AZAL məsələyə aydınlıq gətirdi

28 Mart 2015 17:05

Fransada təyyarə qəzasından sonra təhlükəsizlik gündəmə gəlib

Fransada "Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsinin qəzaya düşməsindən sonra yeni bir məsələ gündəmə gəlib.

Anspress-in məlumatına görə, qəzanı ikinci pilotun törətməsinə dair açıqlamalardan sonra bəzi avia şirkətlər qaydaları dəyişib. Dəyişikliyə görə, kabinədə iki əsas və bir köməkçi pilot olacaq.

Bu yeni dəyişiklik bəzi ölkələrdə artıq uzun müddətdir tətbiq olunur. Belə ki, ABŞ-da "Airbus" təyyarələrində iki əsas pilotun olması məcburidir. Təyyarədə təhlükəsizliyi təmin etmək məqsədilə əlavə pilotun cəlb edilməsi məsələsinə Azərbaycan Hava Yollarından (AZAL) da münasibət bildirilib.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib ki, AZAL-ın "Airbus" təyyarələrini iki pilot idarə edir. QSC rəsmisi təyyarəyə əlavə pilotun cəlb edilməsinin hələlik nəzərdə tutulmadığını söyləyib.

Xatırladaq ki, Almaniyaya aid "Airbus A320" tipli sərnişin təyyarəsi martın 24-də Fransanın cənubunda qəzaya uğrayıb. Qəza nəticəsində 150 sərnişin həlak olub.

Milli.Az