8 Mart – bayram, yoxsa faciə?

8 Mart 2015 18:31
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bu gün - qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq, görərik ki, bu bayram heç də gözəlliyi və romantikliyi tərənnüm etmir. Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün xüsusi gündür. Bütün bunları nəzərə alaraq demək olar ki, 8 Mart, sadəcə, qadınlar günü yox, qadın-inqilabçılar günüdür. Bu günün tarixi və keçdiyi yol haqqında daha ətraflı Kəpəz TV-nin (Region TV) əməkdaşı Ruhəngiz Hacızadənin hazırladığı materialda...

8 Mart - Beynəlxalq Qadınlar Günü... Hər ilin bu tarixi dünyanın bir çox ölkəsində qadınlara məxsus gün kimi qeyd edilir. İlk baxışdan elə təsir bağışlayır ki, sanki bu bayram xanımlara çiçək və hədiyyə almaq üçün təsis edilib. Ancaq günün tarixinə nəzər salsaq, görərik ki, 8 Mart heç də romantik hadisələr nəticəsində yaranmayıb. Bu günün əsasında qadının cəmiyyətdəki rolu və hüquqları uğrunda apardığı mübarizə dayanır.

1857-ci il martın 8-i ABŞ-ın  Nyu-York şəhərində tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxırlar. Onlar 10 saatlıq iş günü, işıqlı və rahat iş yeri, kişilərlə eyni maaş tələb edirlər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində isə qəpik-quruş alırdılar. Ancaq polis nümayişi dağıtmaq üçün işçilərə hücum edir və fabrikin qapılarını bağlayır. Fabrikdə yanğın başlayır. Ancaq işçilər fabrikin qarşısında qurulan barrikadalardan keçərək qaça bilmirlər. Nəticədə çoxu qadın olmaqla 129 işçi yanaraq həyatını itirir. Beləliklə, qadınların haqqı uğrunda apardığı mübarizəyə qanla yekun vurulur. İşçilərin cənazə mərasiminə 100 mindən çox insan qatılır.

Bu hadisədən 53 il sonra, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən 2-ci Beynəlxalq Sosializm Konfransında Almaniya Sosial Demokrat Partiyası liderlərindən olan Klara Setkin tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 martın "Dünya Qadınlar Günü" olaraq qeyd olunmasını təklif edir və təklif qəbul edilir.

Amma qadınlar günü ilk dəfə Avstriya, Danimarka, Almaniya və İsveçrədə 1911-ci ilin martın 19-da qeyd edilir. O zaman milyondan artıq kişi və qadın nümayişlərdə iştirak edir. 1917-ci ildə rusiyalı qadınlar "Çörək və Sülh" şüarı ilə küçələrə çıxırlar. 4 gün sonra çar II Nikolay devrilir. Müvəqqəti hökumət qadınlara səsvermə hüququ verir. Bu hadisə 8 mart tarixinə təsadüf edir.

Azərbaycanda isə 8 mart ilk dəfə 1917-ci ildə qeyd  edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 1975-ci il isə dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ildə ilk dəfə olaraq BMT Beynəlxalq Qadınlar Gününü qeyd edir. İki il sonra isə qurumun ümumi qurultayında 8 Mart - Qadın Hüquqları və Beynəlxalq Sülh Günü olaraq rəsmiləşir.

İllər keçdikcə qadın hüquqları uğrunda mübarizə sadəcə qadınlar günü ilə əvəzlənir. Bu gün 8 mart qadınlara hədiyyə almaq bayramına çevrilib desək, yanılmarıq. Əslində yaranma tarixi faciəyə dayanan, əsasında qadının haqqını tələb etməsi duran günün belə keçirilməsi onun əsl mahiyyətini itirir. Həmin gün hətta qadın hüquqlarını tapdalayan, ona qarşı zor tətbiq etməkdən belə çəkinməyən kişilər də bir dəstə gül alıb "bayramın mübarək" deyə bilər. Bəli, bu, həyatın ironiyasıdır. Qadınlar hüquqlarını qorumaq üçün mübarizəyə qalxır, illər keçdikdən sonra isə uğrunda öldükləri hüquqları əvəzinə... onlara gül bağışlanır... Bu gün qadına qarşı zorakılıq, azyaşlı qızların zorla ərə verilməsi, təhsil hüququndan məhrum edilmə kimi problemlərin qaldığı bir zamanda onlara çiçək və ya ətir yox, haqqını vermək daha doğru olmazdımı?!

Qadın barədə "yaxşı at özünə qamçı vurdurmaz", "qadının beyni quş beyni", "qızını döyməyən dizini döyər" ifadələri hələ qalıbsa, qadınlara yuxarıdan aşağı baxmaq təfəkkürü dəyişməyibsə, bu bayram hədiyyələri onları xoşbəxt edə bilərmi?!

Bəzi ailələrdə qız uşağına hamilə olanda ondan imtina edilir, qız doğulanda oğlan uşağına sevindikləri kimi sevinmirlər. Oğul dünyaya gətirən anaya "gözün aydın" deyəndə, qız anasına "canın sağ olsun, oğlan da olar" deyilir. Deməli, qadınların cəmiyyətdə inkişafına nail olmaq üçün insanların düşüncəsindəki o stereotiplər qırılmalıdır. Xüsusilə də ona görə ki, həmin stereotiplər sonradan sanki qəsdən Azərbaycan xalqına sırınıb. Keçmişimizə, onu əks etdirən dastanlara, nağıllara, əsatirlərə nəzər salanda görürük ki, onların hamısında qadın yüksək qiymətləndirilib. "Dədə Qorqud" eposunda qəhrəman Oğuz igidləri - ərlərlə yanaşı qəhrəman qadın obrazları da vəsf edilir. Dastanda qabarıq formada görünən və bəzi mətləblərin ideya daşıyıcısı olan qadın obrazları var. Məsələn, Burla xatun, Banuçiçək, Selcan xatun. Qanturalı özünə nişanlı axtaranda deyir ki, elə bir qız istəyirəm ki, mən ayağa qalxmamış o qalxmış olsun, mən evdən çıxmamış o çıxmış olsun, mən ov ovlamamış o ovlamış olsun. Atası Qanlıqoca isə deyir: sən özünə arvad yox, qardaş axtarırsan. Bəli, oğuz igidləri özlərinə tay ola biləcək, onlarla çiyin-çiyinə vuruşacaq, ocağı, evi qoruya biləcək xanım axtarırdılar. Dastandakı qadın obrazlarının əksəriyyəti qurşaq tutur, ox atır, ov ovlayır, Oğuz elinin dar günündə ərləri ilə yanaşı döyüşlərdə iştirak edirlər.

Ruziyyə Quliyeva
- folklorşünas: "Dədə-Qorqud dastanına nəzər yetirək, Bayandur Xan əmr eləmişdi ki, 3 çadır tikilsin. Ağ, qızılı və qara çadır. Oğlu olanları ağ çadırda, qızı olanları qızılı, övladı olmayanları isə qara çadırda otuzdurun. Görün qıza necə böyük qiymət verilir. Qızılı çadırda qız övladlarını əyləşdirmək onları qızıla bərabər tutmaqdır. Kişilər görünən tərəfdir, ön cəbhədə vuruşan onlardır, arxada məsləhət verən isə qadındır. Elə Koroğlu dastanında Nigarın Koroğluya münasibətinə, onu danlamasına baxaq: Utan, qoç Koroğlu, utan. Dağların damənin tutan. Sənin kimi başa çatan, elin qədrini nə bilər. Nigar hökmdar qızıydı, bilirdi ki, cəmiyyəti necə idarə etmək olar".

Bəli, cəmiyyətin idarə edilməsində qadının da özünəməxsus rolu var və bunun əhəmiyyətini bu gün bütün sivil dünya qəbul edir. Bəlkə də çoxlarına qəribə gələr ki, bu cəhətdən Azərbaycan bir-çox qərb sivilizasiyalarını qabaqlayıb. Xalqımız qadın hüquqları sahəsində tarixi təcrübəyə malikdir. Şərqdə ilk dəfə olaraq məhz Azərbaycanda gender bərabərliyi sahəsində qanunvericilik aktları qəbul olunub. Əksər Avropa ölkələrinin qadınları seçki hüququndan məhrum olduğu vaxt - 1918-ci ildə isə Azərbaycan Demokratik Cümhuriyyətində qadınlara seçki hüququ verilib. Bəli, biz həmin xalqıq. O xalqın nümayəndələriyik ki, tarixi keçmişində qadına bu qədər yüksək dəyər verib. Qadının başının örpəyini yerə atması ilə müharibələr dayanıb, qan davalarına son qoyulub. Amma bu gün bu xalqın nümayəndələrinin qadına qarşı bəzən zor tətbiq etməsi təəssüf doğurur. Təkcə 2013-ci il ərzində fiziki məişət zorakılığına məruz qalan qadınların sayı 3200-ü ötüb. 2014-ci ildə isə zorakılıq halları pik həddə çatıb. Bu sırada zorakılıq nəticəsində öldürülmə, intihar həddinə çatdırılma, müəyyən xəsarətlər yetirmə, şikəst edilmə kimi hallar da var. Əlbəttə, ölkəmizdə qadın hüqüqlarının qorunması istiqamətində işlər görülür. Dövlətimiz qadınlara qarşı hər cür ayrı-seçkiliyin aradan qaldırılması haqqında konvensiyaya qoşulub. Bunun əsasında ölkədə gender bərabərliyinin təmin edilməsi barədə qanun qəbul edilib. Bir çox qurum və komitələrin rəhbərləri qadınlardır. Amma bəzi statistik rəqəmlər ümumi mənzərəni korlayır. Faktlar göstərir ki, qadına qarşı məişət zorakılığı daha çox bölgələrdə müşahidə olunur. Qərb bölgəsi də istisna deyil.

Məleykə Əlizadə
- Gəncə Regional Qadın Mərkəzinin rəhbəri: "2013-14-cü illərdə Gəncə Regional Qadın Mərkəzinə məişət zorakılığı ilə bağlı 10 qadın müraciət edib. Biz imkan daxilində onlara yardım etməyə çalışırıq. İmkanlarımızdan istifadə etməklə hüquq-mühafizə orqanlarının köməyi ilə bu halların qarşısını almağa çalışırıq. Onların içərisində öz hüquqlarından tamamilə məhrum edilən qadınlar da olur. Biz məhkəmələr vasitəsi ilə onların hüquqlarının bərpasına çalışırıq. Övladlarının uşaq bağçalarına yazılması, qadınların işlə təmin edilməsi və təbii ki, ilk növbədə onların reabilitasiyası ilə məşğul oluruq".

Müsahibimiz bu kimi halların qarşısını almaq üçün maarifləndirmə işinin daha da gücləndirilməsini vacib sayır. Həm də bu işə uşaq vaxtından, məktəblərdən başlamaq lazımdır.

Məleykə Əlizadə: "Təkcə qadınları deyil, eyni zamanda paralel olaraq kişiləri də maarifləndirməliyik. Bu işlər orta məktəblərdən aparılmalıdır ki, oğlan və qızlar gender bərabərliyi haqqında qanundan xəbərdar olsunlar".

Uzun illər Azərbaycan xalqı istila altında yaşayıb. Bu illər ərzində milli mənliyimizi, dilimizi, adət-ənənələrimizi qoruya bilsək də itirdiklərimiz də olub. Düşünürük ki, itirdiyimiz ən böyük dəyərlərdən biri də qadına qarşı münasibətdə ucalıq, ülvilik, dərin hörmət hissidir.

Ruziyyə Quliyeva: "Məhəbbət dastanlarının hamısında aşiq sevdiyi qızın dalınca gedir. Amma bu, təkcə sevdiyi qız deyil. Bu, simvolik olaraq haqqın dalınca getməkdir. Və sonda haqq-ədalət qalib gəlir..."

Başqa sözlə desək, haqq-ədalətin qalib gəlməsi üçün sevgi vacibdir. Deyirlər hər bir dahi kişinin arxasında dahi qadın dayanır. Zənnimizcə bu, səhv fikirdir. Qadın arxada yox, yanaşı dayanmalıdır. Bu, daha ədalətlidir. Haqq-ədalətin daim qalib gəlməsi diləyi ilə bayramınız mübarək, əziz qadınlar!

Milli.Az