Avrozonada böhran: həyat bahalaşır
30 Mart 2015 13:09
Vahid valyuta məkanında birgə inkişafı hədəfləyən avrozonanın 2008-ci ildə böhranla üzləşməsi Avropa ölkələrinin iqtisadi davamlılığı arasındakı fərqləri ortaya çıxardı. Maliyyə və iqtisadi böhran avrozonanın "ucqarlarındakı" Yunanıstan, İtaliya, İspaniya, Portuqaliya kimi ölkələrə ağır zərbə vurub, "mərkəzdəki" ölkələr içərisində isə avrozonanın aparıcı iqtisadi gücü olaraq Almaniyanı böhranla mübarizədə əsas yükü üzərinə götürmək məcburiyyətində qoyub. ABŞ da daxil olmaqla əksər ölkələr Almaniyaya digər avrozona ölkələrinə maliyyə yardımı göstərməsi üçün təzyiq edirlər. Almaniya əhalisi ölkələrinin digər ölkələrə yardım etməsini o qədər də müsbət qarşılamır. Rəsmi Berlin isə yardımın qarşısında ölkələr qarşısında sərt tələblər qoyur. Əlbəttə ki, Avropa İttifaqının əsas siyasi, iqtisadi güc mərkəzlərindən olan Böyük Britaniya da böhranın aradan qaldırılmasında aparıcı qüvvə ola bilərdi, lakin onun öz funt-sterlinqinə sadiq qalması və avrozonaya daxil olmaması Birləşmiş Krallığı belə bir ağır məsuliyyətdən azad edib.
Bir sıra ekspertlərin fikrincə, bir vaxtlar Avropa inteqrasiyasının təməl sütunu sayılan maliyyə ittifaqı son zamanlar Almaniyanın liderliyi altında "Avrozonanın fiskal müstəmləkəçiliyinə" çevrilib. 1950-ci illərdən başlayan frank-german əməkdaşlığı Avropada inteqrasiyanın aparıcı gücü olub. Lakin Fransanın rəqabət qabiliyyətinin azalması və Almaniyanın irəli sürdüyü vergi-büdcə qaydalarını qəbul etməməsi nəticəsində iki ölkənin tərəfdaşlığı sarsılıb. Bununla belə, istər avrozona ölkələrinin böhranla mübarizə siyasətinin formalaşdırılmasında, istərsə də Ukraynadakı münaqişənin nizamlanması yönündə gedən siyasi proseslərdə Almaniya Aİ ölkələri içərisində əsas söz sahibi olduğunu nümayiş etdirir (bax: Алан Кафруни. Двойной кризис Европы: логика и трагедия главенствующего положения Германии в современном мире / "Валдайские записки", №10, fevral 2015).
Böhranın səbəblərinə gəlincə, bəzi ekspertlər böhranı Avropa İttifaqının iqtisadi və maliyyə strukturunun düzgün qurulmaması, müxtəlif inkişaf səviyyələrinə malik olan dövlətlərin iqtisadiyyatlarının eyni qaydalar və valyuta sistemində birləşdirilməsi nəticəsində yaranan disbalans kimi izah edir. Bəziləri böhranı birbaşa olaraq iri maliyyə şirkətlərinin, bankların öz siyasətini düzgün qurmaması ilə əlaqələndirir. Başqa bir fikir isə ondan ibarətdir ki, bankların üzləşdiyi maliyyə problemlərinin səbəbi sıravi vətəndaşların kredit kartları vasitəsilə həyata keçirdikləri ödəmələrdən yaranan borclarını geri qaytarmamasıdır. Səbəbindən asılı olmayaraq, reallıq onu göstərir ki, Avropa ölkələrinin iqtisadiyyatları zəncirvarı şəkildə ciddi maliyyə problemləri ilə üzləşməkdədir.
"Xəstəliyin" özü qədər ağrılı "müalicəsi"
Avropa İttifaqına üzv olan və avrodan istifadə edən ölkələrin iqtisadiyyatı bir-biri ilə sıx bağlıdır. Bu səbəbdən, bir ölkənin maliyyə sistemində balansın pozulması digər dövlətlərin iqtisadiyyatına da mənfi təsir göstərir. Eyni zamanda, siyasi cəhətdən Avropanın mərkəzləşdirilmiş qurumlarının qərarlarından asılı olan region dövlətləri böhranla mübarizədə də tam müstəqil addımlar atmaq iqtidarında deyil.
Avropadakı böhranla mübarizə strategiyasının formalaşdırılmasında Avropa İttifaqı, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondundan ibarət üçlük, eləcə də avrozonanın əsas iqtisadi gücü olan Almaniya aparıcı rol oynayır. Bank sistemini sarsıdan borcların həcmini azaltmaq üçün təklif olunan başlıca çıxış yolu böhrandan əziyyət çəkən ölkələrə maliyyə paketlərinin ayrılması qarşılığında dövlətlərin büdcə xərclərini kəskin azaltmasıdır. Xərclərin azaldılması hökumətin bankların maliyyə çatışmazlığını aradan qaldırması və bunun üçün digər ölkələrdən aldığı kreditləri gələcəkdə qaytara bilməsi məqsədi daşıyır.
Büdcə xərclərinə qənaət məqsədilə ilk növbədə, sosial xərclər məhdudlaşdırılır. Bunun üçün dövlət müəssisələrində çalışanların əməkhaqları, təqaüdlərin həcmi, həmçinin, iş yerlərinin sayı azaldılır. Paralel olaraq, kommunal xidmətlərin qiyməti, vergilərin həcmi artırılır. Nəticədə, insanlar daha az maaşla daha çox yaşam xərcini ödəmək məcburiyyətində qalırlar.
İş yerlərinin bağlanması nəticəsində Avropada stabil gəlirdən məhrum olan insanların sayı artıb. Təkcə Yunanıstanda 2008-2013-cü illərdə iqtisadiyyatın həcmi 23,5 faiz, investisiyalar isə 58 faiz azalıb. 2014-cü ilin sonunda işsizlik səviyyəsi 27 faiz, gənclər arasında isə 60 faiz olub. Böhranın tədricən səngiməsi və qənaət tədbirləri nəticəsində son illərdə ilk dəfə olaraq 2014-cü ildə Yunanıstan büdcəsində artım qeydə alınıb (bax: əvvəlki mənbə).
Yunanıstan: yeni hökumət vədinə sadiq qala biləcəkmi?
Göründüyü kimi, böhranla mübarizə tədbirləri yeni sosial problemlər meydana çıxarıb. Bu səbəbdən də region ölkələrində avroskeptisizm meyilləri güclənib və bu, böhrandan ən çox əziyyət çəkən Yunanıstandakı siyasi proseslərdə özünü daha qabarıq göstərir.
Belə ki, Yunanıstanda bu il yanvarın 25-də keçirilən parlament seçkilərində qalib gələn solçu "Siriza" partiyası və növbəti gün onun baş nazir təyin olunan rəhbəri Aleksis Tsipras əvvəlki hökumətin anti-böhran tədbirlərinə qarşı tənqidi mövqeyi ilə populyarlıq qazanıb. Solçuların seçkiöncəsi vədlərindən biri büdcə xərclərinə qənaət tədbirlərinin ləğv olunacağı idi (bax: Syriza Party Leader Vows to End Austerity in Greece, Maintain European Ties / "The Wall Street Journal", 25 yanvar 2015).
Lakin yeni hökumətin bu vədinə sadiq qalacağı sual altındadır. Çünki Yunanıstanın maliyyə durumu hələ də ağırdır. Bəzi mənbələrə əsasən, aprel ayı ərzində Yunanıstanın nağd pulu tükənə bilər. Avrozona maliyyə qurumları və Almaniya isə maliyyə yardımı ayırmazdan əvvəl rəsmi Afinadan həyata keçirəcəyi yeni islahatların siyahısını tələb edib (bax: Greece risks running out of cash by April 20, scrambles on reforms / "Reuters", 24 mart 2015).
Almaniya Bundesbankının sədri Cens Veidmanın Yunanıstan rəhbərliyinə çağırışı da yeni hökumət üzərindəki təzyiqi artırıb. Həm də Avropa Mərkəzi Bankının İdarə Şurasının üzvü olan Veidman Yunanıstanın islahat "marafonunun" sonuna çatmağına hələ çox qaldığını, ölkənin indiyədək həyata keçirdiyi iqtisadi tədbirlərdən imtina etməsinin "faciəvi" nəticələrə gətirib çıxara biləcəyini bəyan edib (bax: ECB's Weidmann says would be tragic if Greece gave up reform drive / "Reuters", 25 mart 2015).
Tsipras hökuməti artıq islahatlar siyahısını Aİ və BVF-yə təqdim edib. İslahatların nədən ibarət olduğu hələlik tam açıqlanmasa da, rəsmi Afina vergidən yayınmaların aradan qaldırılması yolu ilə dövlət gəlirlərini 2015-ci ildə 3 milyard avro həcmində artırmaq, maaş və pensiyaları isə azaltmamaq niyyətini bəyan edib. Bununla belə, Tsipras Aİ ilə zidd mövqedə dayanmaq istəmədiyini də bildirib (bax: Greek PM Tsipras says he seeks no rift with Europe / "Reuters", 27 mart 2015).
Yunanıstan hökumətinin yeni islahatlar siyahısını təqdim etməsi bəzi ehtimalların əksinə olaraq, bu ölkənin avrozonanı tərk etmək niyyətində olmadığını göstərir. Ümumilikdə, Yunanıstan iqtisadiyyatının böhran vəziyyətindən çıxması üçün kənardan dəstəyə ehtiyacı var. Güman ki, rəsmi Afina mövcud durumu nəzərə alaraq Almaniya hökumətinin tələblərini xeyli dərəcədə nəzərə almalı olacaq.
Newtimes.az