YAY Qalereyası, "Art Dubai 2015" bədii sərgisi
17 Mart 2015 15:00
YAY Qalereyası, "Art Dubai 2015" bədii sərgisi
18-21 Mart 2015-ci il
Stend J10
YAY qalereyası Rəşad Ələkbərovun və Hüseyn Haqverdinin timsalında Azərbaycan rəssamlarının əsərlərini nümayiş etdirən J10 stendi ilə "Art Dubai 2015" sərgisində iştirakını elan etməkdən məmnunluq hissi duyur.
Rəşad Ələkbərov son illərdə Azərbaycanın dünya miqyasında incəsənət aləminin diqqətini cəlb etməyə müvəffəq olmuş görkəmli rəssamlarından biridir. Ələkbərovun installyasiya əsaslı əsərləri müəyyən formalara malik və xüsusi şəkildə yerləşdirilmiş müxtəlif, yaxud da əksinə, oxşar əşyaların zəruri bucaq altında işıqlandırıldığı zaman divara düşən kölgələrdən ibarət simvolik mənalı quraşdırmalar əsasında yaradılır. Sözügedən "kölgə əsərləri" gerçəkliyi və qavrayışı şübhə altına almaq üçün çoxsaylı dillərə və mədəni rəsmlərə əsaslanır; quraşdırma və yaradılma, işıq və qaranlıq, reallıq və qavrama arasında mövcud olan gizli əkslərin cütlüyü onun yaradıcılığının əsas hissəsini təşkil edir. Ələkbərovun "Art Dubai-2015" sərgisi üçün nəzərdə tutulmuş sifarişləri "kölgə əsərləri"nin daxilində əks olunan yeni incəlikləri tədqiq etməyə imkan verəcək miqyasda hazırlanmışdır. Əsərlərdə ünsiyyətə xas olan fikir ayrılıqlarını təhlil etməklə, işarə və məna arasındakı əlaqəni şübhə altına almaq üçün mətndən, yazıdan və dildən istifadə olunmuşdur. Xaotik şəkildə düzülmüş obyektlər mücərrəd və təsvir arasındakı münasibət əsasında hərəkət etməklə və açıq-aşkar nəzərə çarpan nizamsızlığa bir məna qazandırmaqla, düşən kölgələri təmizləmək üçün divarı işıqlandırır.
Hüseyn Haqverdi Səngəçal neft-qaz terminalını və Bakıda yerləşən Katolik Kilsəsini bəzəyən heykəltəraşlıq nümunələri ilə olduqca məşhurdur. Haqverdinin yığcam üslubu onun fikrinin təbii mahiyyətini aşkar etməyə çalışan subyektlər daxilində basqın ifadələrə istiqamətlənir. Haqverdinin "Art Dubai-2015" sərgisi üçün nəzərdə tutulmuş əsərlərində insan əli ilə xam materialdan hazırlanmış heykəltəraşlıq nümunələri təqdim olunmaqla, təbiət aləmi ilə insan aləmi bir araya gətirilir. Həndəsi və xətti formalar totemistik heykəltəraşlıq nümunələri üzərində qırılma xətləri yaradır ki, bu isə öz növbəsində materiala güclü və təbii görüntü qazandırır. Haqverdi rəssam ilə maddi aləm arasında davam edən dialoqun ona təcrübə qazandırdığı qənaətindədir; onun yaradıcılığı təbiətin və insanın sonu olmayan dəyişmə prosesini anlamağa və bu prosesin gedişatı zamanı formalizmə nail olmağa istiqamətlənir. Haqverdi rəngkarlıq, fotoqrafiya və video-art ilə məşğul olur, eyni zamanda onun əsərləri Avropa ölkələrində, Hindistan, BƏƏ və ABŞ-da təşkil olunan qrup və ya fərdi sərgilərdə nümayiş etdirilir.
YAY Qalereyası Azərbaycanın aparıcı müasir incəsənət qalereyalarından biri hesab olunmaqla yanaşı, həmçinin müxtəlif nəsillər və janrlar vasitəsilə qabaqcıl Azərbaycan rəssamlarını təmsil etməsi ilə seçilir. 2012-ci ildə Bakı şəhərində təsis edildiyi vaxtdan etibarən qalereya Fərid Rəsulov, Aida Mahmudova, Faiq Əhməd, Orxan Hüseynov və Reza Hazare kimi rəssamları son illər beynəlxalq miqyasda tanınmağa müvəffəq olmuş, görkəmli Azərbaycan rəssamlarının karyerası uğrunda səmərəli iş aparmışdır. YAY Qalereyasının sərgi proqramı əsasında dünyanın ən yenilikçi rəssamlarının əsərləri Bakıya gətirilir. Onların sırasında fransız xoreoqrafları Enni Viqye və Frank Apertetin (birlikdə "les gens d'Uterpan" kollektivi), eləcə də İran rəssamı Mahmud Baxşinin yaradıcılığına həsr olunmuş fərdi sərgilər yer alır.
YAY Qalereyası haqqında
YAY Qalereyası Bakının tarixi məkanı, YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş obyektlərin arasında olan İçərişəhərin mərkəzində yerləşir. Qalereya "YARAT" qeyri-kommersiya təşkilatı tərəfindən Azərbaycan incəsənəti üçün infrastrukturun dəstəklənməsi məqsədilə təsis edilmişdir. Qalereya sosial müəssisədir; YAY ("yaymaq" sözündəndir, ötürmək, çatdırmaq mənasında) satışlardan əldə olunan bütün gəlirləri rəssamlar və YARAT təşkilatı arasında bölüşdürür. Qalereya il ərzində təşkil olunan 6 sərgidən əlavə, mühazirələrin və nəşrlərin proqram istiqamətləri üçün güclü dəstək yaradır. YAY Qalereyasında təmsil olunan rəssamlar beynəlxalq sərgilərdə iştirakını davam etdirirlər. Faiq Əhməd 2013-cü ildə nüfuzlu "Jameel" mükafatına namizəd göstərilmiş və onun əsərləri Londonun Viktoriya və Albert Muzeyində sərgilənmişdir. 2014-cü ilin iyun ayında Nəzrin Məmmədova, Rəşad Ələkbərov və Fərid Rəsulov Delfina Fondunun təşkil etdiyi art-rezidensiya proqramı çərçivəsində Londonda olmuşdular.
Rəşad Ələkbərov haqqında
Rəşad Ələkbərov 1979-cu ildə Bakı şəhərində dünyaya göz açmışdır. Hal-hazırda yaşayışını və fəaliyyətini məhz bu şəhərdə davam etdirir. 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Dekorativ-tətbiqi sənət" fakültəsinin məzunu olan Rəşad Ələkbərovun yaradıcılıq dairəsinə boyakarlıq, heykəltəraşlıq, teatr dekorasiyaları, video-art, memarlıq dizaynı daxildir. Onun konseptual incəsənətdə özü üçün seçdiyi istiqamət - kölgələrlə installyasiyadır. R.Ələkbərovun bu növ əsəri ilk dəfə 2000-ci ildə Bakıda keçirilən "Zamanın qanadları" sərgisində nümayiş etdirilib. Onun əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır. Bu yaxınlarda o, öz əsərlərini "BU GÜN BURADA..." qrup sərgisi çərçivəsində Londonun mərkəzində yerləşən "The Old Sorting Office" İncəsənət Mərkəzində nümayiş etdirmişdir. Daha öncələr isə onun əsərləri Azərbaycanın Bakı şəhərində yerləşən Müasir İncəsənət Muzeyində və YAY Qalereyasında təşkil olunan fərdi sərgilərdə nümayiş olunmuşdur.
Hüseyn Haqverdi haqqında
Hüseyn Haqverdi 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda Bakı şəhərində yaşayıb yaratmaqdadır. Haqverdi 1975-ci ildə Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1980-ci ildə isə V.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbini (indiki Sankt-Peterburq Dövlət Rəssamlıq-Sənaye Akademiyası) bitirmişdir. Yaratdığı heykəltəraşlıq nümunələri ilə daha çox tanınsa da, Haqverdi heykəltəraşlıq, rəngkarlıq, video-art və monumental incəsənət nümunələri də daxil olmaqla, müxtəlif texnikalarda işləyir. O, Bakıda yerləşən Katolik kilsəsindəki Müqəddəs Məryəm heykəlinin və Səngəçal neft-qaz terminalında Xəzər əfsanələri monumental mozaika pannosunun müəllifidir. 2003-cü ildə Hüseyn Haqverdiyə Azərbaycanın əməkdar rəssamı fəxri adı verilmişdir. 1980-ci ildən başlayaraq o, həm ölkə daxilindəki, həm də xaricdəki çoxsaylı sərgilərdə və simpoziumlarda iştirak etmişdir. Onun rəsm əsərləri Avropa ölkələrində, Hindistan, BƏƏ və ABŞ-da təşkil olunan qrup və ya fərdi sərgilərdə nümayiş olunmuşdur.
YAY Qalereyası, Stend J10, "Art Dubai" sərgisi, Dubay, BƏƏ
18-21 Mart 2015
Art Dubai T: +9714 384 2000
YAY Qalereyası T: +994 012 505 23 23
Media və çəkiliş müraciətləri üçün əlaqə bilgiləri: