Fransada təyyarə qəzasında ölən hər sərnişinə görə 50 min avro təzminat ödənəcək

28 Mart 2015 16:29
Almaniyanın "Lufthansa" şirkəti özünün törəmə şirkəti "Germanwings"ə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirənlərin ailələrinə təzminat ödəyəcək. Hər sərnişinə görə ödənilən təzminatın 50 min avro olacağı bildirilib.

Musavat.com Türkiyə mediasına istinadla bildirir ki, belə bir qərar Almaniyanın hava yolu şirkəti "Lufthansa"nın rəhbərliyi tərəfindən qəbul edilib.

Təyyarənin qalıqlarının və həlak olanların cəsədlərinin axtarış işləri hələ də davam edir.

Bildirilir ki, bu işlər 2 həftə davam edəcək.

Xatırladaq ki, Barselonadan Düsseldorfa uçan Almaniya təyyarəsi martın 24-də Fransa ərazisi üzərində qəzaya uğrayıb təyyarənin ekipajı ilə birlikdə 150 nəfər həyatını itirib.

Marsel prokurorluğu təyyarəni köməkçi pilot Andreas Lubitsin qəsdən qəzaya uğratdığını iddia edib. Sonradan məlum olub ki, alman pilotun psixoloji problemləri olub və o, xəstəliyini çalışdığı şirkətdən gizlədib.

Milli.Az