4 yaşı var, amma 3 milyon avro qazandı - FOTO

2 Aprel 2015 10:56

4 yaşı olmasına rəğmən ötən ildə 3 milyon avro qazanıb, iki böyük reklam kampaniyasının "sima"sı olub və üstəlik, yollandığı şəhərlərdə sutkası ən azı 600 dollardan lüks otel nömrələrində qalır.
 

O, Şupettdir.
 

Milli.Az The New York Magazine-ə istinadən bildirir ki, dünyaca məşhur "Chanel" brendinin kreativ direktoru və baş dizayneri Otto Karl Lagerfeldin ağ rəngli pişiyi, Birma cinsindən olan Şupett ötən il Opel Corsa avtomobili və Yaponiyanın "Shu Uemura" kosmetika brendinin reklam kampaniyalarının "sima"sı olub.
 

"Şupettin indiyədək ərzaq məhsulları və əşyaların reklamlarına çəkilməsini istəmirdim. O, unikaldır. İnsan kimidir. Amma yaxşı ki, susur. Pişiyim başqa heyvanlara və uşaqlara nifrət edir. Şupett dünyanın mərkəzidir. Onun oyunlarında, hərəkətlərində nəsə mistika, unudulmaz məqamlar var", - K.Lagerfeld söyləyib.
 

Ötən ilin iyul ayında "Şuppett: yüksək səviyyəli dəbli pişiyin şəxsi həyatı" (Choupette: The Private Life of a High-Flying Fashion Cat) adlı kitab satışa çıxarılmışdı. Dünyanın ən məşhur pişiklərindən birindən bəhs edən bu kitabın müəllifləri Patrik Morye (Patrick Mauriès) və Jan-Kristof Napyadır (Jean Christophe Napias).
 

2012-ci ildə K.Laqerfeldin dostlarından biri, maneken Batist Cabikoni Milad bayramı günlərində pişiyinə baxmağı dizaynerdən xahiş etmişdi. Bayram günlərində pişiyə mehr salan Karl Lagerfeld sonra Cabikonidən pişiyi ona verməsini xahiş etmişdi. Maneken əfsanəvi dizaynerin sözünü yerə salmamışdı.
 

Şupettin Twitter-dəki akkauntunun 46900 daimi təqibçisi var.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.