Bakıda bank işçisi faciəvi şəkildə öldü - YENİLƏNİB - FOTO
30 Mart 2015 14:10
14:10
Dünən axşam Bakının Yasamal rayonunda Talıblı və Şərifzadə küçələrinin kəsişməsində Xəyal İbrahimovun idarə etdiyi "Daewoo" markalı avtomobil Ağaxan Muradovun idarə etdiyi "Az Samand" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib, ancaq həkimlərin səyinə baxmayaraq "Daewoo"nun sürücüsü dünyasını dəyişib.
Aznews.az-ın əldə etdiyi məlumata görə, "Daewoo"nun sürücüsü bankın əməkdaşı olub. O, bankın problemli kreditlər şöbəsində çalışıb.
Araşdırmadan sonra məlum olub ki, bu şöbənin əməkdaşları gecə vaxtı problemli müştərilərə məxsus olan avtomobilləri qovaraq ələ keçirirlər.
Bu hadisə də elə həmin məqsədlə aparılan əməliyyat vaxtı baş verib.
----------
09:05
Bakıda bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.
APA-nın məlumatına görə, hadisə Yasamal rayonun Talıblı və Şərifzadə küçələrinin kəsişməsində qeydə alınıb.
1989-cu il təvəllüdlü İbrahimov Xəyal İbrahim oğlu idarə etdiyi "Daewoo" markalı maşınla Talıblı küçəsindən üzü Şərifzadə küçəsinə doğru hərəkətdə olan zaman Muradov Ağaxan Ağahüseyn oğlunun idarə etdiyi "Azsamand" markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki sürücü ağır yaralanıb. Onlar təcili yardım vasitəsi ilə xəstəxanaya çatdırılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq "Daewoo"nun sürücüsünün həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə Yasamal Rayon Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırma zamanı məlum olub ki, qəzaya avtomobillərdən birinin işıqforun qırmızı işığına məhəl qoymadan hərəkət etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.