"Türk Hava Yolları"nın təyyarələrində son 4 gündə 3 bomba həyəcanı

1 Aprel 2015 17:13
"Türk Hava Yolları" aviaşirkətinin İstanbul-Lissabon reysi ilə uçan təyyarəsi göyərtədə partlayış təhlükəsinə görə aeroporta qayıdıb.

Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.

Uçuş zamanı avialaynerin göyərtəsində partlayıcı qurğunun olması barədə məlumat əldə olunub.

Təyyarənin hava limanına qayıtmasından sonra bütün sərnişinlər təxliyyə edilib və hazırda təyyarədə partlayıcı qurğunun axtarışı aparılır.

Qeyd edək ki, martın 30-da İstanbul-San Paulu reysini həyata keçirən təyyarə anonim zəngə əsasən, göyərtədə bomba olması ehtimalına görə Mərakeşin Kasablanka şəhərinə təcili eniş etmişdi.

Martın 29-da isə İstanbul-Tokio reysini həyata keçirən təyyarənin yük bölməsində bomba olması ilə bağlı təcili yoxlama aparılmış, lakin heç bir partlayıcı qurğu aşkarlanmamışdı.

Milli.Az