Yunanıstanın yeni hökumətinin qaz siyasəti: Rusiya, "Türk Axını" və şaxələndirmə

3 Aprel 2015 11:35
Rusiya və "Türk Axını''

SSRİ-nin süqutundan sonra 90-cı illərdə meydana gəlmiş yeni Rusiya siyasi elitası liberal baxışlar, Avro-Atlantik inteqrasiya arzusu və Qərbin əleyhdarı olan hökumətlərin dəstləklənməsinə müxalif mövqeyə malik idi. Lakin 2000-ci illərdə Vladimir Putinin hakimiyyətə gəlişi ilə Rusiya tamamilə fərqli bir yol seçdi. Rusiyanın xarici siyasətlə yanaşı yürütdüyü qaz siyasəti qaz böhranı, qazın təminatında fasilələr və "Qazprom''un qonşu Avropa dövlətlərində inhisarı ilə yadda qaldı. Ancaq Ukraynada baş vermiş böhran və Krımın ilhaqı "Cənub Axını'' layihəsi istiqamətində Rusiyanın manevr etmək imkanını məhdudlaşdırdı, çünki Aİ Üçüncü Enerji Paketinin qaydaları və beynəlxalq sanksiyalar tətbiqi nəticəsində layihənin Rusiya bankları tərəfindən maliyyələşdirilməsinin qarşısı alındı.

Bu baxımdan, Rusiya tərəfindən Yunanıstanda radikal solçu Siriza (Syriza) partiyasının qələbəsinın alqışlanması, habelə Aİ üzv dövlətlərdə "Cobbik'' (Jobbik, Macarıstan), "Milli Cəbhə" (Front National, Fransa) və Milli Demokratik Partiya (Nationaldemokratische Partei Deutschlands, Almanya) kimi siyasi partiyaların dəstəklənməsi onların radikal rusiyayönümlü olmasa da, Brüsselin yürütdüyü siyasətlə asanlıqla razılaşmamalarından qaynaqlanır.

Yunanıstanın yeni hökuməti Ukrayna böhranı, Aİ-nin enerji təminatının şaxələndirilməsi və Enerji İttifaqının yaradılması cəhdləri fonunda Rusiyaya qarşı tətbiq edilən sanksiyaların uzadılmasının əleyhinə çıxmaqla rəsmi Brüsselə öz etirazını bildirir. Eyni zamanda, rəsmi Afina "Türk Axını'' layihəsinin Yunanıstana və oradan Avropaya uzadılması ideyasının tərəfdarıdır. Həmçinin, yeni Yunanıstan hökuməti Rusiyanın "Rosgeo'' şirkəti tərəfindən Eqey və İon dənizlərinin karbohidrogen ehtiyatlarının kəşfiyyatı, qazın qiymətində endirim və Aleksandropolis limanında üzən anbar və yenidən qazlaşdırma zavodunun yaradılmasında iştirakı ilə bağlı müqavilələrin bağlanmasını nəzərdən keçirir.

Lakin Yunanıstanın yeni Enerji Naziri Panaqiotis Lafazanisin ölkənin Dövlət Qaz Korporasiyası olan DEPA-nın özəlləşdirilməsinin dayandırılması ilə bağlı bəyanatı Rusiyanın məyus etməyə bilməzdi. DEPA-nın səhmlərinin 65 faizinin özəlləşdirilməsi ilə bağlı tender 2013-cü ildən etibarən təxirə salınıb. Rusiyanın "Qazprom'' və "Sintez'' şirkətlərinin DEPA-nın səhmlərinə görə ən yüksək qiymət təklif etməsinə baxmayaraq, rəsmi müraciətlər edilmədiyindən özəlləşmə baş tutmadı. Bununla da "Qazprom'' və "Sintez" şirkəti DEPA-nın maliyyə vəziyyətini bəhanə edərək könüllü şəkildə tenderdən çıxdı. Ancaq sirr deyildi ki, rəsmi Vaşinqton və Brüssel 2013-cü ildə Afinanı DEPA şirkətini Rusiyaya satmamağa çağırmışdı. Çünki Rusiyanın DEPA-nın əsas səhmdarı qismində çıxış etməsi onun Cənub-Şərqi Avropa enerji bazarında üstünlük əldə etməsi ilə ciddi narahatlıq doğururdu.

Rusiya Yunanıstanın enerji bazarının liberallaşdırılmasında çox maraqlı görünür və oraya sərmayə qoymaq və müəyyən enerji aktivləri əldə etmək arzusundadır. Qaz paylanma şəbəkələrinin inkişafı və qaz saxlanılması infrastrukturunun yaradılması istiqamətində "Qazprom"un Yunanıstanın enerji sektorunda fəal iştirakı Rusiya üçün Yunanıstan-Rusiya enerji əlaqələrinin əsas elementidir.

Bu baxımdan Rusiya neftinin Qara Dəniz vasitəsilə Bolqarıstandan Yunanıstana nəqlini nəzərdə tutan və 2007-ci ildə inşa edilən Trans-Balkan Burqas-Aleksandropolis neft kəməri Azərbaycan neftinin Gürcüstan üzərindən Türkiyənin Ceyhan limanına və daha sonra Qərb bazarlarına nəql edən Baki-Tbilisi-Ceyhan neft kəmərini kölgədə qoymaq cəhdi idi. 2007-ci ildə Rusiya prezidenti Vladimir Putin Yunanıstana "Cənub Axin'' layihəsinə qoşulmağı təklif etmişdi. Məqsəd Bolqarıstan istiqamətində Şimal-Qərb marşrutunun reallaşmadığı təqdirində "Cənub Axını'' üçün Yunanıstan istiqamətində marşrut əldə etmək idi. Məhz belə də oldu və 2014-cü ilin dekabrın əvvəlində Putin "Cənub Axını'' layihəsinə son qoyaraq "Türk Axını'' layihəsini elan etdi.

"Cənub Axını''nın dayandırılmasından sonra dərhal "Türk Axını'' layihəsinin elan edilməsi ilə Putin Rusiyanın enerji ilə bağlı proseslərdən təcrid olunmadığını nümayiş etdirmək istədi. Qeyd edilməlidir ki, "Türk Axını'' məsələsi yalnız bir razılaşma ilə bitmir. Rusiyanın Türkiyə-Yunanıstan sərhədində qazını alacaq müştərilərə ehtiyacı var. Bundan əlavə, "Türk Axını''-nın Cənub-Şərqi Avropa istiqamətində uzadılması üçün Rusiya "Cənub Axını'' layihəsi çərçivəsində olduğu kimi, yenidən Aİ-na üzv və üzv olmayan dövlətlərlə danışıqlar aparmalı olacaq. Texniki baxımdan Rusiya qazını sərhəddə ala biləcək ən münasib ölkə Yunanıstandır və bu ölkə Rusiya qazının Avropaya nəqlində mühüm aktyor ola bilər.

Təminatın və marşrutların şaxələndirilməsi

Əvvəlki Yunanıstan hökuməti 2009-cü ildə yeni təbii qaz qanunun qəbul edilməsi ilə təbii qaz bazarını liberallaşdırdı. Bununla da şəffaf təbii qaz bazarı yaradıldı və nəql, paylanma və təchizat sahəsində fəaliyyət sərbəstləşdi, habelə üçüncü tərəflərin müstəqil təminatçılara çıxışı təmin edildi. 2000-ci illərin əvvəlində Yunanıstanın daxili enerji siyasəti enerji bazarının liberallaşması, enerji sektorun inkişafı və böyük həcmdə sərmayələrin cəlb olunması idisə, 2015-ci ilin yanvarında yeni hökumətinin gəlişi ilə "Siriza'' keçmiş dövlət şirkətlərinin milliləşdirilməsi və özəlləşmə əsnasında olan şirkətlərlə bağlı prosesin dayandırılması məsələlərini özünün prioriteti seçdı. Eyni zamanda Yunanıstanın enerji siyasətinin digər hədəfi yeni bağlayıcı kəmərlər və maye qaz terminallarının yaradılması və mövcud infrastrukturun yenilənməsi yolu ilə ölkənin regionda Şərq və Qərb arasında enerji qovşağına çevrilməsidir. Çünki 65% neft və 75% qazını Rusiyadan alan Yunanıstan, enerji təminatının şaxələndirilməsinə çalışan Avropa dövlətlərindən biridir.

Trans-Adriatik Boru Kəməri (TAP) - 2013-cü ildə Cənub Qaz Dəhlizinin son halqası və Yunanıstan üçün alternativ təchizat marşrutu oldu. TAP boru kəmərinin Trans-Anadolu boru kəməri (TANAP) ilə birləşməsi nəzərdə tutulur və kəmər Türkiyə-Yunanıstan sərhədindən başlayacaq, Albaniya üzərindən keçəcək, daha sonra isə Adriatik dənizinin dibi ilə İtaliyanın Cənub sahilinə (San Foca) çatacaq.

Lakin Yunanıstanın yeni hökumətinin TAP layihəsi ilə bağlı yeni tələbləri, o cümlədən tariflərin artırılması, qazın qiymətinin aşağı salınması və "DESFA'' şirkətinin yalnız 49% səhmlərinin ARDNŞ-ə satılması niyyəti, habelə TAP layihəsinin səhmdarı olması arzusu Cənub Qaz dəhlizi layihəsinə kölgə saldı və ARDNŞ tərəfindən isti qarşılanmadı. DESFA məsələsi hələ də yekunlaşmadığına və ARDNŞ-ın Yunanıstana TAP layihəsinin səhmdarı olmağa razılıq verməsinə baxmayaraq, Azərbaycan qiymət və tariflər məsələlərində güzəştə getmədi.

TAP ilə bağlı digər bir məsələ onun Rusiya qazının daşıması perspektividir. Beləliklə, Rusiya TAP-da özünə əlavə pay əldə edə bilər, çünki Aİ Komissiyasının qaydalarına görə TAP-ın 50% səhmləri üçüncü tərəf üçün qapalı olsa da, səhmlərin digər 50% üçüncü tərəflərə təklif edilə bilər. Bununla da, Rusiya qaz təchizatının ikinci mərhələsində və ya Türkiyə-Yunanıstan sərhədində əlavə giriş-çıxış məntəqələri yaratmaqla TAP vasitəsilə (borunun həm-sahibi deyil təchizatçı qismində) öz qazını nəql edə bilər.

Türkiyə-Yunanıstan-İtaliya Bağlayıcı Kəməri (İTGİ) - "Natural Gas Europe''-un məlumatına əsasən, yeni Yunanıstan hökuməti "Türkiyə Axını'' layihəsinin davamı olaraq Yunanıstandan Avropaya Rusiya qazının Türkiyə-Yunanıstan-İtaliya Bağlayıcı Kəməri vasitəsilə daşınmasını da nəzərdən keçirir. 2005-ci ildə istifadəyə verilmiş, Karacabey (Türkiyə) və Komitini (Yunanıstan) məntəqələrini birləşdirən Türkiyə-Yunanıstan Təbii Qaz Bağlayıcı Kəməri Yunanıstana Rusiyadan (Bolqarıstan üzərindən) və Əlcəzairdən (maye qaz şəklində) idxal olunan təbii qaza əlavə olaraq üçüncü tərəf təchizatçıların cəlb olunmasına imkan verməli idi.

Yunanıstan-İtaliya sualtı boru kəmərinin inşası da Türkiyə-Yunanıstan bağlayıcı kəmərinin davamı olmalı idi. Hər iki kəmərin reallaşdırılması nəticəsində Yunanıstan daxili bazarda istehlak olunacaq təbii qazın idxalını müxtəlif mənbələr hesabına şaxələndirəcək idi. Lakin infrastrukturun böyük hissəsinin mövcud və işlək vəziyyətdə olmasına rəğmən, İTGİ layihəsi İtaliya və Yunanıstanın üzləşdiyi maliyyə problemləri səbəbindən reallaşmadı. Bu gün əsas məsələ ölkənin iqtisadi vəziyyəti və borc ilə bağlı Aİ ilə aparılan danışıqların fonunda Yunanıstanın İTGİ layihəsini necə maliyyələşdirəcəyidir.

Yunanıstan-Bolqarıstan Bağlayıcı Kəməri (İGB) - Yunanıstanın Komotini və Bolqarıstanın Stara Zaqora məntəqələrini birləşdirəcək bu layihə Cənub-Şərqi Avropa dövlətləri üçün Şərqi Aralıq dənizi, Xəzər dənizi və ya Rusiya qazının idxal edilməsi üçün mühüm layihə hesab edilir. İGB TAP vasitəsilə Azərbaycan qazının və Şimali Yunanıstanda yerləşən maye qaz zavodu vasitəsilə Aralıq dənizi qazının Cənub-Şərqi və Mərkəzi Avropaya nəqlinə imkan yaradacaq. Həmçinin, Türkiyə-Yunanıstan birləşdirici kəmər və ya TAP vasitəsilə Rusiya qazı da İGB-nin sayəsində Bolqarıstana və oradan Cənub-Şərqi və Mərkəzi Avropaya nəql edilə bilər. Digər variant isə odur ki, "Türk Axını'' qazı Yunanıstana nəqlindən sonra yeni kəmər vasitəsilə Makedoniyadan və Serbiyadan keçərək Macarıstan və Avstriyaya daşına bilər.

Sonuncu təklif Macarıstanın baş naziri Viktor Orban tərəfindən Vladimir Putinlə son görüşü zamanı səsləndirilib. Bundan əlavə, Aİ tərəfindən birgə maraq kəsb edən layihə hesab olunan İGB, 2014-cü ilin dekabrında Brüsseldə Yunanıstan, Bolqarıstan və Ruminiya enerji nazirlərinin birgə bəyanatında əks olunmuş "Şaquli Dəhliz'' layihəsinin təməl daşı hesab olunur. İGB layihəsi üzrə gecikmələrin fonunda Yunanıstan və Bolqarıstan enerji nazirləri 9 fevral 2015-ci il tarixində İGB-nin icrasının sürətləndirilməsi və 2015-ci ilin ortalarınadək Yekun İnvestisiya Qərarının qəbul edilməsi ilə bağlı razılığa gəldilər. Ancaq hələ də Bolqarıstan və Rumıniya, habelə Bolqarıstan və Yunanıstan arasında olan bağlayıcı kəmərlərin inşası başa çatmayıb.

Mayeləşdirilmiş Təbii Qaz (MTQ) - Hazırda Yunanıstanın DEPA şirkəti üzən anbar və yenidən qazlaşdırma qurğularının inkişafı, Revitussa MTQ terminalının təkmilləşdirilməsi və Bolqarıstan və Türkiyə sərhədinin yaxınlığında, Kavala bölgəsində Eqey MTQ terminalının inşası üzərində düşünür. Bununla da terminalların Trans-Adriatik boru kəməri (TAP), Yunanıstanın ötürücü sistemi və Yunanıstan-Bolqarıstan bağlayıcı kəmərinə birləşdirilməsi mümkün olacaq. Həmçinin Yunanıstan 2020-ci ildən etibarən Əlcəzairdən MTQ idxal etmək niyyətindədir (ildə 5 milyard kubmetr). Digər yunan şirkəti olan "Prometheus Gas'' Alexandropolus limanı yaxınlığında bənzər terminal inşa etmək arzusundadır. Digər tərəfdən Yunanıstan Türkiyənin Mərmərə dənizindəki iki MTQ terminalından istifadə edərək, Əlcəzair, Nigeriya və Qətərdən maye qaz alaraq İGB vasitəsilə nəql edə bilər.

Yunanıstan həmçinin Kiprin Vassilikos terminalı, Revitusa MTQ terminalı və ya Kavala şəhəri yaxınlığında yerləşək üzən anbar və yenidən qazlaşdırma qurğusundan istifadə edərək qaz təminatını şaxələndirə bilər. Bunun nəticəsində Yunanıstan saxlama anbarlarına alavə qaz həcmləri toplamaq və adıçəkilən terminallar və milli qaz paylayıcı sistemi arasında bağlayıcı kəmərlər yaradaraq həmin infrastrukturu Yunanıstan-Bolqarıstan bağlayıcı kəməri ilə birləşdirə və nəticədə Cənub-Şərqi Avropa bazarlarına çıxış əldə edə bilər. Digər şaxələndirmə imkanı Aralıq dənizinin dibi ilə çəkiləcək, Leviatan (İsrail) və Afrodit (Kipr) yataqlarını Yunanıstanın Peloponez adası və ya Attika yarımadası ilə birləşdirəcək Şərqi Aralıq Dənizi boru kəməri ola bilər.

Newtimes.az