"72-ci millət" üçün özəl gün
22 Mart 2015 16:24
Bu gün - martın 22-də taksi sürücüləri öz peşə bayramlarını qeyd edirlər.
Anspress-in məlumatına görə, ilk dəfə 1907-ci ilin məhz bu günü London küçələrində xüsusi sayğacı olan taksilər peyda olub. Sürücülər bu cihazı "taksimetr" adlandırıblar. İki hissədən ibarət olan sözün birinci hissəsi "taks" fransız sözüdür, mənası "ödəniş" deməkdir. Yunan mənşəli söz olan "metron" isə "ölçmə" mənasını daşıyır.
İlk London taksiləri yaşıl və qırmızı rəngdə olub. Bizim uzun müddət görməyə öyrəşdiyimiz sarı taksilərin tarixi isə "Hertz Corporation" şirkətinin təsisçisi Con Hertsin adı ilə bağlıdır. O, köhnə avtomobilləri yenilərinin əvəzinə ödəniş kimi qəbul edərək onları sarı rəngə boyayıb və taksi kimi istifadə edib. Təbii ki, belə açıq rəngli avtomobillər küçələrdə asanlıqla seçilirdi. Daha sonralar taksiləri sarı rəngə boyamaq ənənəsi geniş yayılıb.
Taksiləri tanıdan daha bir simvol isə onların üstündəki damalı bəzək olub. Bəzi versiyalara görə,
ilk dəfə belə bəzəklər keçən əsrin 20-ci illərində Amerika maşınlarında görünüb. Amerika şirkəti bunu yarış maşınlarının simvolundan götürüb. Şirkət bununla insanların diqqətini çəkmək istəyib. Həmin damalı dizayn müştəriləri bu nəqliyyatın daha sürətli hərəkətinə inandırmalı idi.
Milli.Az