Olimpiya çempionumuzun adını ləkələdi - FOTO

29 Mart 2015 14:07
Bakıda quldurluqla məşğul olan 3 nəfərdən ibarət dəstə saxlanılıb.

Xəzər Rayon Polis İdarəsindən (RPİ) "Report"a verilən məlumata görə, əməliyyat zamanı 1990-cı il təvəllüdlü Hüseynova Əfsanə Fəxrəddin qızı, onunla qeyri-rəsmi nikah münasibətlərində olan, 1989-cu il təvəllüdlü Hacıyev Məmmədəli Ədalət oğlu və Rusiya Federasiyası vətəndaşı, 1984-cü il təvəllüdlü Sadıqov Gülhüseyn Sakit oğlu saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Ə.Hüseynova əvvəlcədən qurulan plana əsasən, metro stansiyalarında tanış olduğu oğlanlarla cinsi əlaqədə olmaq adı ilə onları Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yaşadığı evə dəvət edib. Evə daxil olandan sonra isə qadının tanış olduğu oğlanlar M.Hacıyevin hücumuna məruz qalıblar.

M.Hacıyev evə gələn şəxslərə fiziki zor tətbiq edərək onların pulunu və mobil telefonlarını əllərindən alıb. İstintaq zamanı dəstə üzvlərinin bu cinayətləri Rusiya Federasiyasında məhkum olunan G.Sadıqovun qurduğu plana əsasən həyata keçirdikləri məlum olub. Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb. Hələlik saxlanılan şəxslərin bu üsulla 5 nəfərə qarşı quldurluq etdikləri sübuta yetirilib. Amma zərərçəkən şəxslərin sayının artacağı istisna olunmur.

RPİ-dən bildirilib ki, bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Xəzər RPİ-yə müraciət edə bilərlər.

Qeyd edək ki, M.Hacıyev kikboks idman növü ilə məşğul olur. O, zərərçəkənlərə zor tətbiq edən vaxt özünü cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli kimi təqdim edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.