Üç adlı bir film haqqında - FOTOSESSİYA

4 Mart 2015 00:25

Əməkdar incəsənət xadimləri Əbdül Mahmudbəyovun və Kənan Əzizin Milli.Az-a eksklüziv açıqlamaları

Vizual sənətlər arasında ən uzunömürlüsü olan kinoya tarixi hadisələr və tarixi şəxsiyyətlər haqqında çəkilmiş filmlər ayrı bir yaraşıq verir, yaxud verməlidir. Burada "ayrı" və "yaraşıq" kəlmələri yalnız estetika baxımından qavranılmamalıdır. Çünki tarixi film ərsəyə gətirmək aktının özü öz yerinə bütün mətləbləri deyir. Bu, rejissor və vətəndaş məsuliyyəti, hətta ən yaxın tarixi dövr olsa belə, tarixi gerçəkliyə "uzaqdan daha yaxşı görünür" prizmasından baxmaq bacarığı və ən əsası - illüstrativlikdən sığortalanmaq bacarığıdır.

"Azərbaycanın kino incilərindən" layihəsində budəfəki söhbətimizin qəhrəmanı Qaçaq Nəbidir. Xalq qisasçısı Nəbi haqqında çəkilmiş filmin ssenari müəllifləri S.Rüstəm və Ə.Muğanlı, quruluşçu rejissorları Ə.Mahmudbəyov və H.Turabov, quruluşçu rəssamı K.Nəcəfzadə, bəstəkarı E. Sabitoğludur. Rollarda Həsənağa Turabov (Qaçaq Nəbi), Mömünat Qurbanova (Həcər), Gümrah Rəhimov (Tunc Vəli), Rasim Balayev (Səlim bəy), Şahmar Ələkbərov (İbiş), Ənvər Həsənov (Sirac) və digər aktyorlar çəkiliblər. Tunc Vəli obrazını Kamal Xudaverdiyev səsləndirib. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bu film I kateqoriyaya layiq görülüb. 1986-cı ildə ssenari müəllifi Əhmədağa Qurbanov (Muğanlı - red.), quruluşçu rejissorlar Əbdül Mahmudov və Həsənağa Turabov, quruluşçu operator Kənan Məmmədov (Kənan Əziz - red.), quruluşçu rəssam Kamil Nəcəfzadə, bəstəkar Emin Sabitoğlu, aktyorlar Gümrah Rəhimov və Rasim Balayev Dövlət Mükafatı alıblar.
 

Filmin quruluşçu rejissorlarından biri Əbdül Mahmudovun və quruluşçu operatoru, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, Avropa Kino Akademiyasının üzvü Kənan Əzizin saytımızın əməkdaşı ilə ayrı-ayrılıqda baş tutan söhbət zamanı dilə gətirdikləri düşüncə, xatirə, müşahidə və təəssüratlarını sizə təqdim edirik.
 

İsa Muğanna Süleyman Rüstəmlə niyə əvəz olundu?
 

Ə. Mahmudbəyov:
 

- "Qaçaq Nəbi" haqqında film çəkməyi mənə kinostudiyanın o vaxtkı redaktoru Əhmədağa Muğanlı təklif etdi. Demişdi ki, Süleyman Rüstəm istəyir, "Azdrama"da tamaşaya qoyulan "Qaçaq Nəbi" poeması əsasında həm də film çəkilsin. Əsərlə tanış idim, tamaşanı görmüşdüm, yeri gəlmişkən, o tamaşada Qaçaq Nəbini Məmmədrza Şeyxzamanov oynayırdı, mövzu ürəyimcə idi.
 

Ertəsi gün səhər Əhmədağa müəllim zəng eləyib dedi ki, Cəmil müəllimlə səni gözləyirik. O vaxt evim kinostudiyanın yaxınlığında idi, qaçaraq getdim kinostudiyaya. Cəmil müəllim dedi ki, mən hazırlaşırdım ki, sənə müasir mövzuda bir film çəkməyi təklif edim, amma Əhmədağa müəllimin təklifi daha ağlabatandır. Nə isə, məlum oldu ki, Süleyman Rüstəm artıq bizi gözləyir, ona görə oradan çıxıb gəldik onun iş yerinə. Süleyman müəllim ssenarinin yazılmasını Əhmədağa müəllimə həvalə etmişdi, özünün ssenari yazmaq təcrübəsi yox idi. Amma biz təklif elədik ki, titrlərdə onun da adı həmmüəllif kimi qeyd olunsun. Xeyli söhbətdən, müzakirədən sonra Süleyman müəllimə dedim ki, mənim bircə çətinliyim var, o da Mərkəzi Komitədəki o adamdır, Adil İsgəndərovun yetirməsi olduğum üçün əngəllər törətməkdə davam edəcək. Dedi, qələt eləyəcək, o nə deməkdir, məgər Adil İsgəndərov düşməndir, istəyirsiz, bu məsələ ilə bağlı lap yuxarıya məruzə edim? Dedim, yox, işi bu boyda böyütmək istəmirik, ümid edək ki, hər şey yaxşı olacaq.
 

Mən rejissor ssenarisini bir az başqa cür yazmışdım, 14-15 yaşlarında olanda Nəbinin canavarla çarpışıb qoyunları xilas eləməsi və yüzbaşı atasını təhqir edəndə çomaqla vurub onu atdan yerə salması epizodları da olmalıydı. Qaçaq Nəbi yaşadığı mahalda Stepan adlı, ermənilərlə azərbaycanlıları bir-birinə qarşı qızışdıran əyyaş bir yüzbaşı olub, rejissor ssenarisində onun da obrazını qabartmışdım. Amma bunları ekrana gətirmək mümkün olmadı...
 

Operatorsuz qalmış film
 

K. Əziz:
 

- Mən açıq danışacam. Düzdür, o adamların çoxu dünyasını dəyişib. Amma bəzi məqamları açıqlamamaq olmur və bu, eksklüziv söhbət olacaq. Məsələ burasındadır ki, bu filmin çəkiliş qrupu formalaşanda nəzərdə tutulubmuş ki, operatoru Moskvadan dəvət etsinlər. Bildiyimə görə, İqor Boqdanov gəlməliymiş. Bundan əvvəl o, "Dəli Kür" filminin operatoru olmuşdu. İş elə gətirib ki, Boqdanov Bakıya gəlib bu film üzərində işləmək imkanında olmadığını bildirib. O vaxt isə "Azərbaycanfilm" kinostudiyası ildə 7-8 film istehsal etdiyinə görə bütün operatorlar məşğul idilər. Və çəkiliş qrupu operatorsuz qalmışdı. Kinostudiyanın o vaxtkı direktoru Cəmil Əlibəyli ilə mənim aramda isə iş zəminində bir ziddiyyət olmuşdu, bir-birimizi anlamamışdıq, ona görə aramızda gərginlik var idi. Buna qədər mən "Qızıl uçurum" və "Evin kişisi" filmlərini çəkmişdim. "Qaçaq Nəbi" filminin rejissorlarıyla rəssamı gediblər Cəmil Əlibəyovun yanına, mənim "Qaçaq Nəbi" filminə operator təyin olunmağımı xahiş ediblər. Cəmil Əlibəyov mənim namizədliyimə qəti etiraz edib. Deyib ki, bu tarixi filmdir, mürəkkəb çəkilişlər olacaq, Kənan isə hələ cavandır, bu işdə təzədir, bacarmaz. Bunları mən sonralar bilmişəm. O vaxtlar belə bir qayda var idi ki, rejissorun ilk filmi olanda həmin filmə bədii rəhbər təyin olunurdu. Bu film də Turabovun ilk rejissor işi idi. Bədii rəhbər olaraq Rasim Ocaqovu təyin etdilər. Rasim müəllim də gedib Cəmil Əlibəyovun yanına, mənə görə xahiş edib. Uzun söhbətlərdən sonra Cəmil Əlibəyov razılaşıb. Amma Rasim müəllimə deyib ki, birinci kadrlara baxacam, pis çəkilsə, özün çəkəcəksən. Rasim müəllim də onun şərtini qəbul edib. Özü də bu danışıqları aparmaq üçün Həsənağa Turabov da, Əbdül Mahmudov da, Kamil Nəcəfzadə də, Rasim Ocaqov da Cəmil Əlibəyovun bağına gedibmişlər, çünki yay olduğuna görə o, bağa köçmüşdü. Bir gün mən kinostudiyaya gələndə bildirdilər ki, filmə baş operator təyin olunmuşam. Və dərhal qızğın iş başlandı. Əvvəl belə bir fikir var idi ki, "Qaçaq Nəbi" filmi Nəbinin öz yurdunda, Qubadlıda çəkilsin. Amma Qubadlı Bakıdan çox uzaq olduğuna görə kinostudiya ilə əlaqə çətinliyinin baş verəcəyi ehtimalından bu məsələ alınmadı. Buna görə çəkilişlər üçün məkan seçimi Şamaxının üzərində dayandı. Şamaxının ətrafında, dağlıq ərazilərdə gözəl yerlər seçdik. Təxminən 40 nəfərlik ekspedisiya Şamaxıya yola düşdü. Ay yarım orada çəkilişlər apardıq. Səhv eləmirəmsə, elə ilk çəkilişlər natura çəkilişləri oldu. Sonuncu çəkdiyimiz epizod isə Məmmədrza Şeyxzamanovun personajının meşədə Nəbi ilə görüşüb onu toya dəvət etməsi epizodu idi. Bu epizodun xronometrajı böyük idi, 90 metrlik, yəni təxminən üç dəqiqəlik epizod idi. Filmin direktoru Davud Zöhrabov mənə dedi ki, yaxşı olardı ki, sən bu epizodu bir günə çəkib qurtarasan, çünki sinoptiklərin dediklərinə görə, hava kəskin dəyişəcək. Həmin gün isə hava çox yaxşı idi. Direktora dedim ki, söz verə bilmərəm, amma çalışacam. Belə böyük epizodu bir günə çəkib başa çatdırmaq o dövrün texniki imkanları şəraitində doğrudan da müşkül məsələ idi. Adətən bu miqyasda olan epizodlar 2-3 günə çəkilirdi. Səhər çəkiliş yerinə gedib, vaxt itirmədən işə başladıq və elə həmin gün o epizodu çəkib-bitirdik. Ertəsi gün doğrudan da yağışlar başladı. Və biz ezamiyyəti bitirib Bakıya qayıtdıq. Bəzi döyüş səhnələri Qobustanda, dekor çəkilişləri burada, kinostudiyada, interyer çəkilişləri isə İncəsənət Muzeyində aparıldı.
 

Baş rolun ifaçısı və ikinci quruluşçu rejissor
 

Ə. Mahmudbəyov:
 

- Məsləhət oldu ki, Nəbini tanınmış aktyor oynasa, yaxşıdır. O vaxt tanınmamış aktyoru kinoda baş rola çəkmək çox müşkül məsələ, nadir hallarda baş verən hadisə idi. Ona görə seçim Turabovun üzərində dayandı. Həm də Həsənağa Mərkəzi Komitədəki o adamı yaxşı tanıyırdı, hətta qohumluqları da çatırdı. İkinci quruluşçu rejissor kimi iştirak etməyi də təbii idi. Ən azı, ona görə ki, həmin illərdə sovet kinosunda belə tendensiya meydana gəlmişdi - bütün tanınmış kino aktyorları özlərini rejissor kimi də sınayırdılar - Batalov, Ulyanov, Bıkov, Matveyev... Və Turabovun da sənətkarlığı onların heç birindən əskik deyildi.
 

K. Əziz:
 

- Sizə deyim ki, Həsənağa Turabov bu rola yeganə namizəd deyildi. Məsələn, Həcər rolunda Ənvər Həsənovun həyat yoldaşı, mərhum Mömünat Qurbanovanın çəkiləcəyi müzakirədən kənar idi. Səlim bəy rolunun ifaçısı Rasim Balayev də bu rola yeganə namizəd idi. Nəbi roluna isə yadımda qaldığına görə, haradasa daha beş aktyor sınağa dəvət olunmuşdu. Yadımda qalanlar Fəxrəddin Manafov, Mikayıl Mirzədir. Turabov özü sınaq çəkilişlərində iştirak etməmişdi, hətta onun namizədliyi heç müzakirə də olunmurdu. Bildiyimə görə, "Qoskino"nun Azərbaycan bölməsinin rəhbəri Azad Şərifovun iştirakı ilə filmin yaradıcı heyət üzvlərinin müzakirələrində Turabova da sınaq çəkilişlərində iştirak etməyi təklif olunmuşdu. Sınaq çəkilişlərində iştirak edən bütün aktyorlar eyni epizodu oynamalı idilər. Səhv eləmirəmsə, 1-2 sınaq epizodu çəkildi. Biri dəqiq yadımdadır ki, Nəbinin həbsxanada olduğu epizod idi.
 

Əbdül Həsənağa ilə yaxın dost idi. Bu isə o deməkdi ki, hər cəhətdən bir-birini yaxşı anlayırdılar. Düzdür, bəzən hansısa epizoda hərəsinin öz yanaşması olurdu, məhz hansı epizodun olması yadımda deyil, bu, daha çox natura çəkilişlərində baş verirdi, amma üçümüz birlikdə ortaq məxrəcə gəlirdik. Heç bir kəskin fikir ayrılığı baş verməyib.
 

Qaçaq Nəbi və Qara Nəbi
 

Ə. Mahmudbəyov:
 

- "Qaçaq" sözü Nəbinin həyat yolunu o qədər də dəqiq ifadə eləmir, bəzi yanlış təsəvvürlər yaradır. Rus dilində belə şəxsiyyətləri "народный мститель" adlandırırlar. Bu, çox dəqiq ifadədir. Ermənilər bu filmin çəkilişlərindən xəbər tutan kimi Moskvaya məktub yazıb gileylənmişdilər ki, Azərbaycan kinematoqrafçıları vaxtilə dinc erməni əhalisinə qənim kəsilən Nəbi haqqında film çəkirlər, buna yol vermək olmaz. İşi belə görəndə bizim ən görkəmli ədiblər - Mirzə İbrahimov, Bayram Bayramov, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, İlyas Əfəndiyev, Rəsul Rza və başqaları Moskvaya məktub yazıb bu filmin çəkilişlərinə icazə verilməyəcəyi təqdirdə SSRİ vətəndaşlığından, sovet hökumətinin onları təltif etdiyi bütün mükafat və fəxri adlarından imtina edəcəklərini, Qaçaq Nəbini onunla eyni dövrdə Arazın o tayında yaşamış quldurluqla məşğul olan Qara Nəbi ilə eyniləşdirməyin yolverilməz olduğunu bəyan etdilər. Bundan sonra həngamə qopdu. "Qoskino"nun baş redaktoru Medvedev bütünlüklə ermənilərin tərəfində idi. Oranın Qafqaz studiyaları üzrə kuratoru ilə yaxın tanışlığım var idi. O mənə dedi ki, aramızda qalsın, amma bil ki, o Medvedev milliyyətcə ermənidir, SSRİ-nin bütün türkdilli respublikalarının kino istehsalına belə əngəlləri ya özü törədir, ya da törədənlərə dayaq olur. Mən də bunu Bakıya xəbər verdim ki, işin nə yerdə olduğunu anlasınlar. Nə isə, "Qoskino"da böyük bir müzakirə oldu. Oranın sədri çox müdrik adam idi. Filmin nümayişindən sonra dedi ki, bu filmdə millətlərarası münaqişəyə səbəb olacaq heç bir epizod, məqam yoxdur. Yalnız Stepan yüzbaşının obrazı və Qaçaq Nəbinin xəyanət nəticəsində qətlə yetirilməsinin səbəbkarı kimi Səlim bəy deyil, tarixi gerçəkliyə uyğun olaraq məhz erməni obrazı verilmişdi. "Qoskino"nun sədri mənə tövsiyə etdi ki, film ekranlara "Qaçaq Nəbi" adı ilə deyil, başqa bir adla çıxsın və filmin məğzinə zərər yetirməmək şərtilə erməni personajlar ümumiyyətlə ixtisar edilsinlər. Bununla da müzakirələr, mübahisələr tamamlandı və son nəticədə film ekranlara "Atları yəhərləyin" adı altında çıxdı.
 

K.Əziz:
 

- Bu söhbət aktualdı. Filmin adının dəyişilməsini yaxşı xatırlayıram. Deməli, biz Şamaxıda çəkilişlər aparanda Moskvada yaşayan Fərhad Ağamalıyev adlı bir jurnalist fotoqrafla birlikdə "Советский экран" jurnalı üçün fotoreportaj hazırlamağa gəlmişdi. Bir neçə çəkilişdə iştirak edib geniş reportaj hazırladı. Amma çəkilişləri hələ davam edən film haqqında olan bu reportaj necə oldusa, film artıq çəkilib qurtarandan sonra dərc olundu. Əlbəttə, işimizin mərkəzi mətbuatın ən oxunaqlı nəşrində işıqlandırılması bizim üçün böyük şərəf idi. Amma məqalənin məzmunu ilə dərc olunma vaxtının uyğunsuzluğu əngəllər törətdi. O məqaləni oxuyan Suren Ayvazyan adlı bir erməni tarixçi Moskvaya, Mərkəzi Komitənin katiblərindən biri olan Zimyaninə məktub yazdı ki, "tarixdə zorakılıq, soyğunçuluq hərəkətləri ilə tanınan, erməni xalqının qənimi olan Qaçaq Nəbi haqqında "Azərbaycanfilm" kinostudiyası film çəkir, onu tərənnüm edir, biz buna qəti etiraz edirik". Halbuki film artıq çəkilib qurtarıb. Bu məktubun əsasında Moskvadan "Azərbaycanfilm"ə xəbər gəlir ki, bu məsələni yoluna qoymaq lazımdır. Mən bütün bunlardan sonra xəbər tutdum. Həmin vaxt isə "Lenfilm" kinostudiyasında idim. Çünki "Qaçaq Nəbi" filminin lenti o kinostudiyada aşkarlanıb. Və mən də artıq orijinal neqativdən kinolentin surət nüsxələrini çap etdirirdim. Kinoteatrlarda nümayiş etdirilən nüsxələr dubl neqativlər olurdu. Orijinal neqativ isə dövlət əmlakı hesab edilirdi. On görə də neqativdən surət nüsxənin neqativi çap olunurdu. Bir gün mehmanxanada öz nömrəmdə olanda Bakıdan Turabov zəng edib dedi ki, "ermənilərin təzyiqi ilə filmin adını dəyişmək məcburiyyətindəyik, Moskvadan tapşırıblar ki, "Nəbi" adı filmin adından silinsin, kim olur-olsun, amma Nəbi olmasın, onlara izah olundu ki, Qaçaq Nəbi tarixi şəxsiyyətdir, onun adını başqa adla əvəz edə bilmərik, ona görə filmin adını "Qanlı zəmi" yazdır". Bunu eşidəndə dəhşətə gəldim, çünki artıq 2-3 nüsxə çap olunmuşdu. Filmin adının dəyişdirilməsi texniki baxımdan çox çətin bir iş idi. Nə isə, iki konyak alıb getdim "Lenfilm"in quraşdırma sexinə, müəyyən bir texnoloji proses sayəsində filmin adı "Qanlı zəmi" yazıldı. Bu adla da daha 1-2 surət nüsxələri çap olundu. Bir neçə gün keçdi, bu dəfə gecə vaxtı Bakıdan mehmanxanaya yenə zəng oldu. Bu dəfə danışan Əbdül özü idi. Dedi ki, "filmin adını yenə dəyişməli olduq, çünki Moskvadan deyiblər ki, "Qanlı zəmi" adında "qan" sözü olduğuna görə erməniləri qıcıqlandıra bilər, ona görə filmin adını "Atları yəhərləyin" yazdır". Həmin proses təkrarlandı. Nüsxələr çap olunandan sonra filmin adının dəyişdirilməsi bir günün işi deyil, ona görə bir xeyli "Lenfilm"də yubanmalı oldum.
 

Bizim filmdə ermənilərə qarşı əhvalın olmamasını sübuta yetirmək üçün ən görkəmli tarixçilərimizin iştirakı ilə kinostudiyamızın direktor zalında baxış keçirilmişdi. Mən də orada iştirak edirdim. Və bundan sonra Anar Moskvaya çox tutarlı məktub yollamışdı. Məktubda vurğulamışdı ki, Süleyman Rüstəmin "Qaçaq Nəbi" pyesi erməni tərcüməçisi tərəfindən erməni dilinə tərcümə olunub, uzun müddət bu pyes əsasında qoyulmuş tamaşa Ermənistan teatrlarının repertuarından düşməyib, indi necə olur ki, həmin pyes əsasında çəkilmiş filmin ətrafında bu boyda həngamə qopub?
 

Çəkiliş məqamları: dağdakı təbii taxt, Şahmar Ələkbərovun nasazlığı, Turabovun at fobiyasının səbəbi və s.
 

K.Əziz:
 

- O məkanı, yəni Qəleybuğurd kəndini Nəbinin düşərgələrindən biri kimi seçmişdik. Səhv eləmirəmsə, həmin yer ilk və hələlik sonuncu dəfə elə bizim filmdə lentə alınıb. Çox mənzərəli, çox da maraqlı tarixi olan yerdi. Orada kəndin üstündə bir qala var, daha doğrusu, qalanın qalıqları, həmin qalanı vaxtilə Şah İsmayıl alıbmış. Orada zoğal meşəsi də var. Kəndə gedən yol o zoğal meşəliyindən keçir. Biz çəkiliş aparan vaxt zoğalın dəydiyi vaxt idi. Hər tərəf qıpqırmızı idi. Cənnətməkan bir yer idi. Çox orijinal bir kənddi. O çay da kəndin içindən keçən balaca çaydı.
 

Azərbaycanın hər yerində olduğu kimi, Şamaxıda da maraqlı yerlər çoxdur. Şamaxıya çathaçatda Göylər kəndindən yuxarıda, dağın başına çatanda gördük ki, zaman-zaman dağın elə özündən taxt forması əmələ gəlib. Nəbinin camaatın dərd-səri ilə maraqlandığı epizodu çəkmək üçün bundan yaxşı yer ola bilməzdi. Bildiyiniz kimi, həmin epizodda İbiş rolunun ifaçısı Şahmar Ələkbərov da çəkilib. Çəkiliş üçün artıq hər şey hazır idi, Həsənağa, Şahmar, bir də mən həmin yerə çatanda Şahmarın ürəyi getdi. Çox hündür yer idi, təzyiqin yüksəkliyinə ürəyi tab gətirməmişdi. Həsənağa ilə mən dərhal kəndə düşüb tibb məntəqəsindən həkim gətirdik. Biz həkimlə qayıdana qədər Şahmar artıq özünə gəlmişdi. Həkim onu müayinə edib dedi ki, vəziyyəti təhlükəlidir, işinə fasilə versə, yaxşıdır. Biz istədik, çəkilişi təxirə salaq və başqa yer seçək. Amma Şahmar razılaşmadı. Dedi ki, bu qədər adam çəkiliş üçün yığışıb, texnika bura daşınıb, istəmirəm ki, mənə görə iş dayansın. Və səhhətindəki nasazlığa baxmayaraq, o gün nəzərdə tutulmuş bütün çəkilişlərdə axıracan iştirak etdi, çəkilişin yerinin, ya da vaxtının dəyişilməsinə razı olmadı.

Bu filmdə iştirak edən kaskadyorlar məşhur "Dartanyan və üç muşketyor" filmində iştirak edən "Lenfilm"in kaskadyorları idi. Onlarla çox gözəl münasibətlərimiz yarandı və sonralar da davam etdi.
 

Kaskadyorlardan söz düşmüşkən, at çapmaqda ən böyük çətinlik Həsənağa Turabovla bağlı idi. Halbuki o, yaxşı at çapan aktyorlardan biri idi və bundan əvvəl çəkildiyi filmlərdə bu bacarığını sübut eləmişdi. Amma sonralar onda ata qarşı fobiya yaranmışdı. Bu da səbəbsiz deyildi. Məsələ burasındadır ki, "Qorxma, mən səninləyəm!.." filminə çəkiləndə, yeri gəlmişkən, mən onun o rolunu çox bəyənirəm və dünya səviyyəli işlərindən biri hesab edirəm, Qaxda aparılan hansısa epizodun çəkilişindən sonra Həsənağa çayda əl-üzünü yuyurmuş, bir az aralıda dayanmış atlardan biri ona tərəf gəlib. Atın hərəkətində aqressivlik olub-olmadığı məlum deyil, amma Həsənağa qalxıb o yerdən uzaqlaşmaq istəyəndə ayağı çay daşlarına ilişib yıxılıb, başı zədələnibmiş. O hadisədən sonra atlardan çəkinirdi. Amma buna baxmayaraq, bizim filmdə bir-iki epizodda özü at çapır. Sizə daha bir eksklüziv açıqlama verim - "Qaçaq Nəbi"də çəkilən atların əksəriyyəti cıdırdan götürülmüş atlar idi. Onların təlimçisi Sabir adlı idman ustası idi, rəhmətə gedib. O vaxt artıq bir az yaşa dolmuşdu. Demək olar ki, eynilə Həsənağa Turabov görkəmində bir adam idi. Ona bığ yapışdıranda Həsənağa baxıb dedi ki, bu, mənəm ki!.. Beləliklə, Sabir bizim filmdə kaskadyor ampluasında iştirak etdi - atçapma epizodlarının əksəriyyətində Turabovun yerinə o çəkildi və bu da kinonun qanunlarından biridir.
 

Dövlət mükafatı ilə tamamlanan etirazlar
 

K.Əziz:
 

- Dövlət mükafatı üzrə komitənin sədri Mirzə İbrahimov idi. Mirzə İbrahimov gözəl ədib olmaqdan əlavə, böyük şəxsiyyət, milli ruhu güclü olan, müdrik bir insan idi. Həmin komitənin adlarını çəkmək istəmədiyim bəzi üzvləri bu filmin Dövlət mükafatına təqdim olunmasına etiraz etmişdilər. Mirzə İbrahimov isə demişdi ki, biz bu filmə Dövlət mükafatı verməsək, ermənilər bizə rişxənd edəcəklər ki, bunlar heç özləri bu filmə dəyər vermirlər. Beləliklə, film ekranlara çıxandan 4 il sonra Dövlət mükafatı aldı.

Samirə Behbudqızı
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.