Yanukoviçin oğlunun ölüm xəbəri yayıldı - YENİLƏNİB

22 Mart 2015 18:08
18:08

Ukraynalı deputat, "Müxalifət bloku"nun üzvü Nestor Şufriç Yanukoviçin kiçik oğlu Viktorun ölüm xəbərini təsdiqləyib.

Milli.Az İnterfax-a istinadən bildirir ki, Şufriçin mətbuat katibi Facebook-da yazıb:

"Viktor Viktoroviç Yanukoviç faciəli şəkildə həlak olub. Elə yaşadığı kimi də həlak olub - avtomobilin sükanı arxasında".

----------
16:14

Milli.Az lenta.ru-ya istinadən bildirir ki,  Rusiya FHN-i Baykalda ölən və ya xəsarət alanlar arasında Yanukoviç soyadlı birinin olmadığını deyir.

"Orada bu cür soyadı olan kimsə yox idi, dəqiq", -  FHN qrupunun mətbuat təmsilçisi TASS-a bildirib.

Ancaq həmin şəxs təsdiq edib ki, martın 20-də Xoboy burnu yaxınlığında içində 6 nəfər olan "Volkswagen" markalı mikroavtobus buzun altına düşüb. 5 sərnişin xilas edilib, sürücü isə həlak olub. Mətbuat xidmətinin insident iştirakçılarının adlarını açıqlamağa səlahiyyətinin olmadığını da xüsusi vurğulayıb.

Rusiyanın "Zvezda" kanalı isə Baykalda ölənin adını və yaşını açıqlayıb - 33 yaşlı Viktor Davıdov. Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlunun Rusiyada hansı adla yaşadığı və avtomobil yarışlarına hansı adla qatıldığı isə açıqlanmır.

---------
15:54

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlu Viktor Yanukoviç Baykal gölündə balıq tutarkən suda batıb.

Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı bir sıra Ukrayna KİV-ləri yayıb. Bu məlumatı bir çox siyasətçilər də sosial şəbəkələrdə paylaşıblar. Eyni zamanda Rusiya nəşrləri xəbəri tirajlayıb.

Məsələn, "Antikor" nəşri yazır: "Hadisə martın 20-də saat 19:00 radələrində baş verib. Olay haqda ziddiyyətli informasiyalar gəlir. Versiyaların birinə görə, Viktor Yanukoviçin adaşı olan oğlu ov edərkən buz sınıb və o, dostu ilə birlikdə suya düşərək boğulub. Onun dostunun adı dəqiqləşdirilməyib".

Bu xəbəri Yanukoviçlər ailəsinə yaxın qaynaqlardan Mixail Pavliv də təsdiqləyib.

Digər versiyaya görə isə Viktorun idarə etdiyi "CİP" markalı maşın kanat körpüsündən çaya düşüb.

Sabiq prezidentin oğlu Baykal yaxınlığındakı qəsəbələrin birində keçiriləcək ralli yarışlarına hazırlaşırdı. Ukrayna və Rusiya KİV-ləri bu ziddiyyətli xəbərləri dəqiqləşdirməyə çalışır.

Milli.Az