Sadəcə, cərəyanı yoxlamaq istəyirdi...
2 Aprel 2015 14:28
Kürdəmirdə elektrik naqilinə toxunan "KamAZ"-ın sürücüsü xəstəxanaya yerləşdirilib
İmişli rayon sakinini Kürdəmirdə elektrik cərəyanı vurub. Milli.Az El TV-yə (Region Tv) istinadən xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində qeydə alınıb. İmişli rayon sakini, 53 yaşlı Eldar Mayıl oğlu Ələsgərov idarə etdiyi "KamAZ" markalı yük maşınını yol kənarında saxlayaraq oradan keçən yüksək gərginlikli elektrik naqilinin avtomobilə toxunub-toxunmadığını yoxlamaq istəyib. Yük maşınının üstünə çıxan sürücü elektrik naqilinə toxunub. Bu zaman cərəyan onu vurub və sürücü asfalt yola çırpılıb. O, dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
Milli.Az