İctimai disskusiya: Xarici adları necə yazmalıyıq?

13 Yanvar 2011 14:05
Milli.Az xəbər portalı bildirir ki, Azərbaycan mətbuatında, əbəbiyyatda, ictimai yerlərdə ingilisdilli adların (şəxs, təşkilat, KİV, şirkətlər, brendlər və s.) müxtəlif cür yazılışına rast gəlinir.
Yazılışlar müxtəlif olduğu kimi, bu barədə fikirlər də müxtəlifdir. Bəziləri hesab edirlər ki, ingilisdilli adlar dilimizdə olduğu kimi (ingiliscədə yazılışı kimi) yazılmalıdır. Qarşı tərəf isə iddia edir ki, ingilisdilli, rusdilli, ərəbdilli və s. adlar dilimizdə səsləndiyi kimi yazılmalıdır.

Azərbaycan Dil Qurumu bununla bağlı mətbuata müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, hər gün mətbuatda nöqsanlar təkrarlanır. Belə ki, xarici qurum, təşkilat, media orqanı, şəxs adı və s. yazılarkən ingilis dilinin qəlibindən istifadə edilir və bu, adın olduğu kimi saxlanılması istəyi kimi qələmə verilir. Məsələn, "The Washington times", "WikiLeaks", "The Washington post" və s.

"Adi məntiqlə özünüzə sual edə bilərsiniz: əgər əcnəbi adlar "orijinalda olduğu kimi" saxlanırsa, onda niyə "Əl-Cəzirə" ərəbcə (الجزيرة‎), "Nezavisimaya qazeta" kirilcə (Независимая газета), "Rustavi" gürcü (რუსთავი) və s. əlifbalarıyla yazılmır? Aydın görünür ki, "adı orijinalda olduğu kimi saxlamaq" yalnız ingilis dilinə şamil olunur və heç bir dil norması ilə tənzimlənmir" - deyə Dil Qurumu bildirir.

Qurum hesab edir ki, Azərbaycan dilinin qrammatikası müasirlik prinsipinə əsaslanır və canlı danışıqda necə işlədilirsə, o cür də yazılmalıdır. Yəni:

"The Washington times" - "Vaşinqton tayms";
"WikiLeaks" - "Vikiliks";
"The Washington post" - "Vaşinqton post" və s.

Azərbaycan Dil Qurumu mətbuat nümayəndələrini diqqətli olmağa və ədəbi dil normalarını qorumağa çağırır.

Milli.Az xəbər portalı mövzu ilə bağlı ictimai disskusiyanı işıqlandırmağa hazırdır. Necə hesab edirsiniz, əcnəbi sözlər əslində necə yazılmalıdır?

Milli.Az