Cəmi 6 ədəd Ferrari - FOTO

16 Mart 2015 20:38
Cenevrə avtosalonunda Pininfarina emalatxanası Ferari Sergio superkarın seriya modelini təqdim edib. Əslində, bu avtomobilə "seriya modeli" demək o qədər də düz deyil, çünki Ferrari Sergio cəmi 6 nüsxədə buraxılacaq. Bu superkarın buraxılışı Pininfarina emalatxanasının 85 illik yubileyinə və Ferrari ilə əməkdaşlığının 60 illiyionə həsr edilib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Ferrari Sergio superkarın əsasında Ferrari 458 Spider Speciale A modeli durur. Pininfarina emalatxanası ona yeni, orijinal kuzov "biçib". Və avtomobil qatlama damdan və buna müvafiq olaraq onun mexanizmindən məhrum edilib.

Ferrari 458 Spider Speciale A modelindən salon demək olar ki, dəyişiklik edilmədən götürülüb - bura yalnız karbon və alkantara taxmalar əlavə edilib. Mühərrikə isə praktik olaraq heç əl dəyilməyib. Arxa oxun qarşısında yerləşən 4,5 litrlik V8 atmosfer mühərriki 605 a.g. və 540 Nm fırlanma anı hasil edir. Ferrari 458 Spider Speciale A kimi Ferrari Sergio da ilk "yüzlüyə" 3,0 saniyə ərzində sürətlənir. Maksimal sürət də hər iki modeldə eynidir: 320 km/saat.

Buraxılacaq altı Ferrari Sergio superkarının heç biri digərinə bənzəməyəcək. Hər bir maşının kuzovunun və salonunun özünəməxsus rəngi olacaq.

Bütün bunlarla bərabər Sergio Pininfarinanın oğlu Paolonun dediyi kimi arzuların avtomobili olan Ferrari Sergio superkarının yalnız bir və çox ciddi çatışmamazlığı var - onu satın almaq mümkün deyil. Məsələ burasındadır ki, altı nüsxənin hər biri artıq satılıb. Kimə və neçəyə satılıb - bu sualların cavabı isə çox vaxt belə hallarda olduğu kimi heç kim tərəfindən açıqlanmır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.