Bu gündən niyə qorxuruq? - MÜZAKİRƏ

13 Mart 2015 10:21
Bu gün ayın 13-ü cümə günüdür. Yer əhlinin mühüm bir qismi inanır ki, ayın və həftənin bu günlərinin bir-birinə təsadüf etməsi bədlik, uğursuzluq gətirir. Ta qədimdən ayın 13-cü gününün cüməyə təsadüf etməsi mistik məna daşıyıb. Bu günün mistik cazibəsi insanlara bu gün də rahatlıq vermir. Elm adamları isə bunu xurafat əlaməti sayırlar.

Həmin xurafatçı inanclara görə, ayın 13-ü cüməyə təsadüf edəndə qaniçənlər, əcinnələr və sair şeytani qüvvələr bir yerə yığışır, demonik toplantı, şabaş keçirirlər. Gecə yarısı olanda isə onlar dəhşətli əməllər törədirlər.

Bu xurafata inamın güclü olmasına görə keçmişdə ayın 13-ü cüməyə düşəndə toy etməzmişlər, gəmilər limanlardan ayrılmazmış, heç bir saziş bağlanmazmış. Hətta insanlar çalışarmışlar ki, evdən bayıra çıxmasınlar.

Bəzi versiyalara görə, "13-ü, cümə"nin nəhs gün sayılması İsa peyğəmbərlə bağlıdır. Onu məhz ayın 13-də, cümə günü çarmıxa çəkiblər. Üstəlik, peyğəmbəri satan mürid İuda gizli gecədə keçirilən toplantıda 13-cü iştirakçı olub.

Qədim romalılar və yunanlar da 13 rəqəmindən qaçaq olublar. Onlar da hesab edirmişlər ki, bu gün uğursuzluq gətirir.

İngiltərədə hələ də cümə günü dənizə çıxmırlar, həmin gün ayın 13-dürsə, mütləq səfəri təxirə salmaq üçün bəhanə tapırlar.

XVIII əsrdə bu xurafat o qədər güclənib ki, ingilis hökuməti onu darmadağın etmək qərarına gəlib. Bu məqsədlə "Cümə" adlı gəmi hazırlanıb və həmin gəmi tərsanədən suya məhz cümə günü buraxılıb. Amma gəminin sonrakı taleyi məlum xurafatı daha da gücləndirib. Cümə günü ilk reysinə çıxan "Cümə" ekipajı ilə birlikdə itkin düşüb və tapılmayıb.

Dənizçilərdən başqa, ingilis cərrahları da "13-ü, cümə"dən qorxurlar və həmin günə təyin olunmuş əməliyyatları təxirə salırlar ki, uğursuluqla qarşılaşmasınlar.

Yeri gəlmişkən, İngiltərədə kinoteatrlarda 13 saylı kreslo olmur. Əgər bir qonaqlığa 13 adam gəlibsə, mütləq 14-cü kürsü də qoyur, ona maneken otuzdurur, hətta qarşısına yemək-içmək də qoyurlar.

Almaniya, Avstriya və Skandinaviya ölkələrinə məxsus hava yolları şirkətlərinin təyyarələrində 13 saylı kreslo qoyulmur.

Portuqaliya və İspaniyada isə əksinə, həftənin 5-ci gününü dənizə çıxmaq üçün ən uğurlu gün sayırlar. Çünki Xristofor Kolumb Amerikanı cümə günü kəşf edib. Yəqin ki, müasir hindular üçün bu, tarixin ən nəhs, ən uğursuz günüdür. Ona görə ki, məhz o gündən başlayaraq onların rahatlığı pozulub, qətliama, deportasiyaya, rezervuarlarda yaşamağa məcbur olublar.

Bəs sizin bu günlə bağlı maraqlı tarixçəniz var? Şərh bölməsində bizimlə bölüşə bilərsiniz.

Milli.Az