana çevrilib. Sərgi həm turizm peşəkarlarına, həm də bütün səyahət həvəskarlarına gözəl imkanlar yaradır. Eyni zamanda, sərgi Azərbaycanın zəngin turizm potensialını xarici iştirakçılara əyani şəkildə göstərir. Bu sərgi bütövlükdə turizm sənayesi üzrə beynəlxalq görüş platforması kimi regionda liderdir.
Bildirildi ki, Azərbaycan Turizm Assosiasiyası 2009-cu ildə yaradılıb. Qurum turizm şirkətlərini birləşdirir, onların fəaliyyətini əlaqələndirir. Assosiasiya Dünya Turizm Təşkilatının üzvüdür. Bu quruma 100-dən çox turizm şirkəti və 80-dən çox mehmanxana kompleksi daxildir.
Naxçıvan stendi ilə tanışlıq zamanı məlumat verildi ki, muxtar respublika burada 6 otel kompleksi ilə təmsil olunur. 1995-2015-ci illərdə Naxçıvana gedən turistlərin sayı 20 dəfədən çox artıb. Turizm sahəsinə göstərilən dövlət qayğısı, Bakı ilə yanaşı, regionlarda da müasir turizm infrastrukturunun yaradılması Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasına səbəb olub. Ölkəmizin regionları da sərgidə geniş təmsil olunur. Burada bölgələrimizin turizm imkanları ilə bərabər milli adətlərimiz, mətbəximiz, tarixi abidələrimiz barədə ətraflı məlumat verilir.
Sərgidə təmsil olunan "Dalğa beach Aquapark" istirahət mərkəzi Abşeron yarımadasının ən mənzərəli yerlərindən olan Mərdəkanda yerləşir. Burada müştərilərin istirahətini yüksək səviyyədə təşkil etmək üçün zəruri şərait yaradılıb.
Bu sərginin daha bir mühüm xüsusiyyəti turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirmək, turagentlik və turoperatorları, milli qrupları, beynəlxalq nümayəndəlikləri, avtomobil, hava və dəniz daşımaları üzrə şirkətləri, müxtəlif ölkələrin mehmanxana biznesi üzrə nümayəndələrini, turizm və ticarət assosiasiyalarını, eləcə də fəal və ekstremal istirahət turlarının təşkilatçılarını bir yerə toplamaqdır.
Sərgidə regionun aparıcı aviaşirkəti olan "Azərbaycan Hava Yolları" QSC və onun tərəfdaşı kimi "SilkWay" şirkəti də iştirak edir. Məlumat verildi ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı dünyanın 18 ən yaxşı dördulduzlu terminalları sırasındadır.
İran İslam Respublikası da sərgidə iştirak edir. İran sərgiyə 5 şirkətlə qatılıb. Onlar Təbriz, Urmiya, Ərdəbil və digər şəhərləri təmsil edir. İran stendində bir otel komlpeksi də imkanlarını nümayiş etdirir.
Maldiv Respublikası isə ilk dəfədir Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinə qatılıb və 5 turizm şirkəti ilə təmsil olunur. Maldivdən gələn şirkətlər əsasən yay və ekzotik turizm növləri üzrə xidmətlərini təqdim edir.
Malayziyanın turizm şirkətləri isə sərgiyə gələn qonaqlara əsasən ekzotik turizm marşrutları üzrə xidmətləri təklif edirlər.
Macarıstan artıq 3-cü dəfədir ki, sərgiyə qatılıb. Bu ölkənin stendində milli stendlə yanaşı, 3 turizm operatoru da xidmətlərini təklif edir. Burada təklif olunan turizm istiqamətləri əsasən ekskursiya, ov və tibbi istiqamətlər üzrədir.
Budəfəki sərgidə Argentina bu ölkənin Turizm Nazirliyinin milli stendi ilə təmsil olunur. Stenddə Argentinanın çayı, mətbəxi, şirniyyatları və adətləri barədə məlumat verilir.
Hindistan isə sərgiyə 2010-cu ildən qatılır. Bu dəfə əvvəlki illərlə müqayisədə buraya gələn şirkətlərin sayı artaraq 7-yə çatıb. Bu şirkətlər ekzotik və tarixi maşrtutlar üzrə turizm imkanlarını nümayiş etdirir.
İkinci dəfə sərgiyə qatılan Dominikan Respublikası 16 turizm şirkəti ilə təmsil olunur. Bu il Dominikanın turizm imkanlarını nümayiş etdirən stendin sahəsi xeyli genişlənib. Bu ölkənin şirkətləri Azərbaycan vətəndaşları üçün eksklüziv təkliflərlə çıxış edir.
Sərgidə qardaş Türkiyə 30-dan çox turizm şirkəti və idarəsi ilə təmsil olunur. Qars, Ərdahan, İqdır, Ərzurum, Alanya, Antalya, Bodrum, Mardin kimi səfalı məkanların geniş turizm imkanlarının təqdim olunduğu stenddə ziyarətçilərə yay-qış turizminin bir çox xidmətləri təklif edilir.
Sloveniyanın stendində 16 turoperator öz xidmətlərini təklif edir. Buraya əsasən tibbi-müalicəvi istiqamətlər daxildir.
Builki turizm sərgisinə Litva 16 şirkətlə qatılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "HOREX Caucasus-2015" IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi ilə də tanış oldular.
Sərgidə Azərbaycan, İtaliya, Koreya Respublikası, Litva, Rusiya və Türkiyənin aparıcı şirkətləri iştirak edir. Sərgi iştirakçıları arasında dünyanın nüfuzlu şirkətləri də var. Ölkədə mehmanxana, restoran, idman kompleksləri və biznes mərkəzlərinin intensiv tikintisi ilə əlaqədar bu sərginin keçirilməsi olduqca aktualdır. Sərgidə dünyanın aparıcı şirkətlərindən olan "Lactalis" şirkəti də məhsullarını nümayiş etdirir. Dünyanın 37 ölkəsində müəssisələri olan şirkət dünyada pendir istehsalı üzrə liderlərdən biridir.
Dövlətimizin başçısı "CIBS-2015" II Xəzər Beynəlxalq katerlər və yaxtalar sərgisinə də baxdı. Bu sərgi Xəzər regionunda katerlər, yaxtalar, müxtəlif növ dəniz avadanlığı, yaxt-klublar, su idmanı, su nəqliyyatı və bu istiqamətdə digər sektorlarda fəaliyyət göstərən şirkətləri özündə birləşdirən yeganə ixtisaslaşdırılmış tədbirdir. İştirakçıların coğrafiyası Azərbaycan, ABŞ və Ukraynanı əhatə edir.
Sərgilərlə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya "Bakı-2015" birinci Avropa Oyunlarının açılış mərasiminə biletlər təqdim olundu.
Dövlətimizin başçısı sərgilərin işinə uğurlar arzuladı.
Milli.Az
---------
16:22
Böyütmək üçün şəkillərə klikləyin.