Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları Milli Teatr Günü mükafatlandırıldılar
12 Mart 2015 10:13
Azərbaycan Dövlət Musiqili Teatrında Milli Peşəkar Teatrın 142-ci ildönümü münasibətilə "Zirvə" mükafatının təqdimat mərasimi keçirilib.
Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, kino, musiqi, təsviri sənət sahələrində xüsusi nailiyyətlər qazanan, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərin bədii axtarışlarını dəstəkləmək və yaradıcılıq fəaliyyətləri üçün zəmin yaratmaq məqsədilə 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilən "Zirvə" mükafatı ümumilikdə 7 nominasiya üzrə il ərzində mədəniyyət sahəsində öz yaradıcılıqları ilə fərqlənən istedadlı insanlara təqdim edilib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynov "Debüt" nominasiyası üzrə sözügedən mükafata layiq görülüb. Dövlət Musiqili Teatrında ölməz sənətkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" əsəri əsasında hazırlanmış eyniadlı tamaşadakı roluna görə mükafatlandırılan əməkdar artist çıxış edərək bunu tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova və ümumilikdə Musiqili və Gənc Tamaşaçılar Teatrlarının uğuru adlandırıb.
Sonra müxtəlif teatrların əməkdaşları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunublar. Mükafatlandırılanlar arasında Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Məhərrəm Musayev də var.
Teatrın daha bir qocaman aktyoru, əməkdar artist Rahib Əliyev Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən "Sənətkar" medalı ilə təltif olunub.
Milli.Az