Misir Mərdanov: "Nə qədər ayağımın altını qazsalar da, yıxılmaram"

31 Mart 2015 21:32

Milli.Az anspress-ə istinadən bildirir ki, sabiq təhsil naziri, hazırda AMEA-nın Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov interaztv-yə müsahibə verib.

Həmin müsahibəni ixtisarla təqdim edirik:

- Misir müəllim, ilk məvacibizi xatirlayırsınız? Nə qədər olub?

-O zaman Bakı Dövlət Universitetində müəllim kimi işləyərkən almışam. Dissertasiya müdafiə etməmiş çox az idi. Amma müdafiə etdikdən sonra o vaxtın pulu ilə 200 manat. Dekan müavini işləyəndən sonra isə 430 manat pul alırdım. O zaman üçün böyük pul idi. Məsələn, deputatın, raykom katibinin maaşından artıq pul idi. Yəni bir ailəni o pulla dolandırmaq kifayət idi.

- İndi vəziyyət necədir? Məvacibinizlə ailəni dolandıra bilirsinizmi?

-Belə deyim ki, uzun müddət dövlət işində işlədiyimə görə yüksək təqaüd alıram. Yəni 2200 manata yaxın təqaüd alıram. İşlədiyim institutda isə orta hesabla isə ayda 900 manat məvacib alıram. Allah bərəkət versin. Aylıq gəlirim 3000 manatdan çox edir. Ola bilər qrantlar-filan da olsun. Proqramlar üzərində işləyirik. Ailədə iki nəfərik - həyat yoldaşım və mən. Ona görə də məvacibim tamamilə kifayət edir.

- İnstitutda nə işlər görürsünüz?

- Mən instituta gələndən sonra riyaziyatdan üç elmi jurnal çap olunur. Onlardan ikisi ingilis dilində çıxır. Həmin üç jurnala direktor kimi mən rəhbərlik edirəm. Onu da deyim ki, hər iki dildə çıxan jurnallar dünyanın müxtəlif agentlikləri tərəfindən qiymətləndirilir. Təəssüf ki, bu gün dünyanın ən səviyyəli agentliyi olan "Thomson Reuters"in siyahısında olan 10 min jurnalın içində Azərbaycandan bir jurnalın adı var. O da Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinin buraxdığı jurnaldır. Ümumi məqsədimiz dünya agentlikləri siyahısında jurnallarımızın reytinqini qaldırmaqdır. "Thomson Reuters"in siyahısına daxil olan jurnalda məqalə çap etdirən alimin hər məqaləsinə 300 manat mükafat verilir. 33 məqalə var idi. Onların hər birinə 300 manat mükafat verdik.

Əlbəttə, alimlərin bugünkü maaşlarının yüksəkliyindən danışmaq olmaz. Amma onlar yalnız burada işləmirlər. İnstitutla yanaşı digər yerlərdə də işləyirlər. Ola bilər bir neçə yerdə işləsinlər. Biz onlara da şərait yaradırıq. Hər halda hesab edirəm ki, tanınmış alimlərimiz öz ailələrinin sosial xərclərini ödəyə bilirlər.

- Uşaqlığınızı necə xatırlayırsınız?

- Uşaqlığım indi Ermənistan adlanan Ermənistan Respublikasının İcevan rayonunun Göyərçin və Salah kəndlərində keçib. İbtidai və 7 illik təhsilimi Salah kəndində almışam. Bizim kənddə orta məktəb olmadığına görə orta təhsilimi qonşu kənddə - Poladda almışam. Yalnız qışdan başqa hər gün 4 kilometr məsafəni piyada gedib-gələrdik. Təkcə qışda Polad kəndində qalardıq. Hər gün 8 kilometr yolu sinif yoldaşlarımla deyə-gülə gəlirdik. Çox gözəl müəllimlərim olub. Çox yaxşı xatırlayıram. İlk olaraq anamı xatırlayıram. Sağdır, yaşayır. Gülxanım müəllimə ibtidai sinifdə bizə yazmağı öyrədib. Novruz müəllim riyaziyyat müməllimimiz olub. Səyyad, Alı, Dursun, Mirzə müəllimlər 7-ci sinfə kimi mənə dərs deyib. Poladda dərs deyən müəllimlərimi də xatırlayıram. O zaman indikindən fərli olaraq oxuyana, ziyalıya çox böyük hörmət var idi. Yadımdadır, atam II dünya müharibəsindən əvvəl İrəvanda Azərbaycan dilində pedaqoji məktəbi bitirib. Daha sonra müharibəyə gedir, qayıdandan sonra isə rəhbər vəzifələrdə çalışır. Yəni ailəmiz ziyalı ailə olub. 3 bacı, 3 qardaş olmuşuq.

- Qardaş-bacılarınızla yola getmisiniz?

-Əlbəttə, mən böyükləri olmuşam. İndi hamısı köçüb gəlib, Bakıda yaşayırıq. Təkcə kiçik bacım Moskvada yaşayır. Qalanlarımız Bakıda yaşayırıq. Qardaşımın biri İlham Mərdanov riyaziyyat üzrə elmlər doktorudur, professordur. İndi həm Pedaqoji Universitetdə çalışır, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işləyir. İkinci qardaşım Əli Mərdanov Şabran Rayon Polis Şöbəsinin rəisidir. Böyük bacım Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllimə işləyir. Əməkdar müəllimdir. Ondan kiçik bacım tibb elmləri namizədidir. Azərbaycan Dövlət Tibb Universitetində anatomiya kafedrasının dosentidir. Kiçik bacım Zeynəb də Moskvada yaşayır. İndi təqaüdə çıxıb.

- Övladlarınız nə işlə məşğuldur?

- Üç övladım var - iki qızım, bir oğlum. Oğlum Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Böyük qızım evdar qadındır. Uşağı körpə olduğundan onunla məşğuldur. Kiçik qızım da Bakı Dövlət Universitetinin filologiya fakültəsində müəllimədir, dosentdir.

- Nəvələriniz şirin olar?

- Yeddi nəvəm var. Bu yaxınlarda böyük nəvəmin toyunu etdik. Qalan nəvələrim də yavaş-yavaş böyüyür. Hələlik məktəbdə oxuyurlar.

- Daha çox hansı babalarına oxşayırlar?

-Nə bilim?! Desəm ki babalarına oxşayanı yoxdur, daha düz olar.

- Hazırda Bakıda harada yaşayırsınız?

- May ayında dörd il olacaq ki, Novxanıda bağ evində yaşayıram. Qışda da, yayda da oradayam. Orada hər bir şəraitimiz var. Cavan vaxtı Bakıda müxtəlif yerlərdə yaşamışam. 9-cu mikrorayonda evim olub. Sonralar o evi bacımgilə verdim. Sonra "Sovetski" deyilən yerə gəlmişəm, təzə tikilən binada yaşamışam. Dəniz kənarında evim var. O evim indi də qalır. Amma indi orada yaşamırıq. Arabir gedib baxıram.

- Maşınınızı özünüz sürürsünüz?

- Şəxsi avtomobilimi həmişə özüm sürmüşəm. Həftənin şənbə-bazar günləri, bayram günləri sürücünü evinə göndərmişəm ki, onun da ailəsi var, ailəsi ilə istirahət etsin. Özüm maşın sürmək həvəskarıyam.

- Bərk sürürsünüz?

- Bəli, yol yaxşı olsa, sürürəm.

- Radara düşdüyünüz vaxt olub?

- İki ilə yaxındır nazir deyiləm. Amma insanlardan çox hörmət görmüşəm. Əsasən də avtomobil müfəttişlərindən. Hətta qaydanı bilməyərəkdən pozanda da "Hə, Misir məllim, sizsinizmi? Nə kömək lazımdır?! Sürün gedin" deyiblər. Yəni hansı qapını açıramsa, hansı müəssisəyə gedirəmsə, orada hörmət görürəm.

- İstirahət etməyi sevirsiniz? Bu yay harada dincələcəksiniz?

- İsmayıllıda Zərgəran kəndində evim var. Haradasa 10 gün güclü istilər olanda gedib orada dincələcəm. 10 gün İstanbulda, 10 gün də Almaniyada. Qohumlarımın çoxu Almaniyada yaşayır. Həm onlarla görüşürük, həm də qaynatam-qaynanam orada dəfn olunublar, onların məzarını ziyarət edirik.

- Övladlarınızın sizə işi çox düşür?

- Əksinə, daha çox mən zəng edirəm. Hətta arada yoldaşım deyir ki, nə istəyirsən uşaqlardan. Məsələn, oğlum 40 yaşını keçib. Amma hər gün əlaqə saxlayıram. Onlarla hal-əhval tutmasam, problemləri ilə tanış olmasam, rahat ola bilmirəm. Eləcə də bacı-qardaşlarımla. Hər həftə görüşürük.

- Mənfi xüsusiyyətləriniz varmı?

- Əlbəttə. Hamının müsbət xasiyyəti olduğu kimi mənfiləri də var. Məsələn, yoldaşım məni qınayır. Hər gün çox tez oyanıram. Hər gün bir saat. Günün xəbərlərini izləyirəm. Daha sonra öz riyazi məsələlərimlə məşğul oluram. Bütün bunlardan sonra bir saat gəzməyə çıxıram. Sonra isə uşaqlardan hal-əhval tuturam. Həmişə yoldaşım mənə irad tutur ki, qoymazsan uşaqlar yatsın. Mənfi xüsusiyyətimin biri odur. Bəlkə də mənfilərimdən biri də insanlara tez inanmağımdır. Uzun illərin təcrübəsidir ki, insanlara inanmışam, amma sonra görmüşəm ki, hamıya inanmaq düzgün deyil.

- Həyat yoldaşınızla tanışlığınızdan, ailə qurmağınızdan danışardınız...

- Həyat yoldaşım öz kəndçimiz olub. Onun atası Salah kəndindən idi, anası isə alman olub. Elə də yaxın olmasaq da ailə qurmağımızda mənim və onun valideynlərinin rolu olub. Onlar bir-birini daha yaxın tanıyıblar. Mənim atam yüksək nüfuza sahib olduğundan onun sözünü iki eləyə bilməzdik. Peşman deyiləm. 3 övladım, 7 nəvəm var. 44 il narazılıq etməmişik, yəqin ki, bundan sonra da etmərik. Atama rəhmət oxuyuram ki, belə bir əməlisaleh insanla ailə qurmağıma şərait yaradıb.
 

Milli.Az