19.03.2015
08:58
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mərasimdə iştirak ediblər.
Əvvəlcə TANAP layihəsinə həsr olunmuş film nümayiş etdirildi. Filmdə qeyd olunur ki, TANAP Türkiyə və Azərbaycan qardaşlığının Anadoluya atılan imzasıdır. Azərbaycanın və Türkiyənin birgə səylərinin məhsulu olan bu layihə üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
Mərasimdə Türkiyə, Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndi.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq ABDULLAYEV mərasimdə çıxış edərək dedi:
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan.
Gürcüstan Prezidenti cənab Giorgi Marqvelaşvili.
Hörmətli nazirlər və dəyərli iştirakçılar. Sizi bu tarixi gündə salamlamaqdan böyük qürur duyuram. Xoş gəlmisiniz.
Müasir Azərbaycanın qurucusu ulu öndərimiz Heydər Əliyevin tarixə düşmüş "Bir millət, iki dövlət" kəlamı məfkurəyə çevrilərək hər iki dövlət tərəfindən mənəvi olaraq mənimsənildi. Biz də SOCAR olaraq cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri ilə ölkələrimizin arasındakı qardaşlıq əlaqələrini iqtisadi istiqamətdə də gücləndirmək, strateji sərmayələrlə dəstəkləmək üçün üzərimizə çox önəmli bir vəzifə götürdük.
Beləliklə 2008-ci ilin mayında Türkiyənin ən dəyərli şirkətlərindən biri olan, bu il 50 illiyini qeyd etdiyimiz "Petkim"in satın alınması, sonra isə Petkim yarımadasındakı neft emalı zavodu, enerji, neft-kimya və liman investisiyaları Azərbaycanı Türkiyənin ən böyük xarici sərmayəçisi etmişdir.
Bütün bunlara əlavə olaraq, SOCAR-ın qarşısında qoyulan bu vəzifə sayəsində 2012-ci ildə əsrimizin qızıl layihəsi olan və maliyyə dəyəri 10 milyard dolları ötən TANAP layihəsinə sərmayə qoyulmasına başladıq. Bu layihə ideya kimi ortaya çıxdıqdan cəmi altı ay sonra - rekord qısa vaxtda dövlətlərarası müqaviləyə çevrildi.
TANAP kimi meqalayihənin belə qısa müddətdə inşasına başlanılması bu günədək tarixdə görülməmiş bir uğurdur. Bu uğurun əsl memarları isə bu gün bizim mərasimə təşrif buyuraraq bizi şərəfləndirən prezidentlər cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğandır. Onların dəstəyi, himayəsi və iradəsi ilə biz bu layihənin önündəki bütün çətin əngəlləri aşaraq bu gün TANAP layihəsinin təməlqoyma mərasiminə gəlib yetişdik. Bütün bu layihələri gerçəkləşdirərkən bizə inanıb dəstək verdiklərinə və himayə etdiklərinə görə hər iki böyük dövlət başçısına - cənab Prezident İlham Əliyevə və cənab Prezident Rəcəb Tayyib Ərdoğana hüzurunuzda minnətdarlığımı bildirmək istəyirəm.
Eyni zamanda, TANAP layihəsinin hər mərhələsində vermiş olduğu dəyərli dəstəyinə görə enerji naziri cənab Taner Yıldıza və Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyinə, BOTAŞ şirkətinin əməkdaşlarına, bununla yanaşı, SOCAR və TANAP-dakı əziz iş yoldaşlarıma və zəhməti olan hər kəsə təşəkkür edirəm.
Belə soyuq və sərt bir iqlimdə bizimlə bir yerdə olub bu sevinci və qüruru paylaşdığınıza görə hər birinizə minnətdaram. Hamınızı bir daha salamlayıram.
X X X
ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi Amos HOXSTAYN çıxış edərək dedi:
- Prezident Ərdoğan. Prezident Əliyev. Prezident Marqvelaşvili.
Bu gün burada Prezident Obamanı və dövlət katibi Kerrini təmsil etmək mənim üçün şərəfdir. Bir neçə ay bundan öncə, "Əsrin müqaviləsi"nin 20-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak etmək üçün Azərbaycanda olarkən dediyim kimi, ABŞ "Cənub" qaz dəhlizini 20 il bundan əvvəl başladığımız Bakı-Tbilisi-Ceyhan boru xətti prosesinin tamamlanması kimi görür.
Hələ o zaman Türkiyə və Azərbaycan hökumətləri Avropanın enerji təhlükəsizliyinin kritik elementlərini təmin etməyə və həyata keçirilməsi mümkün olan potensial imkanı reallaşdırmağa nail olmuşdular.
Prezident Ərdoğan və Prezident Əliyevin rəhbərliyi ilə biz bu gün Avropanın enerji təhlükəsizliyində yeni dövrə başlamaq və "bu, mümkünsüzdür" deyənlərin əksinə həqiqi rəhbərlik və öhdəliklə bunun mümkün olduğunu və bu kimi layihələrin nəinki mümkün olduğunu, hətta reallıq olacağını bütün dünyaya göstərmək üçün buraya yenidən toplaşmışıq. Bu gün biz başlanğıc nöqtəsi TANAP və davamı TAP olan layihəyə və Avropaya çatdırılacaq qaz axınına nəzər yetirdikdə görərik ki, Gürcüstan, Yunanıstan, Albaniya tərəfdaşları ilə birlikdə Azərbaycan və Türkiyə hökumətləri Avropada və dünyada enerji təhlükəsizliyinin yeni reallığının mühüm elementlərinə çevriləcəklər. Belə layihələrə başlamaq üçün təsəvvürə malik olmağın, bu kimi layihələri həyata keçirmək üçün dünyanın hər tərəfindən şirkətləri bir araya toplamağın nə qədər əhəmiyyətli olduğunu hər gün bizə xatırladırlar. ABŞ hökuməti bu layihənin mühüm əhəmiyyətə malik olduğuna inanır və Avropada enerji təhlükəsizliyinə sadiqdir. Buna görə də ABŞ hökuməti "Cənub" qaz dəhlizi kimi layihənin TANAP və TAP vasitəsilə reallaşmasının öz milli təhlükəsizlik maraqlarına uyğun olduğunu düşünür. Bu gün ABŞ hökuməti adından Sizə söz verirəm ki, indiyə qədər olduğu kimi, biz bu layihəni dəstəkləməyə davam etmək, onun reallaşmasını təmin etmək və qarşımıza çıxan maneələri birlikdə aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Nitqimi hər üç ölkənin prezidentini təbrik etməklə yekunlaşdırmaq istəyirəm. Çünki nəticədə şirkətlərin apardığı mükəmməl işlər olsa da, bu layihənin reallığa çevrilməsi ölkələrin ortaya qoyduğu mükəmməl rəhbərlik və səylər nəticəsində mümkün olmuşdur.
Bunun üçün də bu gün biz Sizi alqışlayır, təbrik edir və layihə davam etdikcə öz dəstəyimizi əsirgəməyəcəyik. Çox sağ olun.
X X X
Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş ŞEFÇOVİÇ çıxış edərək dedi:
- Zati-aliləri, hörmətli prezidentlər.
Hörmətli nazirlər, iştirakçılar.
TANAP layihəsini təməlqoyma mərasimində burada olmaqdan böyük məmnunluq duyduğumu ifadə etmək istəyirəm.
Bu gün həqiqətən tarixi bir gündür. Mən bu çox mühüm tarixi gündə prezident Yunkeri və Avropa Komissiyasını təmsil etmək üçün dəvətinizə görə Sizə səmimi qəlbdən təşəkkürümü bildirmək istərdim. 2014-cü ilin sentyabrında Bakıda Cənubi Qafqaz boru kəmərinin təməlqoyma mərasimi keçirildi. Cəmi 6 aydan sonra biz bu gün burada "Cənub" qaz dəhlizinin tikintisinin növbəti mərhələsini qeyd etmək üçün toplaşmışıq. Düşünürəm ki, bu, nəhəng infrastruktur layihəsinin həyata keçirilməsi ilə bağlı əldə olunan yaxşı irəliləyişi aydın nümayiş etdirir. "Cənub" qaz dəhlizi Avropa üçün böyük strateji əhəmiyyətə malikdir. Bu, hazırda Avropanı yeni marşrutlar, yeni qaz mənbələri ilə təmin edəcək yeganə layihədir. Avropa Komissiyası, Avropa İttifaqı bu layihəyə böyük diqqət yetirir.
Bildiyiniz kimi, üç həftə əvvəl biz enerji birliyinin yeni çərçivə strategiyasını təqdim etdik. Bu strategiyada "Cənub" qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək əsas strateji təşəbbüs kimi göstərilməsini təmin etdik. TANAP Xəzər dənizindən təyinat nöqtəsi olan İtaliyanın Puliya regionuna mühüm bağlantını əks etdirir. 1850 kilometr uzunluğunda boru xəttindən ibarət olan TANAP bu layihənin ən uzun hissədir. Ona görə də mən Azərbaycan, Türkiyə, Gürcüstan prezidentlərini və hökumətlərini, həmçinin TANAP konsorsiumunu, xüsusilə də SOCAR, BOTAS və bp şirkətlərini indiyədək görülmüş mükəmməl işlər münasibətilə təbrik etmək istərdim. Çünki indiyədək şahidi olduğumuz irəliləyiş bizim vaxt qrafikinə əsasən hərəkət edə biləcəyimizin, razılaşmalar əsasında işləyəcəyimizin və belə layihələrlə əlaqədar hər zaman ortaya çıxan bütün maneələrin və çətinliklərin öhdəsindən gələ biləcəyimizin aydın sübutudur.
Mən bir daha Azərbaycan Prezidenti İlham Əliyevə fevralın 12-də Bakıda belə mühüm bir layihənin həyata keçirilməsi zamanı ortaya çıxan potensial problemlərin öhdəsindən gəlməyə kömək edəcək xüsusi məşvərət şurasının toplantısını təşkil etdiyinə görə təşəkkürümü bildirmək istərdim. Bakıda keçirilən birinci görüş normativ, inzibati, hətta bəzən siyasi məsələlərin öhdəsindən gəlinməsində nə dərəcədə faydalı olduğunu sübut etdi. Sizi əmin etmək istərdim ki, Avropa Komissiyası məşvərət şurasında fəal rolunu davam etdirməyə və layihənin vaxtında tamamlanması üçün əlindən gələni etməyə hazırdır.
Sonda mən Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini kimi bir daha bu layihədə fəal iştirak edəcəyimi bildirmək istəyirəm və sıx əməkdaşlıq edəcəyimizi səbirsizliklə gözləyirəm. Cənab prezidentlər, bir daha dəvətinizə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu, çox mühüm tarixi hadisədir. Təşəkkür edirəm!
X X X
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner YILDIZ çıxış edərək dedi:
- Hörmətli Prezidentim.
Azərbaycanın və Gürcüstanın hörmətli prezidentləri.
Ölkə xaricindən və daxilindən gələn hörmətli qonaqlar və mətbuat nümayəndələri.
Mən də nümayəndə heyətlərinizi sevgi və hörmətlə salamlayıram.
Əvvəla, ali himayənizlə siyasi iradə göstərərək, hörmətli Prezidentim, hörmətli Prezident Əliyev ilə birlikdə verdiyiniz dəstək bu layihənin inkişafında çox mühüm rol oynamışdır. Biz bu siyasi qətiyyətdən ilhamlanaraq dostlarımız - SOCAR və bp ilə birlikdə bu layihəni həyata keçiririk.
2035-ci ilə qədər dünyada karbohidrogenlərin istehlakı təxminən 40 faiz artacaq. Dünyada neftin 35, təbii qazın isə 70 faizi boru kəmərləri ilə daşınır. Türkiyə coğrafi mövqeyinin üstünlükləri ilə yanaşı, şərqindəki resursları qərbindəki istehlak nöqtələrinə çatdırmaqda son dərəcə fəal mövqe nümayiş etdirir. Avropa İttifaqına üzv ölkələrin təbii qazla təmin edilməsi təhlükəsizliyinin bir hissəsi olmaq baxımından Türkiyə istər öz ehtiyacları, istərsə də qeyd etdiyimiz ölkələrlə bağlı cəhdlərini davam etdirir.
Türkiyə Xəzər bölgəsindəki neftin Bakı-Tbilisi-Ceyhan və təbii qazın Bakı-Tbilisi-Ərzurum boru kəmərləri ilə ölkəmizə gəlməsinə və xarici bazarlara çıxmasına səbəb oldu. "Cənub" qaz dəhlizinin ən mühüm hissələrindən biri TANAP-dır. Bu, bir zəncirvarı sistemdir. Təbii qaz Xəzərdə hasil olunacaq, Gürcüstana nəql ediləcək, TANAP ilə Türkiyədən keçəcək və TAP vasitəsilə Yunanıstan, İtaliya və Cənubi Avropaya çatdırılacaq. Bu zəncirin hər bir halqası özlüyündə çox vacibdir. Həmin halqaların hər biri tamamlandıqda bu layihələr başa çatacaq. 2011-ci, 2012-ci və 2013-cü illərdə, nəhayət, 2013-cü il dekabrın 17-də investisiya qərarı imzalandı.
17 dekabr Türkiyədə siyasi sabitliyin pozulmasına cəhdlər tarixidir, amma, eyni zamanda, TANAP üçün də investisiya qərarının qəbul olunduğu tarixdir. Hansı qazansa idi, digərinə mane olacaqdı. İnvestisiya qərarı qalib gəldi və Türkiyədəki siyasi sabitliklə birlikdə bu layihə davam etdi. TPAO olaraq Azərbaycana sonsuz etimadımızla birlikdə Xəzər bölgəsindəki payımızı artıraraq 9 faizdən 19 faizə çatdırdıq.
Hörmətli Prezident, buradakı təlimatlarınızla bərabər, istər ölkə daxilində, istərsə də xaricində axtarışlarımızı sürətləndirdik və eyni qaydada TANAP-dakı ortaqlıq anlaşmamızda payımızı 30 faizə çatdırdıq.
50 milyard kubmetr təbii qaz istehlak edən Türkiyə bu layihə ilə birlikdə 20 vilayətdə, 67 qəsəbədə və 600 kənddə 5 minə yaxın iş yerinin açılmasını reallaşdıracaq. Bildiyiniz kimi, qrafiki qabaqlayırıq.
Hörmətli Prezidentim, bizə bu layihələri həyata keçirin deyərkən ətraf mühitə mütləq diqqət edin demişdiniz. Baxın, TANAP-ın marşrutu müəyyən olunarkən çox maraqlı bir nümunə ilə qarşılaşdıq. Bunlardan biri Qarsın qədim Qazi kəndindəki tarixi qəbiristanlıq ərazi idi. Sivasın Əmrə kəndində də belə bir ərazi var idi. Əskişəhərin Hamam Qara divarında isə Bizans dövrünə aid məzarlar tapılmışdı. Ona görə də istər Bursadakı çiyələk tarlaları, istərsə də tarixi və mədəni abidələr marşrutumuzu müəyyənləşdirərkən nəzərə alındı. Biz bu layihəni irəlilətmək üçün Ədalət və İnkişaf Partiyasının, hökumətimizin mühüm dəstəyi və Prezidentimizin himayəsi ilə yolumuza davam edəcəyik. Bizə tapşırılan bu layihəni, inşallah, vaxtında tamamlayacağıq.
Mən bu işdə əməyi olan bütün dostlarıma bir daha təşəkkür edirəm və hamınızı ehtiramla salamlayıram.
X X X
Sonra Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili çıxış etdi.
Prezident Giorgi Marqvelaşvilinin
çıxışı
- Türkiyə Respublikasının Prezidenti, cənab Ərdoğan.
Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab Əliyev.
Hörmətli nazirlər, dost ölkələrin dəyərli təmsilçiləri.
Xanımlar və cənablar.
Çıxışıma əvvəlcə dostum, Türkiyə Prezidenti Ərdoğana bu gözəl dəvətə və tədbirə ev sahibliyi etdiyinə görə təşəkkürümü bildirməklə başlamaq istəyirəm. Bu gün çox gözəl gündür və burada olmaq da gözəldir.
Trans-Anadolu boru kəmərinin təməlinin qoyulması bizim üçün çox önəmli hadisədir. Bu layihənin uğurlu olacağını bilirəm və bunu sizinlə də paylaşmaq istəyirəm. Bunun səbəbi ölkələrimiz arasında son 10 ildə əldə edilən böyük işbirliyi və dostluqdur. Bu, sadəcə önəmli bir layihə deyil. Ölkələrimizin liderləri bu layihənin təməlini bir neçə il əvvəl qoyub, biz orada da bu, işbirliyini gördük. O gün atdığımız addımlar nəticəsində bu gün artıq buradayıq və bu ölkələrin, yəni, Türkiyə ilə Azərbaycanın rolu bu mənada çox önəmlidir, dünya siyasətində də bu ölkələrin önəmi artır.
Hörmətli Heydər Əliyevi yad etdik. O, Gürcüstanın dostu idi və Gürcüstan hələ də bu dostluğa böyük önəm verir və üzərinə götürdüyü öhdəliyi dərindən dərk edir. Gürcüstan tranzit ölkə olmasına baxmayaraq, bu layihədəki vəzifəsinə və öhdəliklərinə böyük önəm verir. Bu mənada dəhlizin təhlükəsizliyini təmin etmək üçün üzərimizə düşənləri sona qədər həyata keçirəcəyimizi bildirmək istəyirəm. Bu layihə sadəcə Gürcüstana deyil, qonşularımıza da fayda gətirəcək bir layihədir və öz mənfəətimiz və qonşularımızın rifahı üçün üzərimizə düşənləri, əlbəttə, həyata keçirməyə hazırıq.
Gürcüstan da Avropa ilə Asiya arasında bir qapı, keçid nöqtəsidir. Yüz illərdir keçid nöqtəsi olmaq özəlliyi Gürcüstana fayda gətirmişdir. Tranzit-keçid nöqtəsi olmaq baxımından Gürcüstan bu nöqtələrin əvvəlində və sonunda olanların maraqlarının təhlükəsizliyi baxımından önəmlidir. Bir tərəfimizdə Asiyaya - Çinə qədər uzanan bir yol var, bir tərəfdə də Qərbə uzanan yol var. Bu yollar çətinliklərlə dolu ola bilər və o zəncirin bir həlqəsi kimi biz bölgəmizdə üzərimizə düşəni həyata keçirməyə çalışacağıq. Amma başqa vacib məsələlər də var. Qitəmizdə 14 ölkə var ki, onların Qara dənizə çıxışı yoxdur. Sadəcə, Gürcüstan da daxil olmaqla 8 ölkənin Qara dənizə çıxışı var.
Ümumiyyətlə, Gürcüstanın uğurlarını Türkiyə və Azərbaycan kimi dost və qardaş ölkələrin dəstəyi olmadan əldə etmək mümkün deyil. Biz regional baxımdan xoş niyyətlə öz münasibətlərimizi davam etdiririk. Bunu sadəcə, enerji mənbələri məsələsinə deyil, digər sahələrə də aid etmək mümkündür. Bu gün ölkələrimizin və xalqlarımızın rifahı məqsədilə gələcəyə doğru daha bir önəmli addım atırıq. Bu boru kəmərinin "Şahdəniz"in ikinci mərhələsi olması çox önəmlidir. "Şahdəniz" bölgəmizin, Avropanın, bütün qitənin enerji təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Enerji təhlükəsizliyi də regiondakı sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Bəzən enerji məsələsi digər ölkələrə qarşı yönələ bilir, bu baxımdan Avropa ilə Asiya arasında iqtisadi əlaqələr mühüm əhəmiyyət kəsb edir. Bu layihə dediyim mənada çox mühüm dəhliz yaratmaq, çox önəmli marşrut ortaya qoymaq iqtidarındadır. Bütün bu yol əvvəldən axıra qədər Gürcüstan, Azərbaycan və Türkiyə ilə işbirliyi çərçivəsində həyata keçirilmişdir. Bu layihə, eyni zamanda, çox mühüm nəqliyyat və logistika layihəsidir. Bizim ölkəmiz çox da böyük deyil. İqtisadi inkişafımız da əsasən regional layihələrlə əlaqəlidir. Gürcüstan iqtisadiyyatı üçün bu layihələrə qoşulmaq, bu kimi beynəlxalq layihələrdə iştirak etmək və bu baxımdan nümayiş etdirilən işbirliyi strateji mənada mühüm əhəmiyyət daşıyır. Eynilə bu, turizm və ticarətə sirayət edir və edəcək də.
Bakı-Tbilisi-Ceyhan Xəzər neftini Aralıq dənizinə, "Cənub" qaz dəhlizinin önəmli qolu olan Bakı-Tbilisi-Ərzurum "Şahdəniz" qazını Türkiyəyə daşıyır. Bunlar da bizim üçün mühüm layihələrdir. Bundan əlavə, elektrik və enerji şəbəkələri işbirliyi layihələrinə də böyük əhəmiyyət veririk. Bütün bunlarla bağlı faydalanacağımız fürsətlər bu gün də realdır. Enerji müstəqilliyi və enerji təhlükəsizliyi ölkələrimiz arasında önəmli işbirliyi sahələridir.
Bakı-Tbilisi-Qars yeni nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu ilə bir-birinə bağlanacaq. Çindən, Asiya ölkələrindən malların gəlişi getdikcə artır və bununla bağlı təbii ki, bizim yaxşı bazaya və logistik sistemə ehtiyacımız var. Buna görə də Türkiyə və Azərbaycanla bu sahədə ticarət tərəfdaşlığımızın yaranması bizim iqtisadi inkişafımız üçün çox önəmlidir. Hər üç ölkə bir-biriləri ilə ticarət baxımından yaxşı tərəfdaşlardır, bu sahədə əməkdaşlığımızın daha da dərinləşdirilməsi lazımdır. Ölkəmizə ən çox turist Türkiyə və Azərbaycandan gəlir və biz onlara ev sahibliyi etməkdən böyük şərəf və qürur duyuruq. Turizm, yükdaşımalar, ticarət, enerji və digər sahələrlə ölkəmizin inkişafı arasında olan əlaqəyə nəzər salanda görürük ki, ölkələrimizin tərəfdaşlığı baxımından bunların regional mənada böyük təsirləri var. Enerji sahəsində bu tərəfdaşlığı və işbirliyini artırmaq lazımdır ki, bu potensialımızdan axıra qədər istifadə edə bilək. Bununla da enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi ilə bağlı hədəflərimizə çataq.
Çıxışımı yekunlaşdırarkən bir daha hər kəsə dəvətə görə təşəkkür edirəm və arzu edirəm ki, uğurlar hər zaman sizinlə olsun. Bu mühüm günü heç vaxt unutmayaq. Təşəkkür edirəm.
X X X
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
- Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan, əziz qardaşım.
Hörmətli Prezident Giorgi Marqvelaşvili, əziz qardaşım.
Hörmətli xanımlar və cənablar.
Yenidən qardaş Türkiyədə olmağımdan çox məmnunam. Mən ilin əvvəlində Türkiyədə idim, qardaşımın dəvəti ilə Türkiyədə dövlət səfərində idim. Bu gün Türkiyədəyəm. Gələn ay, inşallah, aprelin 24-də biz Çanaqqala zəfərini bərabər qeyd edəcəyik. Yəni, bu, özlüyündə bir göstəricidir.
Türkiyə bizim doğma vətənimizdir və biz özümüzü həmişə Türkiyədə öz evimizdəki kimi hiss edirik. Bizim aramızdakı birlik, dostluq, qardaşlıq əslində bu günü şərtləndirən amildir.
Bu gün tarixi bir gündür - TANAP layihəsinə start verilir, təməl daşı qoyulur. Bu layihə enerji layihəsidir. Bu layihə enerji təhlükəsizliyi layihəsidir. Amma ilk növbədə, bu layihə Türkiyə-Azərbaycan birliyi, qardaşlığı layihəsidir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bizi müstəqil dövlət kimi ilk tanıyan məhz qardaş Türkiyə olmuşdur. O gündən bu günə qədər biz bərabər irəliyə gedirik, bir-birimizi dəstəkləyirik, bir-birimizin uğurlarına sevinirik, hər zaman bir-birimizə arxa, dayaq oluruq.
Biz enerji layihələrimizi də birgə icra edirik. Bu gün bu salonda oturarkən və dəyərli məsləkdaşlarımın çıxışlarına qulaq asarkən sanki 21 il öncəyə döndüm, yəni, xatirimdə o günlər canlandı - 1994-cü il 20 sentyabr, Bakı şəhəri, Gülüstan Sarayı, "Əsrin kontraktı"nın imzalanması mərasimi. Bəlkə biz o vaxt heç təsəvvür edə bilməzdik ki, o gün nə qədər böyük əhəmiyyət kəsb edir və hansı böyük hadisələrə gətirib çıxaracaq. O vaxt Azərbaycan müstəqil dövlət kimi sadəcə üç ilə yaxın idi ki, yaşayırdı. Bizim milli liderimizin - Heydər Əliyevin baxışları, siyasi müdrikliyi, cəsarəti sayəsində o vaxt Azərbaycanın yeni enerji strategiyası başlamışdır. "Əsrin kontraktı" əslində bu günə gedən yolumuzu açdı. İlk dəfə olaraq biz Xəzər dənizinə xarici neft şirkətlərini dəvət etdik. O vaxta qədər Xəzər dənizi qapalı bir su hövzəsi idi. Qısa müddət ərzində "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsinə başladıq. Buradan ilk neft 1997-ci ildə çıxarılmışdır. Ondan sonra təbii ki, bu neftin ixrac yolları haqqında müzakirələr başlamışdır və Bakı-Tbilisi-Ceyhan neft kəməri əsas ixrac marşrutu kimi seçilmişdir. Xatırlayıram, 2006-cı ildə əziz qardaşım Prezident Ərdoğanla bərabər biz Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd edirdik. Bu gün artıq bu layihəsiz bölgənin və qitənin enerji təhlükəsizliyini təsəvvür etmək mümkün deyil. Bakı-Tbilisi-Ceyhan əslində bir yol açdı, bir enerji dəhlizi yaratdı. Bu gün artıq Qarsda xüsusi məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu da məhz bu enerji dəhlizi üzrə inşa edilir. Bu, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına da yol açdı. Yəni, o tarixi günlər bu gün uğurlarımızı daha da gücləndirir, çünki biz tarix əsasında gələcəyimizi də qururuq, necə ki Türkiyə və Azərbaycan xalqları öz gələcəyini müştərək tarix üzərində qururlar.
Son 20 ilin tarixi hesab edirəm ki, dünya miqyasında nadir bir tarixdir. 1996-cı ildə bp ilə SOCAR arasında "Şahdəniz" qaz yatağının işlənməsinə dair kontrakt imzalandı. O zaman biz bilmirdik ki, "Şahdəniz" yatağında nə qədər qaz var. Ancaq yəqin ki, təxmin edirdik, çünki əgər belə olmasaydı, o yatağa "Şahdəniz" adı verilməzdi, yəni, dənizin şahı. Xəzər dənizinin şahı "Şahdəniz" öz adını doğrultdu. Bu gün "Şahdəniz" dünya miqyasında ən böyük qaz yataqlarından biridir və "Cənub" qaz dəhlizi üçün hazırda yeganə resurs mənbəyidir. Mən ona görə hazırda deyirəm ki, çünki əminəm, Azərbaycanın digər nəhəng qaz yataqları yaxın zamanlarda qazı hasil edəcək və beləliklə, biz "Cənub" qaz dəhlizini əlavə həcmlə təmin edəcəyik.
TANAP layihəsinin tarixçəsi çox qısadır, ancaq çox şərəflidir. 2012-ci ildə əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla bərabər biz İstanbulda TANAP anlaşmasını imzaladıq və qısa müddət ərzində bu anlaşma dünya miqyasında çox böyük dəstəyə nail ola bildi. Qısa müddət ərzində artıq TANAP layihəsi gerçəkləşir, bu gün təməl daşı qoyulur.
2013-cü ildə TAP layihəsi "Cənub" qaz dəhlizinin tərkib hissəsi kimi seçilmişdir. Hazırda "Cənub" qaz dəhlizinin tərkib hissələri, hər bir tərkib hissəsi üzrə sürətli iş gedir. "Cənub" qaz dəhlizi dörd hissədən ibarətdir: "Şahdəniz", Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP. Keçən il sentyabrın 22-də biz Bakıda "Cənub" qaz dəhlizinin təməlini qoyduq, indi işlər başlamışdır. Əminəm ki, bütün bu işlər cədvəl üzrə gedəcək və biz bu işləri vaxtında icra edəcəyik.
Bu gün "Cənub" qaz dəhlizi layihəsi Avropanın ən böyük infrastruktur layihəsidir. Bu layihəyə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollardır. Bu gün TANAP layihəsinin əsas iştirakçıları Türkiyə və Azərbaycandır. Çox şadam ki, bizim strateji tərəfdaşımız bp şirkəti də səhmdar kimi bu layihəyə qoşulmuşdur.
Azərbaycanın çox zəngin qaz ehtiyatları vardır. Ancaq təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Proqnoz ehtiyatlar, yəni, ehtimal olunan ehtiyatlar isə ondan 2 dəfə çoxdur. Bu resurs bazası bu gün "Cənub" qaz dəhlizini təmin edir. Ancaq qeyd etdiyim kimi, bizim digər yataqlar da var. İndi o yataqlar üzrə iş gedir. Əminəm ki, Azərbaycan qazı qonşu ölkələrə və Avropaya böyük həcmdə nəql ediləcək.
"Cənub" qaz dəhlizinin əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, bu gün bizim regionumuzda - Avrasiyada yeni bir əməkdaşlıq formatı yaranır. Biz ilk mərhələdə üçtərəfli formatı yaratdıq - Türkiyə-Gürcüstan-Azərbaycan enerji, nəqliyyat, siyasi, iqtisadi, strateji tərəfdaşlıq formatı. Bu gün bu, real bir regional amil kimi özünü göstərir. Amma bu gün biz bu formatı genişləndiririk. Digər ölkələr bizim işlərimizə qoşulur - Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya. Balkan ölkələri gələcəkdə Azərbaycan qazını ala biləcəklər. Mən buna əminəm. Eyni zamanda, Nabukko layihəsinin üzvləri - Bolqarıstan artıq bizim layihədə iştirak edir. Rumıniya, Macarıstan da əminəm ki, bu layihələrə qoşula bilərlər və qoşulmalıdırlar. Çünki bir daha demək istəyirəm ki, qaz resurs bazası kifayət qədər böyükdür.
"Cənub" qaz dəhlizinin ötürmə qabiliyyəti kifayət qədər böyükdür və gələcəkdə lazım olarsa bu imkanlar daha da genişlənə bilər. Biz çalışmalıyıq ki, qonşu və dost ölkələri maksimum dərəcədə öz təbii qazımızla təmin edək. Beləliklə, yeni bir əməkdaşlıq formatı yaranır. Bu işlərdə iştirak edən ölkələr təbii müttəfiqlərə çevrilirlər. Yəni, bu gün Avrasiya bölgəsində çox ciddi və yeni bir müttəfiqlik formatı yaranır. Bunun həm siyasi, həm iqtisadi təsiri çox böyük olacaqdır. Bu ölkələrin tarixi, mədəniyyəti fərqlidir, biz fərqli sivilizasiyalara mənsubuq. Ancaq bizi birləşdirən xoş niyyətimizdir, eyni zamanda, konkret layihələrdir. Ona görə "Cənub" qaz dəhlizi sadəcə olaraq enerji layihəsi, boru kəməri deyil, bu, ciddi siyasi təşəbbüsdür. Bu, iqtisadi mənfəət gətirən bir layihədir və bu layihədə iştirak edən bütün ölkələr mənfəət götürəcək.
Bizim əsas istəyimiz ondan ibarət idi ki, bütün ölkələr qazansın. Hasil edən ölkə, tranzit ölkələr, istehlakçı ölkələr - onların maraqları birləşməlidir. Maraqlar balansı yarandı. Ancaq o təqdirdə biz uğura nail ola bilərik. Bu məqsədlə biz keçən ay Bakıda "Cənub" qaz dəhlizinin birinci Məşvərət Şurasını keçirdik, çox böyük uğurla keçirdik. Çox şadam ki, Avropa İttifaqının vitse-prezidenti, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi, əlbəttə ki, "Cənub" qaz dəhlizinin bütün üzv ölkələrinin nümayəndələri orada iştirak etmişlər. Yəni, bu, geniş beynəlxalq formatdır. Növbəti dövr ərzində qarşılıqlı anlaşma, işlərin əlaqələndirilməsi və qarşılıqlı inam bizim işimizi sürətləndirəcək. Çünki biz bir-birimizə daha da çox inanmalıyıq. Qeyd etməliyəm ki, Azərbaycan bu işlərdə bəlkə də ən böyük təcrübəsi olan bir ölkə kimi əlbəttə, öz xidmətlərini bundan sonra da göstərəcək.
Bizim bu günə qədər Türkiyə və Gürcüstan ilə bərabər təşəbbüs kimi irəli sürdüyümüz bütün layihələr uğurla nəticələndi - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi Ərzurum. Bakı-Tbilisi-Qars da uğurla nəticələnir. Ona görə də məndə heç bir şübhə yoxdur ki, "Cənub" qaz dəhlizi və onun önəmli hissəsi olan TANAP da uğurla nəticələnəcək. Bu, şaxələndirmə layihəsidir. Avropaya və Türkiyəyə yeni mənbədən böyük həcmdə əlavə qaz nəql ediləcəkdir. Hazırda Avropa üçün yeganə mövcud olan yeni qaz mənbəyi "Şahdəniz" qazıdır, Azərbaycan qazıdır. Gələcəkdə başqa mənbələr də olacaqdır, amma hazırda budur. Mənbələrin şaxələndirilməsi çox önəmlidir. Yolların şaxələndirilməsi də önəmlidir. Biz hamımız şaxələndirmə haqqında danışırıq, amma ilk növbədə, yeni mənbələrin mövcudluğu önəmlidir. Çünki burada da qeyd edildi, dünyada və xüsusilə də Avropada qaza olan tələbat getdikcə artacaq. Ənənəvi mənbələr də təbii olaraq tükənir. Yeni resurs bazası olmalıdır. Hazırda bu resurs baza Azərbaycandır.
Mən əminəm ki, biz gələcəkdə də bütün işləri lazımi səviyyədə aparacağıq. Bizə lazım olan bütün əlaqələndirmə işləri aparılır. Əsas məsələ ondan ibarətdir ki, bizim aramızda qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, bir-birimizə inam var.
Mən TANAP layihəsinin Novruz bayramı ərəfəsində, axır çərşənbə günündə təməl daşının qoyulmasında da böyük rəmzi məna görürəm. Biz milli ənənələrimizə bağlıyıq, sadiqik, öz gələcəyimizi milli dəyərlər üzərində qururuq. Biz bütün dünyaya da açığıq. Bu gün burada toplaşan, müxtəlif ölkələrdən gəlmiş qonaqlar bizim dəyərli dostlarımızdır. Bu işi biz bərabər görürük və görəcəyik.
TANAP-a uğurlar və inşallah, üç ildən sonra TANAP-ın açılışında bərabər olacağıq. Sağ olun.
X X X
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.
Prezident Rəcəb Tayyib Ərdoğanın
çıxışı
- Hörmətli Azərbaycan Prezidenti.
Hörmətli Gürcüstan Prezidenti.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Sizi sevgi və ehtiramla salamlayır, "Cənub" qaz dəhlizi layihəsinin onurğa sütununu təşkil edən Trans-Anadolu təbii qaz boru kəmərinin - TANAP-ın təməlqoyma mərasiminin ölkələrimiz, xalqlarımız, bölgəmiz üçün xeyirli olmasını diləyirəm. Bu mərasim münasibətilə ölkəmizi şərəfləndirdiyiniz, qarslı qardaşlarımızla bir yerdə olduğunuz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Qaz nəqlinin başlayacağı 2018-ci ildə də bu xoşbəxtliyi, inşallah, birlikdə paylaşmağı arzu edirəm.
Dünyada neft və təbii qaz layihələri təəssüf ki, əksər hallarda münaqişələrlə, problemlərlə, müharibələrlə, müstəmləkə ilə xatırlanır. Mən bu layihənin sülhlə, rifahla, əmin-amanlıqla birlikdə xatırlanacağına inanıram. Biz heç vaxt başqa cəmiyyətlərin və ölkələrin bədbəxtliyi üzərində xoşbəxtliyimizi qurmaq məqsədi güdmədik. Belə bir düşüncəni əsla qəbul etmədik. Siz, hörmətli prezidentlərin də eyni yanaşmaya sahib olduğunu çox yaxşı bilirəm. Dünyanı daha ədalətli, yaşana bilən, əmin bir yerə çevirmək məsələsində hamımız məsuliyyətimizi dərk edirik. Bu layihə ilə hamımız birlikdə təbii sərvətlərin istifadəsi ilə bağlı yeni bir yanaşmanı bütün dünyaya göstərə biləcəyimizi düşünürəm. Türkiyənin şərq sərhədindən başlayıb qərb sərhədində başa çatacaq və "Şahdəniz" qazını Avropaya daşıyacaq bu boru kəmərinin təbii qaz ilə yanaşı, sülh və əmin-amanlığın da daşıyıcısı olmasını ürəkdən arzu edirəm.
Məlum olduğu kimi, təbii qazın tədarükçüsü, tranzitçisi və istehlakçısı var. Təbii ki, burada xüsusilə əsasən də Azərbaycan bu işin tədarükçüsüdür. Digər tərəfdən, Gürcüstan və biz bu işin həm tranzitçisi, həm də istehlakçısıyıq. Avropa isə bu işin istehlakçısı olacaqdır. Belə bir vəziyyət gündəmdədir. İqtisadi resurslar əgər insanlığın xidmətində deyilsə, fəlakətin - yaşadığımız iki böyük dünya müharibəsinin, irili-xırdalı saysız-hesabsız müharibənin, münaqişənin səbəbi olduğunu gördük.
Biz bu layihə ilə eyni zamanda, sahib olduğumuz sərvətləri öz vətəndaşlarımızın, onlarla birlikdə bütün bölgə xalqlarının, bütün insanlığın xidmətinə təqdim etmək iradəmizi də ifadə etmiş oluruq. Bu yola birlikdə çıxdığımız, bu yolda birlikdə irəlilədiyimiz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm.
Hörmətli prezidentlər, əziz qonaqlar, Türkiyə son 12 ildə həyata keçirdiyi böyük islahatlarla həm demokratiya, həm də iqtisadiyyat sahələrində çox böyük irəliləyişlər əldə edib. Bu prosesdə ölkəmizi hər sahədə üç dəfə böyüdərək, əsas infrastruktur layihələrini reallaşdıraraq, investisiya mühitini yaxşılaşdıraraq keçmişin çətinliklərini aradan qaldırmağa səy göstərdik. Bu dövrdə, bildiyiniz kimi, adambaşına milli gəlirimiz 3500 dollardan 11 min dollara çatdı. İxracatımızı 36 milyard dollardan 158 milyard dollara qədər çatdırdıq. Turizm sahəsində gəlirlərimizi 12,5 milyard dollardan 34,5 milyard dollara çatdırdıq. Təhvil aldığımız 6100 kilometr uzunluğunda magistral yollara 17 min 590 kilometr yol əlavə etdik. Sürətli dəmir yolu xətti, hava limanları ilə ölkəmizin hər bir bölgəsini sürətlə və etibarlı şəkildə səyahət ediləcək səviyyəyə gətirdik. Buraya da gələrkən bu şəhərimizin də tikinti meydançasına çevrildiyini gördünüz. Yaşayış kompleksləri layihələri ilə bütün dünyada nümunə göstərilən şəhərləşmə kampaniyasını başlatdıq. Su anbarları, suvarma və sutəmizləmə təsisləri, kənd təsərrüfatı sahəsində inkişaf layihələri, bütün sahələrdə infrastruktur sərmayələri ilə ölkəmizin, necə deyərlər, simasını dəyişdirdik.
İndi də əsl hədəflərimizə - 2023-cü il hədəflərinə hazırlaşırıq. Məqsədimiz 500 milyard dollarlıq ixracat, 2 trilyon dollarlıq milli gəlir, birrəqəmli işsizlik və inflyasiya səviyyəsi ilə gənc, təhsilli əhalimizi maksimum şəkildə dəyərləndirərək dünyanın ilk on iqtisadiyyatından biri olmaqdır. Bu baxımdan Türkiyəni bölgənin enerji paylama mərkəzinə çevirməyi də planlaşdırırıq. Ceyhan artıq dünyanın ən mühüm neftpaylama mərkəzlərindən birinə çevrilib. İraq və Suriyada vəziyyətin normallaşması ilə Ceyhanın bu mövqeyi daha da güclənəcək, qabiliyyəti daha da artacaqdır. Digər ölkələrlə də təbii qaz və neft boru kəmərləri layihələrimiz davam edir.
TANAP bütün bu layihələrin arasında marşrutu və hədəfləri ilə xüsusi bir yerə, önəmə sahibdir. Bu layihə başqa heç bir layihənin alternativi olmadığı kimi, bu layihəyə alternativ başqa bir layihə də yoxdur. Bu baxımdan həqiqətən də özünəməxsus bir layihə olan "Cənub" qaz dəhlizini bütün mərhələləri ilə tamamilə həyata keçirdikdə Avropa ilə Xəzər bölgəsi arasında güclü bir əlaqə qurmuş olacağıq.
Bu layihəyə Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, bütün Avrasiya coğrafiyasının ehtiyacı var. Bir az əvvəl Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini çıxışına türkcə sözlərlə başladı və məni xeyli məmnun etdi. Bunu xatırlatmaq istəyirəm ki, hətta bu səviyyədə türkcəsi ilə Adriatikdən Çin səddinə qədər heç bir çətinlik çəkmədən gedə bilər. Bu məsələdə arxayın olsun. Bir az əvvəl də dediyim kimi, bu layihənin iqtisadi funksiyası ilə yanaşı, sülhə və əmin-amanlığa verəcəyi töhfə də maraqla qarşılanacaq.
Təməlini qoyduğumuz TANAP 1850 kilometr uzunluğu və dostlarımın da söylədiyi kimi, 10 milyard dollar maliyyəsi ilə bu missiyaya artıqlaması ilə layiq olan layihədir. 16 milyard kubmetrdən başlayıb mərhələli olaraq 22 milyard kubmetrə və 31 milyard kubmetrə qədər çatdırılacaq qabiliyyəti ilə bu layihədə təbii qaz nəqlinin, inşallah, nəzərdə tutduğumuz tarixdə - 2018-ci ildə başlamasını arzu edirik. Planımız budur.
TANAP layihəsinin bu kəmərin keçdiyi Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxana, Giresun, Sivas, Yozqat, Kırşehir, Qırıqqala, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ, Ədirnə vilayətlərimizə də xeyirli olmasını diləyirəm. Ölkəmizi şərqdən qərbə qədər qət edəcək, 20 vilayətimizdən, 67 qəsəbəmizdən və 600 kəndimizdən keçəcək 1850 kilometr uzunluğundakı kəmərin sürətlə tamamlanaraq istifadəyə verilməsini arzu edirik.
Hörmətli prezidentlərə və hörmətli qonaqlarımıza bu münasibətlə ölkəmizə təşrif buyurduqları üçün bir daha təşəkkür edirəm. Fəaliyyəti davam etdirəcək firmalara, mühəndislərə, texniklərə, işçilərə uğurlar diləyirəm. Layihənin bu günə qədər gəlməsində əməyi və töhfəsi olan hər kəsə təşəkkür edirəm.
Bir daha Trans-Anadolu təbii qaz boru kəmərinin - TANAP-ın təməlqoyma mərasiminin xeyirli olmasını diləyir, "Allah qəzadan-bəladan hifz etsin" deyir, sizi sevgi və hörmətlə salamlayıram.
X X X
Sonra TANAP boru kəmərinin təməli qoyuldu.
X X X
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, martın 17-də Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili açılış mərasimində iştirak ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.
Əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildi.
Sonra Türkiyənin milli təhsil naziri Nəbi AVCI çıxış etdi. Nazir 960 şagird yerlik bu məktəbin istifadəyə verilməsini dövlətlərimiz arasında qardaşlıq və dostluq münasibətlərinin gözəl nümunəsi adlandıraraq dedi: "Bu məktəb ölkələrimiz və xalqlarımız arasındakı sarsılmaz əlaqələrin güclü nişanəsidir". Nəbi Avcı məktəbin qurulmasındakı xidmətlərinə görə azərbaycanlı qardaşlarına minnətdarlığını bildirdi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
- Çox hörmətli Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.
Çox hörmətli Gürcüstan Prezidenti, əziz qardaşım Giorgi Marqvelaşvili.
Əziz bacılar və qardaşlar.
İlk növbədə qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam, bunu ifadə etmək istəyirəm. Xüsusilə, qədim türk torpağı olan Qarsda olmağımdam çox məmnunam. Qars qədim türk dünyasının tarixi yeridir və belə məktəbin məhz Qarsda açılması böyük məna daşıyır.
Bu məktəb mənim atamın, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyır. Bu gün Qarsda hava limanına enərkən ilk növbədə, Heydər Əliyevin adını daşıyan parkı, onun abidəsini ziyarət etdim. Azərbaycan xalqının lideri Heydər Əliyevin xatirəsinə Türkiyədə, Qarsda olan hörmətə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük xidmətlər göstərmişdir. Daim çalışırdı ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı daha da möhkəm olsun. Onun məşhur kəlamı bizim hamımız üçün bir nümunədir. O demişdir: Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir. Biz bu siyasətə sadiqik və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla son 11 il ərzində Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirmək üçün böyük səylər göstəririk.
Biz bütün məsələlərdə bir yerdəyik. Siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıra bilmişik. Bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik. Türkiyənin artan gücü bizi də gücləndirir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son illər ərzində böyük yol keçmişdir. Bunu bu gün Qarsda görülən işlər də təsdiqləyir. Burada tikilən binalar, məktəblər, xəstəxana, sosial obyektlər Qarsın simasını dəyişmişdir. Türkiyənin hər bir yerində inkişaf göz qabağındadır. Türkiyə bu gün dünyada böyük güc mərkəzinə çevrilmişdir və böyük iyirmilərin - "G-20"nin toplantısına qardaş ölkəni - Azərbaycanı dəvət etmişdir. Buna görə bir daha əziz qardaşıma - Türkiyə Prezidentinə öz minnətdarlığımı bildirmək istəyirəm. Bu, əsl qardaşlıq yanaşmasıdır. Biz hər yerdə bu qardaşlığı möhkəmləndiririk.
Bu gün, eyni zamanda, Qarsda TANAP layihəsinin təməli qoyulur. TANAP bizim müştərək layihəmizdir. Üç il bundan öncə İstanbulda TANAP layihəsi imzalandı. Bu gün biz artıq bu layihənin təməlini qoyuruq. Enerji sahəsində Türkiyə-Azərbaycan-Gürcüstan birliyi artıq tam yeni bir mənzərə ortaya qoyur. Birgə həyata keçirdiyimiz enerji layihələri bizi gücləndirir, xalqlarımız üçün yeni imkanlar, yeni iş yerləri yaradır, iqtisadi, siyasi gücümüzü artırır. Azərbaycan Türkiyəyə sərmayələr qoymağa başlamışdır. SOCAR - Azərbaycan Dövlət Neft Şirkəti Türkiyəyə 20 milyard dollar dəyərində sərmayə qoymağa başlamışdır. Bu sərmayə nəticəsində bizim bütün önəmli enerji layihələrimiz həyata keçiriləcəkdir. Eyni zamanda, SOCAR Türkiyənin təhsil sektoruna da sərmayə qoymağa başlamışdır. Qarsda, Ankarada, Kocaelidə, Ceyhanda, Əliağada beş lisey və məktəb tikilmişdir. Bu, təhsil sektoruna qoyulan sərmayədir. Yəni, bu, bizim gələcəyimizə qoyulan sərmayədir. Hər bir ölkənin uğurlu inkişafını şərtləndirən onun təhsilinin, elminin səviyyəsidir. Biz çalışmalıyıq ki, həm Azərbaycanda, həm Türkiyədə bu məsələləri bundan sonra da inkişaf etdirək.
Bizim gənclərimiz gərək bilikli, savadlı olsunlar. Bilik, savad bu dünyada hər şeyi həll edir. Bilik, savad texnoloji tərəqqini, inkişafı şərtləndirir. O ölkələr gələcəkdə daha da güclü olacaqlar ki, orada təhsilin səviyyəsi yüksəkdir. Belə olan halda Türkiyədə bu sahəyə ayrılan diqqət bizi həddindən artıq sevindirir.
Azərbaycanda da təhsil sahəsi prioritetdir. Son 11 il ərzində Azərbaycanda 3 minə yaxın məktəb tikilib təmir edilmiş və gənclərimiz üçün çox gözəl imkanlar yaradılmışdır.
Bu məktəbdə peşə sahibləri oxuyacaqlar. Buranı bitirən peşə sahibləri sonra Türkiyə və Azərbaycan maraqlarını qoruyacaqlar. Bu, artıq Türkiyə-Azərbaycan dostluq, qardaşlıq mərkəzidir. Belə məktəbin açılması əlbəttə ki, bizim hamımızı ürəkdən sevindirir. Gənclər bilikli, savadlı, eyni zamanda, vətənpərvər, öz Vətəninə bağlı olmalıdırlar. Tarixi də yaxşı bilməlidirlər və tarixi həqiqətləri həm bilməli, həm təbliğ etməlidirlər.
Əfsuslar olsun ki, Türkiyəyə və Azərbaycana qarşı bu gün çirkin kampaniya aparılır. Bizim keçmişimizi qaralamaq, bizə şər, böhtan atmaq, bugünkü uğurlu inkişafımızı inkar etmək üçün bəzi xarici dairələr durmadan bizə qarşı kampaniya aparırlar. Biz isə buna öz işimizlə cavab veririk. Bu gün Türkiyə və Azərbaycan kimi dünyada inkişaf edən ikinci ölkələr tapmaq çox çətindir. Bütün böhranlara baxmayaraq, bu gün biz inkişaf edirik. Bizim inkişafımız siyasi iradə, tarixi həqiqət üzərində qurulubdur. Biz gələcəyimizi tarixi həqiqət üzərində qururuq, tarixi gənc nəsillərə olduğu kimi təqdim edirik. Bəzi başqa ölkələr kimi, tarixi təhrif etmirik, öz gələcəyimizi yalan, böhtan üzərində qurmuruq. Əfsuslar olsun ki, bu gün Türkiyəyə və Azərbaycana qarşı əsassız iddialar irəli sürən işğalçı erməni dövləti yalan üzərində qurulubdur. Onların tarixi də yalandır, onların bizə qarşı irəli sürdüyü iddialar da əsassızdır. Tarix var, həqiqət var, tarixi sənədlər var. Onlar açıq sənədlərdir. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Türkiyə-Azərbaycan birliyi bu gün dünya miqyasında artıq inkaredilməz amildir. Türkiyə dünya birliyinin önəmli ölkəsidir. Azərbaycanın da imkanları artır. Biz enerji, nəqliyyat layihələrimizi həyata keçirməklə birliyimizi daha da gücləndiririk. Təsadüfi deyil ki, Bakı-Tibilisi-Qars dəmir yolunun təməl daşı da Qarsda qoyulmuşdur, TANAP layihəsinin təməli də Qarsda qoyulacaqdır.
Bu gün bizimlə bərabər qardaş Gürcüstan dövlətinin Prezidenti də iştirak edir. Buna görə mən çox minnətdaram ki, o, bu gün bizimlə bərabərdir. O, TANAP layihəsinin təməlqoyma mərasimi üçün Qarsa gəlmişdir. Amma, eyni zamanda, bu gün Heydər Əliyev adına olan məktəbin açılışında da iştirak edir. Bizim üçtərəfli əməkdaşlığımız, qardaşlığımız, birliyimiz əbədidir. Üç ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə bundan sonra da bir yerdə olacaq, bir yerdə öz gələcəyini quracaq, bir-birinə həmişə dayaq, arxa olacaqlar.
Əziz bacı və qardaşlarım, mən Qarsda olmağımdan çox məmnunam. Mən Qarsı yenilənmiş, inkişafda olan şəhər kimi görürəm və buna görə sizə, Türkiyə hökumətinə, dövlət başçısına minnətdaram. Qars bütün türk dünyası üçün əziz diyardır, əziz şəhərdir. Əminəm ki, bu gün Qarsda görülən işlər, xüsusilə TANAP layihəsinin icrası Qars üçün yeni imkanlar açacaqdır.
Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!
X X X
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.
Prezident Rəcəb Tayyib Ərdoğanın
çıxışı
- Cənab Azərbaycan Prezidenti, cənab Gürcüstan Prezidenti, dəyərli qonaqlar, sevgili qarslılar, xanımlar və cənablar. Sizləri ən səmimi duyğularla salamlayıram.
Cənab İlham Əliyev başda olmaqla dost və qardaş Azərbaycandan və cənab Giorgi Marqvelaşvili başda olmaqla Gürcüstandan gələn qonaqlarımıza, Avropadan, ABŞ-dan gələn qonaqlarımıza ölkəmizə, Qarsımıza "Xoş gəldiniz!" deyirəm.
Açılışını etdiyimiz Heydər Əliyev adına Anadolu Texniki-Peşə Liseyinin və digər məktəblərin Qarsa və ölkəmizə xeyirli olmasını diləyirəm. 424 şagirdə xidmət edəcək, 32 sinif, 200 şagirdi olan yataqxanası, idman zalı, müasir emalatxanaları, laboratoriyaları və digər təchizatı olan bu məktəbi nümunəvi bir tədris müəssisəsi kimi görürəm. Azərbaycanla aramızdakı qardaşlıq əlaqələrinin səmimi bir rəmzi olaraq gördüyüm Heydər Əliyev adına Anadolu Texniki-Peşə Liseyinin şəhərimizə bəxş edilməsində zəhməti olan hər kəsə təşəkkür edirəm. Qarsda bu məktəbin inşa edilməsinə dəstək olan Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev qardaşıma təşəkkür edirəm.
Əvvəllər də azərbaycanlı qardaşlarımız Ceyhanda Heydər Əliyev adına Anadolu Texniki-Peşə Liseyini inşa edərək adanalı qardaşlarımıza ərməğan etmişdilər. Biz də İğdırda Heydər Əliyev adına Fənn Liseyini istifadəyə vermişdik.
2011-ci ildə təməlqoyma mərasimində iştirak etdiyim Qarsdakı bu məktəb əslində 2013-cü ilin sonunda təlim-tədrisə başlayıb. Bu gün isə məktəbin rəsmi açılışını həyata keçiririk. Beləliklə, Azərbaycan xalqına və Türkiyə-Azərbaycan dostluğuna xidmətlərini daim hörmətlə, ehtiramla, təqdirlə andığımız mərhum Heydər Əliyevin adını ölkəmizin hər guşəsində yaşadırıq və yaşatmağa da davam edəcəyik. Bu gün burada, həmçinin Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən şəhərimizdə istifadəyə verilən 112 sinfin də açılışını edirik. Hamısının xeyirli olmasını diləyirəm. Qonaqlarımızla birlikdə bir müddət sonra təməlqoyma mərasimində iştirak edəcəyimiz TANAP layihəsinin də Türkiyə-Azərbaycan-Gürcüstan və layihənin Avropa hissəsində yer alan bütün ölkələr üçün xeyirli olmasını diləyirəm.
Cənab prezidentlər! Dəyərli qardaşlarım.
Çıxışımın əvvəlində martın 21-də qeyd edəcəyimiz Novruz bayramımızı indidən təbrik edirəm. Novruzdan əvvəlki çərşənbə, yəni, İlaxır çərşənbə Azərbaycanda bayramın ən şən, ən gözəl və coşqulu gecəsi kimi qeyd edilir. Bu münasibətlə oxunan Qurani-Kərimin, edilən duaların, yoxsullara verilən sədəqələrin qəbul olunmasını diləyirəm. Azərbaycan başda olmaqla Orta Asiyadan Balkanlaradək bütün coğrafiyamızın bu beş min illik ortaq bayramının birliyimizə, həmrəyliyimizə vasitə olmasını diləyirəm. Baharın müjdəçisi olan Novruzun regionumuzda və bütün dünyada sülhün və əmin-amanlığın da müjdəçisi olmasını könüldən arzulayıram.
Bu il anadan olmasının 90-cı ilini qeyd etdiyimiz və 2009-cu ildə itirdiyimiz böyük şairimiz Bəxtiyar Vahabzadənin o gözəl şeirində ifadə etdiyi kimi:
Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.
Ana yurdda-yuva qurdum,
Ata yurda könül verdim.
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.
Bəli, Azərbaycan bizim üçün sadəcə dövlətlərdən bir dövlət, azərbaycanlı qardaşlarımız da millətlərdən bir millət deyildir. Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişi olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik.
1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun yarısı Anadolu xalqından, yarısı da Azərbaycan xalqından ibarət idi. Bakını, Gəncəni, Dərbəndi, Dağıstanı düşməndən bu qardaşlar çiyin-çiyinə verərək yan-yana şəhid olaraq azad ediblər. Bu gün də Dağlıq Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarımızın dərdini, inanın, Anadolu torpaqlarındakı hər qardaşımız ürəyində hiss edir. Bizim nəzərimizdə Qarsdakı, İğdırdakı, Ərzurumdakı vətəndaşımızla Naxçıvandakı qardaşımız arasında heç bir fərq yoxdur. Bizim üçün İzmir, İstanbul, Ankara, Antalya nədirsə, Bakı da elədir. Eyni zamanda Trabzon, Samsun bizim üçün nədirsə, Batum, Tiflis də bizim üçün odur.
Mən bu gün soyuq havaya baxmayaraq, burada Prezident həmkarlarımla birlikdə bizlərlə birgə bu həyəcanı paylaşdığınız üçün sizlərə təşəkkür edirəm. İnşallah, indi Selim rayonuna gedəcəyik. Orada, inşallah, TANAP layihəsinin təməlini qoyacağıq. İnşallah, ən qısa zamanda da Azərbaycan təbii qazını Gürcüstan və Türkiyə ərazisindən Avropaya göndərəcəyik.
Hamınızı ən səmimi duyğularla salamlayıram. Sizlərə xoşbəxtlik, cansağlığı arzulayıram. Novruzumuz xeyirli olsun, deyirəm.
X X X
Çıxışlardan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili liseyin rəmzi açılışını bildirən lenti kəsdilər.
Azərbaycan və Türkiyə prezidentləri liseyin xatirə kitabına ürək sözlərini yazdılar.
Dövlət başçıları liseyin binasında yaradılan şəraitlə tanış oldular.
Binanın foyesində türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin büstləri qoyulub. Burada, həmçinin Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının, dövlət himnlərinin mətnlərinin, ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin həyat və fəaliyyətləri barədə məlumatların olduğu lövhələr və fotoşəkillərdən ibarət xüsusi guşə yaradılıb. Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərmanın Azərbaycan və türk dillərindəki mətni də foyedə yaradılan guşədə nümayiş olunur.
Məlumat verildi ki, liseyin binasının təməli 2011-ci ilin mayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə inşa olunan liseyin ərazisi 2,2 hektardır. Türkiyənin Şərqi Anadolu bölgəsinin ən böyük və nüfuzlu liseyi olan bu kompleksdə müasir tələblər səviyyəsində təhsil almaq üçün bütün zəruri şərait yaradılıb. Burada 32 sinfin yerləşdiyi əsas bina, 200 yerlik yataqxana, 200 nəfərlik örtülü idman zalı, açıq idman sahəsi, zəngin fondu olan kitabxana və iki emalatxana var. Liseydə 400-dən çox şagirdin təlim-tərbiyəsi ilə 24 müəllim məşğul olur.
Liseyin əsas məqsədi elmi və texnoloji yeniliklərə açıq, ölkənin ehtiyaclarına uyğun, intizamlı, ali təhsil proqramına hazırlıq istiqamətində dərin və hərtərəfli bilik və bacarığa, müasir və demokratik düşüncəyə malik gənclər yetişdirməkdir. Təhsil ocağında gündəlik dərslərlə yanaşı, şagirdlərin texniki biliklərinin artırılması və psixoloji durumlarının yüksək səviyyədə olması, hadisələri asan qavraya və təhlil edə bilmələri, fərdi və qrupla işləmək bacarıqlarına yiyələnmələri istiqamətində də məşğələlər keçirilir.
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri liseyin həyətində ağac əkdilər.
------------------
18.03.2015
23:24
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, martın 17-də Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili açılış mərasimində iştirak ediblər.
Əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildi.
Sonra Türkiyənin milli təhsil naziri Nəbi Avcı çıxış etdi. Nazir bu məktəbin istifadəyə verilməsini dövlətlərimiz arasında qardaşlıq və dostluq münasibətlərinin gözəl nümunəsi adlandıraraq dedi: "Bu məktəb ölkələrimiz və xalqlarımız arasındakı sarsılmaz əlaqələrin güclü nişanəsidir". Nəbi Avcı məktəbin qurulmasındakı xidmətlərinə görə azərbaycanlı qardaşlarına minnətdarlığını bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qardaş Türkiyədə yenidən olmağından, qədim türk torpağı Qarsa gəlməkdən qürur duyduğunu dedi. Ulu öndər Heydər Əliyevin adının bu məktəbə verilməsinə, həmçinin Qarsda Ümummilli Liderin xatirəsinin əziz tutulduğuna görə minnətdarlığını bildirdi. Heydər Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında müstəsna rol oynadığını deyən Prezident İlham Əliyev Ulu Öndərin "Bir millət, iki dövlət" kəlamının bu gün dövlət başçılarının timsalında daha da gücləndiyini diqqətə çatdırdı. Bu gün Türkiyənin dünyada güc mərkəzinə çevrildiyini deyən dövlətimizin başçısı ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini vurğuladı, təhsil sektorunda da əməkdaşlığın gücləndiyini dedi, son illərdə ölkəmizdə bu sahədə həyata keçirilən islahatlardan, görülən işlərdən danışdı. Türkiyə və Azərbaycanın bu gün dünyada baş verən hadisələrə mətanətlə sinə gərdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin tarixi keçmişə də sadiq qaldığını diqqətə çatdırdı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan liseyin açılışı münasibətilə təbriklərini çatdırdı. Yüksək standartlara uyğun inşa edilən bu məktəbin tikintisində əməyi olan hər kəsə, xüsusilə də Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. "Heydər Əliyevin adını ölkəmizin hər yerində yaşatmağa çalışacağıq", - deyən Türkiyə dövlətinin başçısı bütün bunların xalqlarımız və ölkələrimiz arasındakı dostluq və qardaşlığın nümunəsi olduğunu vurğuladı.
Min illik mədəniyyətlərin qovuşduğu məkan kimi Qarsın türk tarixində böyük əhəmiyyətinin olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən, fədakarlıq, qalibiyyət kimi ümummilli məfhumların Qarsın timsalında daha dolğun əks olunduğunu diqqətə çatdırdı.
Çıxışlardan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili liseyin rəmzi açılışını bildirən lenti kəsdilər.
Azərbaycan və Türkiyə prezidentləri liseyin xatirə kitabına ürək sözlərini yazdılar.
Dövlət başçıları liseyin binasında yaradılan şəraitlə tanış oldular.
Binanın foyesində türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin büstləri qoyulub. Burada, həmçinin Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının, dövlət himnlərinin mətnlərinin, ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin həyat və fəaliyyətləri barədə məlumatların olduğu lövhələr və fotoşəkillərdən ibarət xüsusi guşə yaradılıb. Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərmanın Azərbaycan və türk dillərindəki mətni də foyedə yaradılan guşədə nümayiş olunur.
Məlumat verildi ki, liseyin binasının təməli 2011-ci ilin mayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə inşa olunan liseyin ərazisi 2,2 hektardır. Türkiyənin Şərqi Anadolu bölgəsinin ən böyük və nüfuzlu liseyi olan bu kompleksdə müasir tələblər səviyyəsində təhsil almaq üçün bütün zəruri şərait yaradılıb. Burada 32 sinfin yerləşdiyi əsas bina, 200 yerlik yataqxana, 200 nəfərlik örtülü idman zalı, açıq idman sahəsi, zəngin fondu olan kitabxana və iki emalatxana var. Liseydə 400-dən çox şagirdin təlim-tərbiyəsi ilə 24 müəllim məşğul olacaq.
Liseyin əsas məqsədi elmi və texnoloji yeniliklərə açıq, ölkənin ehtiyaclarına uyğun, intizamlı, ali təhsil proqramına hazırlıq istiqamətində dərin və hərtərəfli bilik və bacarığa, müasir və demokratik düşüncəyə malik gənclər yetişdirməkdir. Təhsil ocağında gündəlik dərslərlə yanaşı, şagirdlərin texniki biliklərinin artırılması və psixoloji durumlarının yüksək səviyyədə olması, hadisələri asan qavraya və təhlil edə bilmələri, fərdi və qrupla işləmək bacarıqlarına yiyələnmələri istiqamətində də məşğələlər keçiriləcək.
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri liseyin həyətində ağac əkdilər.
---------
21:33
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mərasimdə iştirak ediblər.
Əvvəlcə TANAP layihəsinə həsr olunmuş film nümayiş etdirildi. Filmdə qeyd olunur ki, TANAP Türkiyə və Azərbaycan qardaşlığının Anadoluya atılan imzasıdır. Azərbaycanın və Türkiyənin birgə səylərinin məhsulu olan bu layihə üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
Mərasimdə Türkiyə, Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndi.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev TANAP-ın həyata vəsiqə qazanmasının Azərbaycan və Türkiyə dövlət başçılarının səyləri nəticəsində mümkün olduğunu bildirdi, bu layihənin ölkələrimizin inkişafına və xalqlarımızın rifahına xidmət etdiyini diqqətə çatdırdı.
"Bu gün burada ABŞ Prezidenti Barak Obamanı və dövlət katibi Con Kerrini təmsil etmək mənim üçün şərəfdir", - deyən Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstayn bildirdi ki, ABŞ "Cənub" qaz dəhlizini 20 il bundan əvvəl başlayan Bakı-Tbilisi-Ceyhan boru xətti prosesinin tamamlanması kimi görür. TANAP layihəsinin həyata keçirilməsinin ABŞ hökuməti üçün çox önəmli olduğunu deyən A.Hoxstayn "Cənub" qaz dəhlizi layihəsinin icrası ilə bağlı Birləşmiş Ştatların dəstəyini ifadə etdi.
Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç 2014-cü ildə Bakıda "Cənub" qaz dəhlizinin, 6 ay sonra isə TANAP layihəsinin təməlinin qoyulmasını mühüm hadisə kimi dəyərləndirdi. "Cənub" qaz dəhlizinin əsas hissələrindən olan TANAP-ın reallaşmasına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən M.Şevçoviç dedi ki, layihəyə böyük əhəmiyyət verən Avropa İttifaqı işlərin yüksək səviyyədə həyata keçirilməsi üçün bundan sonra da əlindən gələni edəcək.
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Avropa İttifaqı ölkələrinin təbii qaza ehtiyacının ödənilməsi istiqamətində mühüm layihə olan TANAP-ı "Cənub" qaz dəhlizinin əsas həlqəsi adlandırdı. O, böyük siyasi əhəmiyyətə malik bu layihənin ölkələrimizdəki iqtisadi inkişafın təminatçısı olacağını dedi.
Gürcüstan Prezidenti Giorgi Marqeraşvili "Cənub" qaz dəhlizinin ölkəsi üçün də çox önəmli olduğunu qeyd edərək, bu layihənin regionun inkişafında mühüm rol oynayacağını bildirdi. Gürcüstan dövlətinin başçısı TANAP layihəsinin Asiya ilə Avropa arasında enerji dəhlizi rolunu oynadığını, ticarət, turizm və digər layihələrin inkişafına xidmət edəcəyini, ölkələrimizin enerji təhlükəsizliyinin təmin olunmasına güclü dəstək verdiyini diqqətə çatdırdı.
Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha Türkiyədə olmaqdan məmnunluğunu bildirdi, gələn ay Çanaqqala zəfərinin 100 illik yubileyində qardaş ölkəyə yenidən səfər edəcəyini söylədi. "Bu gün tarixi gündür və bu layihə ilk növbədə Türkiyə-Azərbaycan birliyinin layihəsidir", - deyən dövlətimizin başçısı ölkələrimizin bir-birinin uğurlarına hər zaman sevindiyini diqqətə çatdırdı. Bildirdi ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi və cəsarəti sayəsində reallaşan "Əsrin müqaviləsi" ilə başlanan enerji siyasəti nəticəsində ilk dəfə Xəzər dənizinə xarici neft şirkətləri gəldi. Xəzər neftinin ixrac olunması üçün inşa edilən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi bölgənin və qitənin enerji təhlükəsizliyində əvəzsiz rol oynadı. TANAP qaz kəmərinin də bu enerji dəhlizi üzrə inşa edildiyini deyən Prezident İlham Əliyev dünya miqyasında böyük qaz yataqlarından olan "Şahdəniz"in "Cənub" qaz dəhlizi üçün yeganə resurs mənbəyi olduğunu vurğuladı.
Qısa vaxtda dünyada böyük dəstək qazanan TANAP, 2013-cü ildə "Cənub" qaz dəhlizinin tərkib hissəsi kimi seçilən TAP layihələri üzrə işlərin cədvəl üzrə gedəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı "Cənub" qaz dəhlizini Avropanın ən böyük infrastruktur layihəsi kimi dəyərləndirdi. Bildirdi ki, Azərbaycanın malik olduğu nəhəng qaz ehtiyatları "Cənub" qaz dəhlizini təmin edəcək, bu layihə ölkələr arasında yeni əməkdaşlıq formatlarının yaranmasına səbəb olacaq.
Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü ilə həyata keçirilən layihələrin hər zaman uğur qazandığını vurğulayan, bu layihənin də eyni taleyi yaşayacağına əminliyini bildirən Prezident İlham Əliyev Avropanın qaza olan tələbatının ödənilməsində Azərbaycanın mühüm rolunu vurğuladı, TANAP layihəsinin təməlinin Novruz bayramı ərəfəsində, ilaxır çərşənbə günündə qoyulmasının rəmzi məna daşıdığını dedi və layihəyə uğurlar arzuladı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihənin sülhə və rifaha xidmət etməsini arzuladı. Dövlət başçısı "Şahdəniz" qazını Avropaya çatdıracaq bu kəmərin əhəmiyyətindən danışdı, onun ilk növbədə ölkələrimizin və bölgə xalqlarının rifahına xidmət edəcəyini bildirdi. Nəzərdə tutduğu hədəflərin özəlliyi baxımından TANAP-ın alternativinin olmadığını deyən Rəcəb Tayyib Ərdoğan onun Avropa ilə Xəzər bölgəsi arasında güclü əlaqə yaradacağını, layihənin nəzərdə tutulduğu vaxtda istismara veriləcəyinə əmin olduğunu dedi.
Sonra TANAP boru kəmərinin təməli qoyuldu.
19:05
Bu gün Türkiyənin Qars vilayətində Transanadolu qaz kəməri (TANAP) layihəsinin rəsmi təməlqoyma mərasimi keçirilib.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Georgi Marqvelaşvili, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Dövlət başçıları layihənin təməlinin qoyulması ilə əlaqədar rəmzi düyməni basıblar.
Qeyd edək ki, TANAP layihəsi qazın Azərbaycanın "Şahdəniz" yatağından Gürcüstan-Türkiyə sərhədi ilə Türkiyənin qərb sərhədlərinədək tədarükünü nəzərdə tutur.
Boru kəmərinin ilkin buraxılışının ildə 16 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Təqribən 6 milyard kubmetr Türkiyəyə, qalanı isə Avropaya tədarük ediləcək. Qaz Türkiyəyə 2018-ci ildə çatacaq, Transanadolu qaz kəmərinin tikintisindən sonra qaz təxminən 2020-ci ilin əvvəlində Avropaya tədarük olunacaq.
Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir.
"Əfsuslar olsun ki, bu gün Türkiyə və Azərbaycana qarşı çirkin kampaniya aparılır. Bizim keçmişimizi qaralamaq, bizə şər-böhtan atmaq, bugünkü uğurlu inkişafımızı inkar etmək üçün bəzi xarici dairələr durmadan bizə qarşı kampaniya aparırlar. Biz isə öz işimizlə buna cavab veririk". Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılış mərasimində çıxışı zamanı deyib.
Prezident bildirib ki, bu gün Türkiyə və Azərbaycan kimi dünyada inkişaf edən ikinci ölkələr tapmaq çox çətindir: "Bütün böhranlara baxmayaraq, bu gün biz inkişaf edirik. Bizim inkişafımız siyasi iradə, tarixi həqiqət üzərində qurulub. Biz tarixi həqiqət üzərində gələcəyimizi qururuq. Tarixi olduğu kimi gənc nəsillərə təqdim edirik. Bəzi başqa ölkələr kimi tarixi təhrif etmirik. Öz gələcəyimizi yalan, böhtan üzərində qurmuruq".
Dövlət başçısının sözlərinə görə, əfsuslar olsun ki, bu gün Türkiyə və Azərbaycana qarşı əsassız iddialar irəli sürən işğalçı Ermənistan dövləti yalan üzərində qurulub: "Onların tarixi də yalandır. Onların bizə qarşı irəli sürdüyü iddialar da əsassızdır. Tarix var, həqiqət var, tarixi sənədlər var. Onlar açıq sənədlərdir. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Türkiyə-Azərbaycan birliyi bu gün dünya miqyasında artıq inkar edilməz faktordur. Türkiyə dünya birliyinin önəmli ölkəsidir. Azərbaycanın da imkanları artır".
"İlk növbədə, qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Bunu ifadə etmək istəyirəm. Xüsusilə, qədim türk torpağı olan Qarsda olmağımdan çox məmnunam. Qars qədim türk dünyasının tarixi yeridir və belə məktəbin məhz Qarsda açılması böyük məna daşıyır". Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib: "Bu məktəb mənim atam, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyır. Bu gün Qarsa, hava limanına enərkən ilk növbədə Heydər Əliyevin adını daşıyan parkı, onun abidəsini ziyarət etdim. Azərbaycan xalqının lideri Heydər Əliyevin xatirəsinə Türkiyədə, Qarsda olan hörmətə görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm".
Prezident bildirib ki, Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük xidmətlər göstərmişdir: "O, daim çalışırdı ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı daha da möhkəm olsun. Onun məşhur kəlamı bizim hamımız üçün bir nümunədir. O demişdir: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir". Biz bu siyasətə sadiqik və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla son 11 il ərzində Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirmək üçün böyük səylər göstəririk. Biz bütün məsələlərdə bir yerdəyik. Siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıra bilmişik. Bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik".
Dövlət başçısı deyib ki, Türkiyənin artan gücü Azərbaycanı da gücləndirir: "Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son illər ərzində böyük yol keçmişdir. Bunu bu gün Qarsda görülən işlər də təsdiqləyir. Burada tikilən binalar, məktəblər, xəstəxana, sosial obyektlər Qarsın simasını dəyişib. Türkiyənin hər bir yerində inkişaf göz qabağındadır".
İlham Əliyev bildirib ki, Türkiyə bu gün dünyada böyük güc mərkəzinə çevrilib və "Böyük iyirmiliy"in, "G 20"-nin lideridir: "Türkiyə bu mötəbər toplantıya qardaş ölkəni, Azərbaycanı dəvət etmişdir. Buna görə bir daha əziz qardaşıma, Türkiyə Prezidentinə öz minnətdarlığımı bildirmək istəyirəm. Bu, əsl qardaşlıq yanaşmasıdır. Biz hər yerdə bu qardaşlığı möhkəmləndiririk".
Prezident xatırladıb ki, bu gün, eyni zamanda, Qarsda TANAP layihəsinin təməli qoyulur: "TANAP bizim müştərək layihəmizdir. 3 il bundan öncə TANAP layihəsi İstanbulda imzalandı. Bu gün artıq bu layihənin təməlini qoyuruq. Enerji sahəsində Türkiyə, Azərbaycan, Gürcüstan birliyi artıq tam yeni bir mənzərə ortaya qoyur. Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bizi gücləndirir, xalqlarımız üçün yeni imkanlar yaradır, yeni iş yerləri yaradır, bizim iqtisadi, siyasi gücümüzü artırır".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Türkiyəyə sərmayələr qoymağa başlayıb: "SOCAR - Azərbaycan Dövlət Neft Şirkəti Türkiyəyə 20 milyard dollar sərmayə qoymağa başlamışdır. Bu sərmayə nəticəsində bizim bütün önəmli enerji layihələrimiz həyata keçiriləcəkdir. Eyni zamanda, SOCAR Türkiyənin təhsil sektoruna da sərmayə qoymağa başlamışdır, 5 lisey və məktəb tikilmişdir - Qarsda, Ankarada, Kocaelidə, Ceyhanda, Əliağada. Bu, təhsil sektoruna, yəni bizim gələcəyimizə qoyulan sərmayədir".
İlham Əliyev vurğulayıb ki, hər bir ölkənin uğurlu inkişafını şərtləndirən onun təhsilinin səviyyəsidir, elmin səviyyəsidir: "Biz çalışmalıyıq ki, həm Azərbaycanda, həm Türkiyədə bu məsələləri bundan sonra da inkişaf etdirək, bizim gənclərimiz bilikli, savadlı olsunlar. Bilik, savad bu gün dünyada hər şeyi həll edir. Bilik, savad texnoloji tərəqqini, inkişafı şərtləndirir. O ölkələr gələcəkdə daha da güclü olacaqlar ki, orada təhsilin səviyyəsi yüksəkdir. Belə olan halda Türkiyədə bu sahəyə ayrılan diqqət bizi həddindən artıq sevindirir. Azərbaycanda da təhsil sahəsi prioritetdir. Son 10 il ərzində Azərbaycanda 3 minə yaxın məktəb tikilib, təmir edilib və gənclərimiz üçün çox gözəl imkanlar yaradılıb".
Prezident deyib ki, bu məktəbdə peşə sahibləri oxuyacaqlar. Buradan çıxan peşə sahibləri bundan sonra Türkiyə və Azərbaycanın maraqlarını qoruyacaqlar: "Bura artıq Türkiyə-Azərbaycan dostluq, qardaşlıq mərkəzidir. Belə məktəbin açılması bizim hamımızı ürəkdən sevindirir. Gənclər bilikli, savadlı, eyni zamanda, vətənpərvər olmalıdırlar, öz vətənlərinə bağlı olmalıdırlar, tarixi də yaxşı bilməlidirlər. Tarixi həqiqətləri həm bilməli, həm də təbliğ etməlidirlər".
Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycan və Türkiyə enerji, nəqliyyat layihələrini həyata keçirməklə iki ölkənin birliyini daha da gücləndirir: "Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolunun təməli də Qarsda qoyulub. TANAP layihəsinin təməli də Qarsda qoyulacaq".
İlham Əliyev qeyd edib: "Bu gün bizimlə birlikdə qardaş Gürcüstan dövlətinin prezidenti də iştirak edir. Buna görə mən çox minnətdaram ki, o, bu gün bizimlə bərabərdir. O, TANAP layihəsinin təməlqoyma mərasimində iştirak etmək üçün Qarsa gəlib. Amma bu gün Heydər Əliyevin adını daşıyan məktəbin açılışında da iştirak edir. Bizim üçtərəfli əməkdaşlığımız, qardaşlığımız, birliyimiz əbədidir. Üç ölkə - Azərbaycan, Türkiyə, Gürcüstan bundan sonra da bir yerdə olacaqlar, bir yerdə öz gələcəklərini quracaqlar, bir-birinə həmişə arxa, dayaq olacaqlar".
Prezident Qarsda olmağından çox məmnun olduğunu deyib: "Mən Qarsı yenilənmiş, inkişafda olan şəhər kimi görürəm və buna görə sizə, Türkiyə hökumətinə, dövlət başçısına minnətdaram. Qars bütün türk dünyası üçün əziz diyardır, əziz şəhərdir. Əminəm ki, bu gün Qarsda görülən işlər, xüsusilə də TANAP layihəsinin icrası Qars üçün yeni imkanlar açacaq. Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!"
Bu barədə Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir.
Mərasimdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan geniş nitqlə çıxış ediblər.
Bu gün, eyni zamanda, Qarsda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Transanadolu boru kəmərinin (TANAP) təməlqoyma mərasimi keçiriləcək.
Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılışı keçirilir. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili iştirak edirlər.
Bu barədə Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir.
Prezident İlham Əliyev mərasimdə geniş nitqlə çıxış edib.
Bu gün, eyni zamanda, Qarsda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Transanadolu boru kəmərinin (TANAP) təməlqoyma mərasimi keçiriləcək.
Böyütmək üçün şəkillərə klikləyin.
---------
00:14
Trans-Anadolu qaz boru kəmərinin təməli qoyulub
---------
00:04
Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyi istifadəyə verilib
-----------------
17.03.2015
23:24
Qarsda dövlət başçılarının şərəfinə rəsmi nahar verilib
----------
23:01
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü
----------
17:59
Prezident İlham Əliyev Qarsda bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb
Foto: AzərTAc