"Bir kəndin məşhurları": Bakının Pirşağı kəndinin tanınmışları
17 Mart 2015 17:18
Modern.az saytı "Bir kəndin məşhurları" rubrikasında növbəti yazını təqdim edir. Adından da göründüyü kimi, bu rubrikada eyni kənddən (yaxud qəsəbədən) olan tanınmış ziyalılar, elm, mədəniyyət, ədəbiyyat, idman adamları, eləcə də ictimai-siyasi sferaya mənsub olan şəxsləri sizlərə təqdim edəcəyik.
Bu dəfə "yolumuzu" Bakı kəndlərindən salmaq istədik. Professor, şair Vüqar Əhmədlə bərabər Bakının qədim kəndlərindən biri olan Pirşağı kəndi və oranın məşhurlarından bəhs edəcəyik.
Kəndin salınma tarixi orta əsrlərə gedib çıxır. Etimalogiyası barəsində müxtəlif fikirlər var. Amma ən geniş yayılanı "Pir Şahı" anlamıdır. Deyilənə görə, kəndin yaşı Tataz pirinin yaşı ilə ölçülür. Burada əsrlərdən bəridir Pir Şahinin və onun müridi Şeyx Məhəmmədin məzarüstü abidəsi yerləşir. Tataz piri uzun müddət ziyarətgah olmaqla yanaşı, həm də müalicəvi məkan kimi fəaliyyət göstərib. Ekzema xəstəliyinə tutulan adamlar pirə gəlib, ətrafdan otu qırıb, yaxud torpaq götürüb dərilərinin zədələnən yerinə sürtüb, müalicə olunurmuşlar.
Vaxtilə burada fəaliyyət göstərən təsəvvüf alimi, təbib Pir Şahinin də məhz təbiətin bu sirlərinə yaxşı bələd olduğu üçün müalicəsi yaxşı nəticələr verib. Kəndbəkənd, şəhərbəşəhər müalicəyə gələnlər Pir Şahinin adını əbədiləşdirir, məkanı da onunla əlaqədar Pir Şahı (Pirşağı) adınılandırırlar.
Pirşağıda yaşayan ilk tayfalar Şıxlılar olub. Kənddə daha sonra Məmmədsəfililər, Canahməmmədlilər, Əcəbsalam övladları, Bayramlılar, Nağıyevlər, Hüseyncanlılar və başqa tayfalar da məskunlaşıb. XIX əsrin sonlarında buranın molla və axundları İraq və Nəcəfi-Əşrəfdə oxuyub alimlik dərəcəsinə kimi yüksəlirlər. Axund Ağa Əlizadə, axund Hacı Zeynal Abidin, Hacı Əbu Salam, Hacı Məcid, Əli İsgəndər, axund Rəşid, Əhəd Məhəmməd Tağı oğlu, axund Sadıq və başqalarının bu siyahıda çəkmək olar. Qafqaz müsəlmanlarının ilk şeyxi axund Zeynalabdin də Pirşağı kəndindən olub.
Tarixi şəxsiyyətləri
Adını çəkdiyimiz əslən Pirşağıdan olan professor Vüqar Əhmədin bələdçiliyi ilə kəndin bir neçə tarixi şəxsiyyəti ilə tanış olaq. Əvvəlcə, təbii ki, Qafqazın ilk şeyxülislamı Hacı Axund Əlizadədən söhbət açmaq lazımdır. Bunun özü kiçik fakt deyil. Təsəvvür edin ki, o boyda Qafqazın ilk dini lideri kiçik Pirşağı kəndindən çıxıb. Təsadüfi deyil ki, bu axundun övladları və yaxın ətrafı da vətən üçün dəyərli xadimlər olublar. Yaxın ətrafından Seyidəli Mirmöhsünzadəni göstərə bilərik. Mir Mövsüm ağanın da qohumu olan bu şəxs dövrünün tanınmış din xadimi idi. Onu da qeyd edək ki, əsil adı Zeynalabidin olan axundun atası pirşağılı Ağacavad da tanınmış din və elm xadimi olub. Oğlunun Nəcəfdə oxumasının səbəbkarı da o idi. İndi isə keçid alaq Ağamehdi Əlizadəyə. Pirşağının nüfuzunu bir elm xadimi kimi artıran bu şəxs dövrün tanınmış ziyalı ailələrindən birinin qızı Əfşan xanımla evlənir. O, ilk dəfə Azərbaycanda əvvəlcə Diş Texnikumunu, sonra Diş İnstitutunu yaradır. Diş xəstəliklərinin ağrısının aradan qaldırılması və ağrısız müalicəsi üçün ilk addımlar məhz onun təşəbbüsü ilə atılıb. Nəslin ən parlaq nümayəndələrindən biri isə təbii ki, Ağamehdinin oğlu, hamımızın yaxşı tanıdığı akademik Akif Əlizadədir. Hazırda Pirşağını ən yüksək səviyyədə təmsil edən Akif Əlizadə geologiya sahəsində dünya çaplı ixtiralara imza atıb. Uzun müddət (həmçinin indi də ) Geologiya İnstitutunun direktoru və AMEA-nın vitse-prezidenti vəzifələrində çalışıb. 2013-cü ildən isə AMEA-nın prezidentidir.
Bəzi mənbələrdə akademiyanın ilk prezidenti Mirəsədulla Mirqasımovun da əslən Pirşağıdan olması qeyd edilir. O, şəhərdə anadan olsa da, fərqli mənbələrdə onun gah Pirşağı, gah da Xızıdan olduğu qeyd edilir.
Pirşağını yüksək səviyyədə təmsil edən daha bir akademik isə təqdimata ehtiyaca olmayan, Bakı neftinin krallarından biri Xoşbəxt Yusifzadədir. Azərbaycan neft sənayesinin inkişaf etməsində misilsiz xidmətlər göstərən qocaman akademik hazırda Dövlət Neft Şirkətinin I vitse-prezidentidir. Xəzər dənizində bir sıra neft yataqlarının kəşfi və onların səmərəli üsulla istehsalda istifadəsi pirşağılı alimin adıyla bağlıdır.
Daha bir akademikin adını unutmaq ən azından günah olardı. O, həm akademik, həm də general olub, rus generalları ilə kosmik gəmiyə minməmişdən qabaq ona "çest" verərdilər. Söhbət general-leytenanat, SSRİ-də ən böyük kosmonavtika mütəxəssislərindən biri akademik Kərim Kərimovdan gedir. Əslən Pirşağıdan olan alim keçmiş SSRİ-nin ən böyük kosmik tədqiqatçılarından biri kimi ad-san qazanıb. İşi ilə əlaqədar Rusiyada yaşamalı olub və 2003-cü ildə 85 yaşında Moskvada vəfat edib.
Pirşağıda yetişən bir tarixi qəhrəman da var, barəsində xeyli poemalar, hekayələr, şeirlər yazılıb. Bu, II Dünya Müharibəsində səmada faşistlərə qan udduran hərbi təyyarəçi Hüseynbala Əliyevdir.
Vüqar Əhməd Pirşağının tarixi şəxsiyyətləri ilə bağlı bunları qeyd edir:
"Sara Aşurbəylidən tutmuş bütün tarixçilər Pirşağının qədim türk eli-obası, əhalisinin xalis türk olması barədə yazıblar. Hətta professor Təvəkkül Şağanlı da "Abşeron toponimləri" kitabında bu fikirləri təsdiq edir. Ötən əsrin əvvəllərində Pirşağıdan 12 nəfər dini alim çıxıb. Vasim Məmmədəliyevin dediyinə görə, "Quran"ı ilk dəfə dilimizə çevirən, təfsir edən alim də pirşağılıdır. Azərbaycan Demokratik Respublikasının dövründə şeyxülislam, ilk şeyxülislam Molla Ağa Əlizadə bu kənddən olub. 30-cu illərdə 2-ci dəfə şeyx seçilib. İndi bu kənddən iki akademik var: Xoşbəxt Yusifzadə və Akif Əlizadə. AMEA-nın keçmiş prezidentlərindən biri Rüstəm İsmayılov da pirşağılı olub. Dram teatrının ilk baş rejissoru və direktoru, repressiya qurbanı Bilal Əhməd də kəndimizdəndir".
Vüqar Əhmədin sadaladıqları arasında Rüstəm İsmayılovun adını görmək, doğrudan da maraqlıdır. O səbəbdən ki, akademiyanın tarixi ərzində fəaliyyət göstərən 10 prezidentindən üçünün məhz bu kənddən olmasını özündə əks etdirir. Təkcə bu faktın özü Pirşağının nüfuzunun hansı səviyyədə olmasını göstərə bilər. Amma bu hələ hamısı deyil. Vüqar müəllim davam edir:
"XX əsrin tanınmış yazıçı və tərcüməçilərindən Mikayıl Rzaquluzadə və qəzəlxan, klassik ədəbiyyatın, əruzun bilicisi Həkim Qəni də bu torpaqda böyüyüb. Tarzən, xalq artisti Həbib Bayramov, mərhum qavalçalan, dünya şöhrətli Əzizağa Nəcəfzadə, aktyor Müxlis Canızadə, məşhur klarnet ifaçısı, mərhum Ələkbər Əsgərov, rəssamlar İbrahim İbrahimov, Lətif Məlikov, Elbəy Rzaqulyev Pirşağının yetişdirdiyi mədəniyyət xadimləridirlər. "Erovision" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, onun babası rejissor Balağa Qasımovu da bu siyahıya əlavə etmək olar".
Vüqar Əhmədin adlarını çəkdiyi pirşağılıların siyahısında ən çox diqqəti çəkən isim Eldar Qasımov oldu. Amma siz gerisinə diqqət edin. İstər Eldar, istərsə onun ailəsi təbii ki, şəhərdə böyüyüb. Amma onun ailəsini babası Balağa Qasımov (uzun illər Musiqili Komediya Teatrının direktoru olub), nənəsi aktrisa, xalq artisti Firəngiz Şərifovanı (təqdimata o qədər də ehtiyac yoxdur) Pirşağı ilə sirli bir doğmalıq bağlayır. Böyük Abbas Mirzə Şərifzadənin qızı olan Firəngiz Şərifova dövrünün tanınmış teatr rejissoru Balağa Qasımovla Pirşağıda uzun müddət yaşayıb.
Əməkdar artist, bədii qiraətçi, eləcə də Mədəniyyət və İncəsənət Universitetində uzun müddət dərs deyən, özü xalq artisti ola bilməsə də, onlarla xalq artisti yetişdirən aktyor Müxlis Canızadə Pirşağının ilk kino qəhrəmanlarındandır.
Əslən Pirşağı ilə bağlı olan aktyorların cərgəsinə vaxtilə "uşaqların əmisi" kimi məşhurlaşan, vaxtsız vəfat edən və elə Pirşağı qəbiristanlığında da dəfn edilən Ələkbər Hüseynovu göstərmək olar.
Elbəy Rzaquluzadənin haqqında bir-iki kəlmə də əlavə edək. Uzun müddət Rəssamlar İttifaqının katibi olan rəssam, Dövlət Mükafatı laureatı və "Şöhrət" ordeni ilə mükafatıandırılıb. Postsovet məkanının demək olar əksər böyük şəhərlərində sərgiləri keçirilib.
Ardı da var...
"10 il Ali Sovetin Rəyasət Heyətinin sədri olan Səftər Cəfərov, professorlar Rafiq və İslam Yusifovlar, tarixçi alim Oqtay Məlikov, məsul şəxslərdən biri olan Zeynulla Şahverdiyev də o kənddəndir.
Yazının əvvəlində adı çəkilənlər arasında Rafiq Mirzəbala oğlu Yusiflinin adı üzərində dayanaq. Bu pirşağılı balası Azərbaycanda məhkəmə təbabəti üzrə ilk mütəxəssis olub və bu sahədə ilk elmlər doktoru adını alıb. Səftər Cəfərov isə Pirşağını dövlət xadimi səviyyəsində təmsil edib. Başqa bir dövlət xadimi isə uzun müddət Bakı Şəhər Soveti maliyyə şöbəsinin rəhbəri işləyən Zeynulla Şahverdiyev olub.
Müsahibimizin Mirəsədulla Mirqasımovun adını Pirşağı ilə bərabər çəkdiyini nəzərə alaraq deyə bilərik ki, onun oğlu xalq artisti Oqtay Mirqasımov və nəvəsi əməkdar artist Ayan Mirqasımova da mədəniyyət sahəsində Pirşağı torpağını təmsil edə bilərlər. Hazırda Türkiyədə çalışan və ara-sıra vətənə də gələn aktrisa, əməkdar artist Məlahət Abbasova da çox yerdə Pirşağıdan olduğunu qeyd edir.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, alim Firuz Hacızadə də bu şəxslərin həmkəndiləridir.
Sonda bu isimlərin yada salınmasında bizə yardımçı olan professor Vüqar Əhməd haqqında onu da deyək ki, onun ulu babası Kərbəlayi Mirmahmud vaxtilə pirşağılıların fəxr və kömək mənbəyi olub. Nüfuzlu həkim olan Mirmahmudun yanında müalicə olunmaq üçün Bakıdan Pirşağıya xeyli adamlar axışarmış. Adını çəkdiyimiz Bilal Əhmədin qardaşı nəvəsi olan şairin böyük qardaşları Əhməd Əhmədov və Mövlüd Əhmədov da Pirşağını layiqincə təmsil edir. Belə ki, Əhməd Əhmədov ixtiraçı alim, Mövlud Əhmədov isə şair dramaturqdur.
Pirşağının bir özəlliyi də təbii ki, Pirşağı bağları olub. Hacı Zeynalabdin Tağıyevdən, Musa Nağıyevdən tutmuş dövrün demək olar əksər tanınmış adamları bu bağlarda dincəliblər. Yəni ilin 3 ayı Pirşağıya məxsus olublar. Amma layihənin standartlarına uyğun gəlmədiyi və adlarını sadalamaqla bitirə bilmədiyimiz üçün qonaq pirşağılıların adlarını qeyd etmirik. Təksə onu demək kifayətdir ki, Bakı bağlarının himni sayılacaq böyük Müşfiqin "Yenə o bağ olaydı "şeiri Pirşağıda yazılıb.
Milli.Az